Vaşinqtonda Azərbaycan-ABŞ diplomatik münasibətlərinin qurulmasının 20 illiyi qeyd olunmuşdur

 

Azərbaycan ilə strateji əməkdaşlığın və rəsmi Bakının tərəfdaşlıq siyasətinə verdiyi yüksək qiymət və əhəmiyyətin göstəricisi kimi ABŞ Dövlət Departamenti Vaşinqtonda Azərbaycan-Amerika diplomatik əlaqələrinin qurulmasının 20 illiyini qeyd etmişdir. Paytaxtın ən qədim və mötəbər klublarından biri olan "Kosmos"da Azərbaycan səfirliyi ilə birgə təşkil edilən toplantıda ABŞ hökumət qurumlarının yüksək vəzifəli rəsmiləri, ölkənin işgüzar dairələrinin nümayəndələri, bölgəmiz üzrə Amerikanın nüfuzlu beyin mərkəzlərinin başçıları, KİV nümayəndələri, Vaşinqtonda fəaliyyət göstərən diplomatik korpusun üzvləri, eləcə də Azərbaycan, türk, yəhudi icma təşkilatlarının fəalları iştirak etmişlər.

Bayram mərasimini giriş sözü ilə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov açmışdır. O vurğulamışdır ki, Azərbaycan müstəqilliyini bərpa edəndən az sonra Birləşmiş Ştatlar Bakıda diplomatik nümayəndəliyini açmışdır. Son 20 il ərzində tərəflər arasında qurulan möhkəm əlaqələr təkcə ölkəmizin deyil, bütün bölgənin inkişafına, bölgə dövlətlərinin müstəqilliyinin möhkəmlənməsinə, eləcə də Azərbaycan və ABŞ-ın ümumi maraqlarına xidmət etmişdir. Azərbaycanın ABŞ, Türkiyə, Gürcüstan kimi tərəfdaşlarla həyata keçirdiyi iş birliyi bölgəni demokratik və sabit gələcək istiqamətində irəli aparır.

Diplomatik münasibətlərimizin tarixinə nəzər salan səfir E.Süleymanov bu illər ərzində çoxsaylı əhəmiyyətli uğurları, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin istismara verilməsi, beynəlxalq təhlükəsizliyin bərqərar edilməsi üzrə birgə əməkdaşlığı diqqətə çatdırmışdır. O demişdir: "Birləşmiş Ştatlar bölgəyə qədəm qoyanda o, donor, hamı isə kömək alan tərəf idi. Bu gün Azərbaycan da sürətli inkişaf nəticəsində bölgənin donoruna çevrilib. Biz bu yeni rolumuzla fəxr edirik".

Diplomatik münasibətlərin qurulması ilə bağlı ABŞ hökumətinin təbrikini çatdırmaq üçün tədbirdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon çıxış etmişdir. O bildirmişdir ki, toplaşanlar arasında Konqres, Pentaqon, Ağ ev və digər hökumət qurumlarının həm sabiq və həm də indiki nümayəndələrinin, o cümlədən ABŞ-ın sabiq milli təhlükəsizlik müşaviri, general Brent Skoukrfot, Ağ ev aparatının sabiq başçısı, qubernator Con Sununu kimi ictimai xadimlərin olması Amerika-Azərbaycan münasibətlərinin kəsb etdiyi əhəmiyyətin bariz nümunəsidir. Azərbaycan ilə münasibətlərin Prezident Barak Obama və dövlət katibi Hillari Klinton üçün vacib olduğunu vurğulayan cənab Qordon bildirmişdir ki, ölkəmizə son səfəri zamanı xanım Klinton tərəflər arasında münasibətləri "dərin, mühüm və davamlı" kimi səciyyələndirmişdir. Son 20 ilin diplomatik münasibətləri məhz belə bağlara əsaslanaraq əsas üç sahə - təhlükəsizlik, enerji, siyasi və iqtisadi islahatlar üzrə cəmləşmişdir. ABŞ rəsmisi demişdir: "Təhlükəsizlik üzrə əməkdaşlığımızda bizim üçün Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli həll yolunun tapılması ilə bağlı öhdəliyimizdən vacib şey yoxdur. ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ tərəflərlə işləyərək davamlı nizama salınma yolları axtarır... Dövlət katibi Klinton bu məsələni qeyri-adi şəkildə yaxından izləyir, buna kifayət qədər vaxt və diqqət ayırır. Hökumətimizin ən yüksək dairələrinin diqqətində olan bu məsələ üzrə sizinlə birgə işləməyə ümid edirik". Filip Qordon bildirmişdir ki, son 20 il ərzində ABŞ Azərbaycanın müstəqilliyinin bərpasından bəri əldə etdiyi irəliləyişi yüksək qiymətləndirir. Birləşmiş Ştatlar Azərbaycanın möhkəm dostu və tərəfdaşı olaraq qalacaqdır.

Bayram tədbirinin bir sıra iştirakçıları Azərbaycan-ABŞ diplomatik münasibətlərinin qurulmasının 20 illiyi ilə bağlı fikirlərini AzərTAc-la bölüşmüşlər.

Ağ ev aparatının sabiq başçısı, qubernator Con Sununu: "Bu, hələ Prezident Heydər Əliyevin zamanından möhkəmlənməyə başlayan gözəl münasibətlərdir. Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi nəticəsində Azərbaycanın Qərb və ABŞ ilə münasibətləri möhkəm təməl üzərində qurulmuşdur. Heydər Əliyev bu münasibətlərin uğurlu olması üçün çox iş görmüşdür. Belə yanaşma bu gün İlham Əliyev tərəfindən də davam etdirilir. Ölkəniz şanslıdır ki, ABŞ ilə Azərbaycan arasında güclü münasibətlərə dəyər verən lideri vardır. Bu, həm amerikalılar, həm də azərbaycanlılar üçün faydalıdır. Biz surətlə dəyişən dünyada yaşayırıq. Belə şəraitdə köhnə dostları bir qədər də yaxın saxlamaq lazımdır. Azərbaycan, şübhəsiz, bizim köhnə dostlarımızdan biridir".

ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmtəsisçisi və həmsədri, sabiq konqresmen Solomon Ortiz: "Biz Azərbaycana 2000-ci illərin əvvəlində səfər edəndə başa düşdük ki, ölkəniz dostlarla əhatə olunmayıb. Demokratik və sabit dövlət quran işgüzar Azərbaycana  kömək etmək istəyirdik. Beləliklə də Konqresdə işçi qrupu yaratdıq. Qrup bu gün də fəaldır və üzvlərinin sayı gündən-günə artır. Azərbaycan bizim müttəfiqlərimizdən biridir. İstərdik ki, o, təhlükədən kənar, sülh şəraitində yaşasın. Bildiyiniz kimi, biz Azərbaycan ilə beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə yaxından işləyirik. Bu sahədə həmişə birgə olmalıyıq. Dövlətiniz qüdrətli, insanlarınız isə genişqəlblidir. Ona görə biz uzun müddət dost qalacağıq".

 

 

Şəfəq AKİFQIZI

 

Azərbaycan.- 2012.- 2 mart.- S. 2.