Beynəlxalq ictimaiyyət Xocalı soyqırımını tanımalıdır

 

 Bu fikir İsraildə keçirilmiş anma mərasimində səsləndirilmişdir

 

Xocalı faciəsinin 20-ci ildönümü dünyanın hər yerində olduğu kimi, İsraildə də qeyd edilmişdir. AzərTAc xəbər verir ki, fevralın 27-də "Azərbaycan-İsrail" Beynəlxalq Assosiasiyası (Azİz) və Netanya Akademik Kollecinin Strateji Dialoq üzrə S.Daniel Abraham Mərkəzi "İsrail-Azərbaycan Strateji İttifaqı: Xocalı soyqırımını anma" mövzusunda konfrans keçirmişlər. Tədbirin keçirildiyi binanın foyesində AzərTAc-ın dəstəyi və təşkilatçılığı ilə Xocalı faciəsindən bəhs edən fotosərgi açılmışdı.

Sərgidə Heydər Əliyev Fondunun, Azərbaycan Prezidenti Administrasiyasının və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) birgə layihəsi əsasında nəşr edilən, eləcə də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı kitablar, bröşürlər, audio-video materiallar da nümayiş etdirilmişdir. Tədbir iştirakçıları faciəni əks etdirən fotoşəkillərə ürəkağrısı ilə baxmış, ermənilərin günahsız insanlara qarşı törətdikləri vəhşiliklərdən heyrətə gəlmişlər.

İsrail parlamentinin, dövlət və hökumət rəsmilərinin, Təl-Əvivdəki Türkiyə, Qazaxıstan və Özbəkistan səfirliklərinin, Şimali Kipr Türk İcması nümayəndələrinin iştirak etdikləri tədbirdə İsrail Knessetinin keçmiş deputatı, müdafiə nazirinin sabiq müaviniNetanya Universiteti yanında Strateji Dialoq Mərkəzinin sədri Yefraim Sne demişdir ki, Azərbaycan bütün sahələrdəki inkişafı ilə müsəlman dünyasının aparıcı qüvvəsi və öndə gedən örnək ölkədir. Çıxışında Xocalı soyqırımına geniş yer verən Y.Sne demişdir ki, bu, Azərbaycan xalqına qarşı əsl cinayətdir və  təəssüf ki, dünya ictimaiyyəti hələ də bu faciəyə lazımi qiymət verməyib. Bir sual məni çox düşündürür: Nəyə görə BMT Təhlükəsizlik Şurasının üzvləri və dünya birliyi BMT-nin üzvü olan Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağı tələb etmirlər? Nəyə görə dünya Ermənistandan Azərbaycana qarşı hərbi təcavüzü dayandırmasını, silahlı qüvvələrini işğal olunmuş torpaqlardan çıxarmasını tələb etmir?

Xocalı soyqırımını kəskin şəkildə pisləyən natiq demişdir ki, beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə dair qərar və qətnamələri yerinə yetirilməli, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan verilməlidir.

Natanya Akademik Kollecinin rektoru Çvi Arat İsrail-Azərbaycan əlaqələrinin inkişafının əhəmiyyətindən danışmışdır. Xocalı faciəsindən danışan rektor demişdir: "Xocalı qətliamı günahsız dinc azərbaycanlıların - uşaqların, qadınların və qocaların qəddarlıqla qətlə yetirildiyi çox dəhşətli faciədir".

Maalot Şəhər Bələdiyyəsi sədrinin birinci müavini Arkadi Pomeraniç isə bildirmişdir ki, bu faciədən 20 il keçməsinə baxmayaraq, azərbaycanlılar, eləcə də əslən Azərbaycandan olan yəhudilər Xocalı qətliamının adı gələndə ürəkağrısı keçirir, bu acını unuda bilmirlər. Bizim fikrimizcə, bu, tək hərbi cinayət yox, həm də erməni millətçiləri tərəfindən xüsusi qəddarlıqla həyata keçirilən etnik təmizləmə idi.

Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva İsraildəki Azərbaycan diasporunun bu mərasimin təşkili və keçirilməsindəki rolunu yüksək qiymətləndirmişdir. Deputat demişdir ki, Xocalıda ermənilər tərəfindən soyqırımı, insanlıq əleyhinə cinayət törədilmiş, dinc əhali məhz azərbaycanlı olduğu üçün amansızlıqla qətlə yetirilmişdir. Ermənilərin vəhşiliyini bütün dünya bilməlidir və bu soyqırımını törədən cinayətkarlar bu gün Ermənistanda ən yüksək vəzifələri tuturlar. Bu cinayətkarlar törətdikləri soyqırımına görə ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Holokostu yaşamış yəhudi xalqı Xocalı soyqırımını hamıdan yaxşı anlaya bilər. Azərbaycanlılara qarşı həyata keçirilmiş bu soyqırımı həm də insanlıq əleyhinə törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Dünya ictimaiyyəti bu faciəni soyqırımı kimi tanımalıdır. Bütün dünya ictimaiyyəti Xocalı soyqırımının tanınmasında və onu törədənlərin öz layiqli cəzasının alması istiqamətində Azərbaycana dəstək göstərməlidir. Bu soyqırımını törədənlər öz layiqli cəzalarını almalıdırlar ki, gələcəkdə bu cür cinayətlər bir daha təkrarlanmasın.

