Ermənilərin
Azərbaycanın Polşadakı səfirliyi
qarşısında piket keçirmək
cəhdi boşa
çıxmışdır
Fevralın 28-də Varşava vaxtı ilə saat 15:00-da 20-25 erməni Sumqayıt hadisələri ilə bağlı piket keçirmək niyyəti ilə əllərində Ermənistan bayraqları və şüarlarla Azərbaycanın Polşadakı səfirliyinin qarşısına gəlmişlər.
Ölkəmizin Polşadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, ermənilər burada gözləmədikləri mənzərə ilə qarşılaşmışlar. Heydər Əliyev Fondu tərəfindən göndərilmiş və Azərbaycan səfirliyinin qarşısındakı hasar üzərindən asılmış Xocalı soyqırımının dəhşətlərini əks etdirən 50-yə yaxın fotoşəkil, uşaqların çəkdikləri rəsm əsərləri və polyak dilində Xocalı faciəsindən bəhs edən məlumat vərəqələrindən ibarət sərgi erməni təxribatçılarını çaş-baş salmışdır. Onlar həmçinin diplomatik nümayəndəliyimizi əhatə edən hasarın üzərində və səfirliyin binasının ikinci mərtəbəsində böyük hərflərlə "Xocalı" sözü yazılmış, hər tərəfdən asılmış 7 ədəd böyük həcmli plakatı, eyni zamanda, əllərində Azərbaycan bayraqları ilə səfirlik qarşısında dayanmış Varşavada təhsil alan azərbaycanlı tələbələri görərkən özlərini tamamilə itirmişlər.
Erməni vandalizmini əks etdirən bu fotoşəkillər səfirliyin hasarı üzərində fevralın 27-dən etibarən nümayiş olunmaqdadır. Səfirliyin yerləşdiyi Zvıçenztsuv və Krıniçna küçələrindən keçən yüzlərlə sadə polyak bu ürəkağrıdan fotoşəkilləri görür. Habelə küçədən keçən polyaklar səfirlik tərəfindən qoyulmuş stol üzərindən müvafiq təbliğat-təşviqat materiallarını - polyak dilində "Dağlıq Qarabağ - xəbərlər, faktlar, rəqəmlər" kitabçasını, səfirlik tərəfindən hazırlanmış "Azərbaycan xalqının soyqırımı tarixindən" adlı 4 mövzu üzrə silsilə açıqcaları, ingilis dilində Ermənistanın Azərbaycana təcavüzünün nəticələrini əks etdirən xəritəni, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Dağlıq Qarabağ haqqında həqiqətlər" silsiləsindən kitabçaları götürmüşlər.
Ermənilər məcburiyyət qarşısında qalıb "Xocalı" sözü qarşısında dayanaraq tədbirlərinə başlamışlar. Ermənilər burada çəkiliş aparmışlar. Onların çəkiliş apardıqları kameraya "Xocalı" sözləri və Azərbaycanın bu şəhərində erməni vandallarının törətdikləri soyqırımın dəhşətli nəticələrini əks etdirən fotoşəkillərin düşdüyünü əminliklə söyləmək olar. Ermənilər "qətnamə"lərini oxumağa başladıqları anda səfirliyin binasından ilk əvvəl replika şəklində ermənilərin iddia etdikləri "Sarı gəlin" və "Sən gəlməz oldun" musiqilərindən qısa parçalar səslənmişdir.
Daha sonra isə Müslüm Maqomayevin gur səslə ifa etdiyi "Azərbaycan" mahnısının sədaları səfirlik binasının ətrafına yayılmışdır. Belə vəziyyət qarşısında "piket"ə toplaşmış ermənilərin rəhbəri yaxınlıqda dayanan Polşa polisinə müraciət edərək musiqinin "qətnamə"ni oxumağa imkan vermədiyini bildirmişdir və musiqini dayandırmağı tələb etmişdir. Polis ermənilərin bu istəyini yerinə yetirməkdən imtina etmişdir.
Beləliklə, ermənilərin səfirlik
qarşısında keçirməyə cəhd göstərdikləri
"piket" Xocalı
soyqırımını əks etdirən sərginin fonunda və Azərbaycan musiqilərinin sədaları
altında iflasa uğramışdır.
Azərbaycan.- 2012.- 1 mart.- S. 7.