AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir

 

Fevralın 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, elmi müəssisə rəhbərlərinin, alim və mütəxəssislərin iştirak etdikləri yığıncağı AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq gündəlikdəki məsələlər haqqında məlumat vermişdir.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev "Yay-qış vaxtına keçid haqqında" mövzusunda elmi məruzə ilə çıxış etmişdir. Alim bildirmişdir ki, Azərbaycanda yay-qış vaxtına keçid Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarına uyğun olaraq həyata keçirilir. Ölkəmizdə yay-qış vaxtına keçidin ləğvinin zəruriliyini diqqətə çatdıran Ə.Quliyev bunu elmi cəhətdən əsaslandırmışdır. Alim vurğulamışdır ki, bu məsələ  hər bir ölkənin milli maraqları mövqeyindən həll olunmalıdır. Yay-qış vaxtına keçid bir neçə saat qurşağında yerləşən, o cümlədən günün işıqlı hissəsinin minimal həddinin vaxtından az olduğu ölkələr üçün aktualdır. Regionda Günəşin saat 12:00-da kulminasiya nöqtəsində olması keçidin düzgünlüyü üçün əsas meyar götürülməli, vaxtı günün işıqlı hissəsində "səhər-axşam" simmetriyası prinsipinə əsaslanmalıdır.

Ə.Quliyev demişdir ki, yay-qış vaxtına keçid ekvatora yaxın ölkələr üçün, eləcə də  şimal və cənub qütblərinə yaxın regionlarda aktual deyildir. Keçid vaxtı  bir sıra vacib məsələlər - keçid nəticəsində enerjidən istifadəyə qənaət, keçidin ətraf mühitə, idarə, müəssisə və təşkilatlarda rejiminə, əmək məhsuldarlığına və insan sağlamlığına təsiri, təhsil sistemində və bir sıra digər sektorlarda ortaya çıxan problemlər və sair nəzərə alınmalıdır.

Ə.Quliyev 1930-cu ildən praktikada olan dekret vaxtının ləğv edilməsi məsələsinin öyrənilməsinin zəruriliyini, dekret vaxtı ləğv olunmaqla hazırda tətbiq edilən qış vaxtından (Qrinviç vaxtı+3 saat) istifadənin daha məqsədəuyğunluğunu vurğulamış, bununla bağlı bir sıra tövsiyələrini bildirmişdir.

Mövzu ətrafında müzakirələr aparılmış, qeyd olunan bütün müsbət və mənfi nəticələr nəzərə alınaraq, "Qış-yay vaxtına keçid" praktikasına son qoyulması tövsiyə edilmişdir.

AMEA-nın vitse-prezidenti, akademik Vaqif Fərzəliyev AMEA üzvlüyünə seçkilərlə əlaqədar bu qurumun bölmələri üzrə ekspert komissiyalarının tərkibinin təsdiq edilməsi haqqında məlumat vermişdir.

İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılmışdır.

 

 

Azərbaycan.- 2012.- 1 mart.- S. 7.