Türkiyə Böyük Millət Məclisinin plenar iclasında Xocalı soyqırımı müzakirə olunmuşdur

 

 Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Məhmət Sağlamın sədrliyi ilə fevralın 28-də keçirilmiş plenar iclasda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı müzakirələr olmuşdur. İclasda Türkiyə Baş nazirinin müavini Bülənt Arınç, nazirlər iştirak etmişlər.

M.Sağlam plenar iclasda iştirak edən Azərbaycan Milli Məclisinin deputatlarını salamlamışdır.

Plenar iclasda çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Sinan Oğan demişdir ki, 10 günə yaxındır Xocalı qətliamı ilə bağlı Türkiyənin bütün şəhərlərində milyonlarla insan öz həmrəyliyini bildirmiş, bu soyqırımının günahkarlarının cəzalandırılmasını tələb etmişlər. Türkiyə parlamentinin Xarici əlaqələr komissiyası da Xocalı qətliamı ilə bağlı bəyanat vermişdir. Lakin MeksikaPakistan parlamentləri kimi, TBMM də Xocalını soyqırımı kimi tanımalıdır. Əgər biz bu qətliamı soyqırımı olaraq tanımasaq, küçə və meydanlara ermənilərin viran qoyduqları və qətliam törətdikləri yerlərin adını qoymasaq, o zaman türk xalqına qarşı törədilmiş bu vandalizm aktları unudulacaqdır.

Ədalət və İnkişaf Partiyası (AKP) adından çıxış edən elm, sənaye və texnologiya naziri Nihat Ergün demişdir ki, müharibənin də bir hüququ vardır. Əcdadımız müharibədə qadın, uşaqaman diləyənlərə toxunmamışdır. Onlar fəth etdikləri torpaqlarda bu səbəbdən sevgi ilə qarşılanmışlar. Lakin bəşər tarixində bunun əksi də mövcuddur. Anadoluda yaşayan ermənilər də təhrik olunmuş, hələ keçən əsrdə türklərə qarşı qətliamlar törətmişlər. İyirmi il bundan əvvəl Xocalıda baş verən qətliam da bəşər tarixində bir bəşəri cinayət və qara ləkə kimi qalmışdır. Bir ordu qarşısında silahlı güc olmadığı halda dinc insanlara odlu silahla atəş açmış, onları vəhşicəsinə qətlə yetirmişdir. Xocalıda törədilmiş qətliam təkcə qardaş Azərbaycana deyil, bəşəriyyətə qarşı cinayətdir. Bəşəriyyət bu qanlı hadisədən dərs çıxarmalı, nifrətdən bəslənən zehniyyətin necə ağır fəsadlar törədəcəyini anlamalıdır.

N.Ergün vurğulamışdır ki, dünya ictimaiyyətinin bu qətliama və işğala qarşı münasibəti də düşündürücü olmaqla yanaşı, gələcəkdə bu cinayətlərin təkrarlanmasına rəvac verməkdədir. Xocalı qətliamı kimi cinayətlərin cəzasız qalmasından güc alanlar daha ağır cinayətlər törədə bilərlər. Türkiyə bu məsələdə Azərbaycana olan dəstəyi davam etdirəcəkdir. İstanbulda qeyri-hökumət təşkilatlarının təşkil etdiyi yürüş, parlamentin Xarici əlaqələr komissiyasının qərarı bunun bariz nümunəsidir. Biz Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləmişik və buna davam edəcəyik.

Cümhuriyyət Xalq Partiyasının üzvü Əli Özgündüz çıxışına Xocalı faciəsinə dair şeir ilə başlayaraq, bu qətliamın beynəlxalq hüquqa görə bir soyqırımı olduğunu demişdir. Xocalı qətliamı BMT-nin Konvensiyasına görə, bir soyqırımıdır. Biz Xocalını unutmadıq və unutdurmayacağıq. İnşallah, Azərbaycan torpaqları azad olunduqdan sonra biz Qarabağda da bu faciənin qurbanlarının xatirəsini yad edəcəyik.

