Xocalı soyqırımının 20-ci ildönümü Brüsseldə geniş qeyd edilmişdir

 

Azərbaycanın Belçika Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Xocalı soyqırımının 20-ci ildönümü, soyqırımının Avropa və Belçika ictimaiyyətinə tanıdılması məqsədi ilə fevralın 28-də səfirlik Dağlıq Qarabağın azərbaycanlı icması ilə birgə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində "dəyirmi masa" təşkil etmişdir.

"Dəyirmi masa"nı açan səfir Emin Eyyubov "Xocalıya ədalət!" kampaniyasının gedişi, bü günə qədər görülmüş işlər və kampaniyanın uğurları barədə məlumat vermiş, Xocalı soyqırımının Avropa və Belçika parlamentlərində tanınması və müvafiq qətnamələrin qəbulu üçün tədbirlər görüldüyünü qeyd etmişdir.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan İcması" İctimai Birliyi idarə heyətinin üzvləri - Milli Məclisin deputatı Rövşən Rzayev və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli tədbir iştirakçılarına soyqırımı haqqında geniş məlumat vermişlər. Xocalı soyqırımının şahidi Anar Usubov isə faciə haqqında danışmış və soyqırımı günahkarlarının cəzalandırılmasına, insanlığa qarşı törədilmiş bu cinayət qarşısında dünya ictimaiyyətini susmamağa çağırmışdır.

Tədbirə xüsusi olaraq dəvət edilmiş Xocalı soyqırımı zamanı girov düşmüş xocalılılar və valideynləri qətlə yetirilmiş gənclər çıxış edərək yaşadıqları məşəqqətlərdən danışmış və erməni vəhşiliyinə son qoyulmasını tələb etmişlər. Avropa Parlamentinin üzvləri, Avropa İttifaqı təsisatlarının nümayəndələri, belçikalı millət vəkilləri, diplomatik nümayəndəliklərin təmsilçilərinin, KİV nümayəndələrinin qatıldığı "dəyirmi masa" sual-cavab formasında davam etdirilmişdir.

"Dəyirmi masa"dan sonra Xocalı soyqırımına aid sənədli film nümayiş etdirilmişdir. Tədbirin sonunda qonaqlar Xocalı soyqırımına dair Heydər Əliyev Fondu tərəfindən hazırlanmış fotosərgi və uşaqların bu soyqırımını təsvir edən rəsm əsərlərindən ibarət sərgi  ilə tanış olmuşlar.

Həmin gün Azərbaycan-Belçika Dostluq Cəmiyyəti tərəfindən Avropa Komissiyasının qarşısındakı Şuman meydanında mitinq təşkil edilmişdir. Cəmiyyətin sədri Ayhan Dəmirçinin çağırışı ilə türk diaspor təşkilatlarının da dəstək verdiyi mitinq zamanı "Xocalıya ədalət!", "Soyqırımı cinayətkarları cəzalandırılsın!", "Erməni işğalına son qoyulsun!" və s. kimi şüarlar səsləndirilmiş, "Xocalıya ədalət!" kampaniyası tərəfindən hazırlanmış müvafiq təbliğat və məlumat materialları Belçika sakinlərinə paylanmışdır. Mitinqin sonunda Xocalı şəhidlərinin xatirəsinə havaya rəmzi olaraq 613 şar buraxılmış və mitinqin qətnaməsi oxunmuşdur. Azərbaycan və türk diaspor təşkilatlarının Avropa İttifaqının prezidenti Herman Van Rompuya, Avropa Komissiyasının sədri Xose Manuel Barrozuya və Avropa Parlamentinin sədri Martin Şultsa ünvanladığı məktublar bu  qurumların katibliyinə təqdim edilmiş, Avropa Parlamentinin, Belçika Nümayəndələr Palatasının və Senatının üzvlərinə Xocalı soyqırımına diqqət yetirmələrinə dair müraciətlər göndərilmişdir.

Xatırladaq ki, "Xocalıya ədalət!" kampaniyası 2008-ci il mayın 8-də, Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilir. Hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində  uğurla həyata keçirilir.

 

 

 Əsgər ƏLİYEV

 

Azərbaycan.- 2012.- 1 mart.- S. 6.