Q.Paşayeva vurğulamışdır ki, azərbaycanlılara qarşı soyqırımı bu gün də davam edir. Xocalı sakinləri 20 ildir ki, Ermənistan tərəfindən tamamilə dağıdılmış və bu gün də işğal altında saxlanılan evlərinə dönə bilmirlər. O, Ermənistanın beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymayaraq işğalçılıq siyasətini bu gün də davam etdirməsi və törətdiyi vandalizm aktları barədə ətraflı məlumat vermişdir.

Beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut Xocalı faciəsinin tarixi barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, işğalçılar Xocalını yerlə-yeksan etmiş, şəhərin dinc sakinlərinə görünməmiş amansızlıqla divan tutmuşlar. Onlarqocalara, nə qadınlara, nə də uşaqlara aman vermişlər. Bu məsələdə Ermənistanın günahkar olduğunu tək Azərbaycanın hüquq- mühafizə orqanlarının əlində olan tutarlı faktlar deyil, həm də çoxsaylı müstəqil mənbələr, faciə şahidlərinin ifadələri və Xocalının işğalında iştirak etmiş erməni hərbçilərinin özlərinin söylədikləri də təsdiqləyir. Bu isə bir daha sübut edir ki, Xocalının dinc sakinlərinin öldürülməsi məhz onların azərbaycanlı olması ilə bağlı idi. Xocalı şəhəri Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın apardığı etnik təmizləmə siyasətinin bir mərhələsi idi. Günahsız uşaqlara, qadın və qocalara qarşı bu barbar qəddarlığın heç bir izahı yoxdur. Bu dəhşətli faciə heç vaxt unudulmamalıdır. O demişdir: "Biz bütün bunları yadda saxlamağa, erməni faşistlərinin insanlığa qarşı nifrətlərinin ən yüksək nöqtəyə çatdığı bugünün xatirəsini nəsildən-nəslə ötürməyə borcluyuq".

Ekspert Ermənistanın Xocalıda törətdiyi soyqırımının Holokostu yaşamış yəhudilərin hər kəsdən daha yaxşı anladığını xüsusi vurğulamış, Ermənistanın monoetnik dövlət yaratmaq üçün apardığı etnik təmizləmə siyasətini kəskin tənqid etmişdir: "Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Ermənistanda cəmi 150 yəhudi qaldığı halda, Azərbaycanda 30 min yəhudi yaşayır. Ermənistanda Holokost abidəsinə hörmətsizlik göstərildiyi halda, Azərbaycanda yeni sinaqoqlar açılır, mədəniyyət mərkəzləri istifadəyə verilir".

Sonra Hayfa Universitetinin professoru Avinoam İdan, Yerusəlim Universitetinin  professoru Eldad Pardo, Təl-Əviv Universitetinin professoru Hen Bran, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı mütəxəssisi Kamal Əliyev, Stimeqi Beynəlxalq Xeyriyyə Fondunun İsraildəki nümayəndəsi Robert Abramov və başqaları çıxış edərək Azərbaycanda bütün millətlərin və dinlərin nümayəndələrinin yüksək tolerantlıq şəraitində yaşamalarından, Azərbaycanın bu istiqamətdə dünyada örnək ölkələrdən biri olduğundan ətraflı bəhs etmişlər. Xocalı soyqırımına xüsusi diqqət yetirən natiqlər bildirmişlər ki, sivil dünyanın gözü qarşısında Ermənistan tərəfindən törədilən bu soyqırımı hər yerdə kəskin pislənilməli, Azərbaycanın işğal altında olan əraziləri azad edilməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan yaradılmalıdır. Beynəlxalq ictimaiyyət Azərbaycana bu istiqamətdə dəstəyini daha da artırmalıdır.     

Sonra İsraildəki Azərbaycan Mədəni Mərkəzinin direktoru Yeganə Salman çıxış etmiş, tədbirin keçirilməsinə göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna, Diasporla İş üzrə Dövlət Komitəsinə, AzərTAc-a, Stimeqi Beynəlxalq Xeyriyyə Fonduna təşəkkürünü bildirmişdir.

Sonda Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Tədbir İsrail mətbuatında geniş işıqlandırılmışdır.

 

 

 Xətayi ƏZİZOV

 

Azərbaycan.- 2012.- 1 mart.- S. 5.