Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar təşkil olunmuş rəsm sərgisinin açılışı olmuşdur

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) "Şərəf" zalında Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Funda İyce Tuncelin əsərlərindən ibarət "Qarabağ - Xocalı" mövzusunda rəsm sərgisinin açılışı olmuşdur.

Sərginin açılış mərasimində çıxış edən TBMM-in sədri Cəmil Çiçək bildirmişdir ki, parlamentin bu gün keçirilmiş iclasında millət vəkilləri Xocalı qətliamını bütün dünyaya çatdırmaq üçün müzakirələr aparmışlar. Bu qətliam hər birimizin acısıdır. Türkiyə və Azərbaycanda yaşayan insanlar eyni kökdən gələn bir millətin fərdləridir. Bu səbəbdən bizim sevincimiz də, acımız da birdir.

C.Çiçək vurğulamışdır ki, başqalarının acılarına diqqət yetirərək, öz dərdlərini unudanlar millət olmaq xüsusiyyətini itirməyə məhkumdurlar. Mən bunu özəlliklə vurğulayır və hər zaman üzərində durulması məsələ hesab edirəm. Əlbəttə, bütün bəşəriyyətin acısı bizim acımızdır. Lakin öz dərdlərimizi gözardı etdiyimiz təqdirdə gələcəkdən də çox şey gözləmək imkanımız yoxdur. Bunun səbəbi kin və intiqam üçün deyildir. Birlik və bərabərliyimizi gücləndirmək, gələcəyə olan ümidlərimizi təzələmək üçündür. Çünki keçmişdən dərs almasaq, gələcəyi sağlam qurmaq imkanımız yoxdur.  

TBMM-in sədri Cəmil Çiçək, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Türkiyə və Azərbaycanın millət vəkilləri Xocalı faciəsini əks etdirən rəsm əsərlərinə baxmışlar.

 

 

Azərbaycan.- 2012.- 1 mart.- S. 6.