Rusiyalı sənətşünas Bakıda maraqlı mühazirə ilə çıxış etmişdir

 

"ÜNS Yaradıcılıq Səhnəsi"ndə rusiyalı sənətşünas, müasir incəsənətin nəzəriyyə və praktikası ilə bağlı bir çox məqalələrin müəllifi, Rusiya və xaricdə bədii sərgilərin kuratoru Leonid Bajanov mühazirə ilə çıxış etmişdir.

Tədbiri müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatı təşkil etmişdir.

Rəssam Aida Mahmudovanın qurduğu "YARAT!" təşkilatının əsas məqsədlərindən biri Azərbaycanda müasir incəsənətin təbliği və peşəkar şəkildə himayə edilməsidir. "YARAT!", həmçinin təhsil təşəbbüsləri irəli sürmək, yerlixarici rəssamlar üçün beynəlxalq tədris və yaradıcı tanışlıq proqramları hazırlayıb həyata keçirməyi qarşısına məqsəd qoymuşdur. Təşkilat artıq bu istiqamətdə real addımlar ataraq, qurumun ideyasından irəli gələn vəzifələri uğurla həyata keçirir.

Elə bu məqsədlə də "ÜNS Yaradıcılıq Səhnəsi"ndə "YARAT!" məkanının tədris-təhsil proqramının ilk mühazirəsi keçirilmişdir.

"YARAT!" məkanının təşəbbüsü ilə Bakıya dəvət olunmuş rusiyalı sənətşünas, "Ermitaj" bədii birliyinin təsisçisi Leonid Bajanov təşkilatın birinci "012 Bakı Public Art Festivalı" ilə bağlı fikirlərini söyləyərək, gələcək əməkdaşlıq perspektivləri barədə danışmışdır.

Leonid Bajanov demişdir: "YARAT!"ın təşkil etdiyi festivalın ideyası çox gözəldir. Burada bir çox istedadlı gənc rəssamlar var.  Əgər festival ənənəvi xarakter alsa, bu, yaxşı bir təcrübə olacaqdır. Gələcək əməkdaşlıq perspektivlərinə gəlincə, biz bu əməkdaşlığı həm təhsil proqramları, həm də müxtəlif sərgilər formatında qurmaq niyyətindəyik. Sizin rəssamların bizim məkanda, "Ermitaj" bədii birliyinin rəssamlarının isə Bakıda birgə birliyi aparmaları, simpoziumlarda birgə iştirakı gələcək planlarımıza daxil olan məsələlərdir".

Leonid Bajanov hər bir yaradıcı insan, xüsusilə də gənc rəssamlar üçün maraqlı və faydalı olan "Müasir incəsənət sisteminə inteqrasiya təcrübəsi" adlı mühazirə ilə çıxış etmişdir.

Qonaq SSRİ dövründə müasir incəsənətlə məşğul olan yaradıcı insanların qarşılaşdığı çətinliklərdən danışmışdır. "Bu rəssamlar daxili mühacirətdə yaşayıblar, onların əsərləri ilə yalnız yaxın dostları tanış olub", - deyən Leonid Bajanov qeyd etmişdir ki, rəssamların mənzillər çərçivəsində keçirilən sərgiləri tədricən yenidaha geniş məkanlarda təşkil edilmişdir. Keçmiş sovetlər ölkəsində ilk müasir incəsənət sərgisi 1974-cü ildə açılmışdır.

Sənətşünas müasir incəsənətin qolları olan andeqraund, avanqard, modernizm kimi istiqamətlərin oxşar və fərqli cəhətlərindən də söz açmışdır.

 "Ermitaj" adlı bədii mərkəzin təsisçisi və rəhbəri Leonid Bajanov bu qurumun fəaliyyəti barədə də məlumat vermiş, mərkəzin filiallarının Azərbaycanla əməkdaşlıq etmək arzusunda olduğunu vurğulamışdır.

Çıxışının sonunda qonaq Bakıda iki il əvvəl olduğunu və ötən müddətdə paytaxtımızda görünməmiş müsbət dəyişikliklərin baş verdiyini, bu dəyişikliklərin ona böyük təsir bağışladığını bildirmişdir. Arzu etmişdir ki, Azərbaycanda müasir incəsənət istiqamətində müxtəlif layihələr uğurla həyata keçirilsin.

Sənətşünas auditoriyanı maraqlandıran sualları cavablandırmışdır.

Sonda Leonid Bajanov müxtəlif sərgilərin kataloqlarını Aida Mahmudovaya təqdim etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 1 mart.- S. 7.