Milliyətçi Hərəkat Partiyası (MHP) adından çıxış edən deputat  Atilla Kaya isə demişdir ki, Xocalı XX əsrin ən dəhşətli qətliamlarından biridir. Bu qətliamın səbəbi isə Ermənistan dövlətinin, ermənilərin kin və nifrət siyasətidir. Hələ SSRİ-nin dağılmasından öncə Ermənistan parlamenti bir iclasında 250 min Azərbaycan türkünün öz torpaqlarını tərk etməsi üçün qərar qəbul etmişdi. Beləliklə, bu insanlar doğma yurd-yuvasından didərgin salınmışlar. Bütün bu proseslər Ermənistan hökumətinin kin siyasətinin nəticəsidir. Ermənistan həm də "böyük Ermənistan" yaratmaq xəyalları ilə Türkiyə və Gürcüstandan da torpaq tələb edir. Qonşularına qarşı bu qədər düşmən olan bir ölkə ilə Sürixdə protokolların imzalanması da səhv addım idi. Xocalı qətliamı haqqında Sarkisyan və Köçəryanın ifadələri vardır. Sarkisyan bu vəhşilikləri öz dili ilə, həm də iftixarla anlatmışdır.

A.Kaya MHP-nin  erməni məsələsi ilə bağlı təkliflərini səsləndirmişdir. Bunlar Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu təcili surətdə azad etməsi, qaçqınların öz torpaqlarına qayıtması, ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti nəzərə alınaraq, bölgə ölkələrinin Azərbaycan ərazisinin 20 faizinin azad olunması üçün hərəkətə keçməsidir. İnşallah, Xocalı da, Dağlıq Qarabağın bütün ərazisi də Azərbaycanın bir parçası kimi qalacaqdır. Bizim milləti "soyqırımı"da ittiham edənlər Xocalıya baxmalı, əsl soyqırımının qiymətini verməlidirlər.

AKP-ni təmsil edən Seyit Sertçelik çıxışında bildirmişdir ki, 20 il əvvəl erməni ordusu dinc insanları vəhşicəsinə qətlə yetirmişdir. Bu, məlum rəqəmlərdir, lakin əslində, qətliamın dəhşəti daha çoxdur. Hələ də itkin düşmüş insanların aqibəti bəlli deyildir. "The Times"ın müxbiri Xocalı qətliamı haqqında yazırdı ki, bəzi meyitlər parçalanaraq ətrafa səpələnmişdir. Kiçik qızın meyiti isə dəlik-deşik edilmişdir. Ermənilərin törətdikləri bu qətliamların 150 illik tarixi vardır. Erməni quldur dəstələri Şərqi Anadoluda da dəhşətli qətliamlar törətmişdilər. Xocalı qətliamını ermənilər Qarabağ müharibəsi zamanı baş vermiş hadisə kimi təqdim etsələr də, bu, əsl soyqırımı və ağır cinayətdir. Müharibədə dinc insanlar və əsirlərə münasibətə dair Cenevrə sənədləri və protokollarına görə də, Xocalı bir soyqırımıdır. Sarkisyanın ingilis jurnalistinə etirafı da qətliamın bir sübutudur. Təəssüf ki, Qərb ölkələri bu soyqırımına etinasız yanaşmışlar. Dünya ictimaiyyəti bu soyqırımından lazımi dərs çıxarmalıdır.

Deputat Yusuf Halaçoğlu demişdir ki, mitinqlərdə "Hamımız erməniyik" deyənlər varsa, "Hamımız türkük" deyənlər də olmalıdır.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar parlamenti Xocalı qətliamının soyqırımı kimi tanınmasına dair qanun layihəsini gündəliyə salmağa çağırmışdır. 

 

 

 Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 1 mart.- S. 6.