Erməni
diplomatiyası böyük zərbə aldı
Bu diplomatik siyasi qələbəni
Dağlıq Qarabag probleminin həllində mühüm elementə
çevirmək lazımdır
Fransa Konstitusiya Şurasının qondarma erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunu ləğv etməsi birmənalı olaraq bütün türk dünyasını razı salıb. Buna münasibətini açıqlayan Azərbaycan Prezidenti İlham Əliyev Fransa Konstitusiya Şurasının bu addımının dünya erməniliyinin riyakarlığının qarşısına çəkilmiş bir sədd və dünya erməni lobbisinin mənfur fəaliyyətinin iflasa uğramasının növbəti nümunəsi olduğunu bildirib. Bu məsələyə münasibət bildirən həm Türkiyə, həm də Azərbycan siyasətçiləri hesab edirlər ki, bu, hər iki ölkənin diplomatik qələbəsidir.
Milli Məclisin deputatı Elman Məmmədov bildirir ki, hər hansı bir şəxsin hakimiyyətdə olduğu dönəmdə gördüyü işləri xalqın adına yazmaq olmaz. Fransız xalqı tarixə öz mədəniyyəti, görkəmli şəxsiyyətləri ilə düşmüşdür. Prezident Nikola Sarkozi və onunla bir mövqedə olan senatorların fikirləri isə fransız xalqının fikri demək deyil: "Fransa Konstitusiya Şurası qanunun aliliyini həm ölkə Prezidentinə, həm də bəzi senatorlara izah etdi. Bu qərar tək türk dünyasına qarşı yönəlməmişdi. Bu qanunun qəbulu Fransa xalqının söz azadlığının pozulması demək idi. Ona görə də sadə vətəndaşlar bu sənədin ləğv olunmasını tələb edirdilər və istəkləri reallaşdı".
Elman Məmmədovun sözlərinə görə, Fransa xalqı bundan nəticə çıxarmalı, həmin senator və siyasətçiləri siyasi arenadan sıxışdırıb çıxarmalıdır. Əgər həmin senatorlar ədalət axtarırsa, 100 il öncə baş verməmiş uydurma soyqırımı yox, 20 il öncə törədilmiş Xocalı faciəsini tanımaq üçün məsələ qaldırsınlar.
Deputatın fikrincə, bu, danılmaz faktdır ki, Azərbaycan və Türkiyənin məsələ ilə bağlı ortaya qoyduğu ciddi mövqe öz töhfəsini verdi. Biz dünyaya bir daha nümayiş elədik ki, gücümüz birliyimizdədir. Birgə səsimizi bütün beynəlxalq təşkilatlara çatdırdıq və haqlı olduğumuz ortaya çıxdı: "Əgər biz güclü olmaq, dövlətçilik və müstəqilliyimizi əbədi qorumaq istəyiriksə, həmişə bir-birimizin yanında olmalıyıq. Digər türkdilli dövlətlər də bizə qoşulmalıdırlar. Onlar kənardan seyrçi olmamalıdır".
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucun fikrincə, Fransa Konstitusiya Şurasının çıxardığı qərar mahiyyətcə həm Azərbaycanın, həm də Türkiyənin xeyrinədir. "Bu qərar həm arzu olunurdu, həm də gözlənilirdi. Uzun müddət müxtəlif dairələrdə bununla bağlı müzakirələr aparılsa da, biz məhz Fransa Konstitusiya Şurasının ədalətli qərar çıxaracağına əmin idik", - deyən deputat hesab edir ki, bu məlum qərarla ilk növbədə insan hüquq və azadlıqlarının müdafiəçiləri qalib gəlib. Onun sözlərinə görə, daha Fransada yaşayan hər hansı bir türk vətəndaşı basqıya məruz qalmayacaq. "Bu ölkə 200 illik demokratiya və insan haqları ilə bağlı fundamental prinsiplər üzərində qalmış oldu. Eyni zamanda, bu dövr ərzində Azərbaycan və Türkiyənin vahid bir müstəvidə koordinasiya olunmuş fəaliyyəti nəticə verdi", - deyə Zahid Oruc qeyd edib. Deputat bildirir ki, bütün bunları nəzərə alaraq Xocalı soyqırımının tanıdılması istiqamətində atılan addımlar daxil olmaqla, bu dövrdə görülmüş işlər həm də ermənilərin məsləyini, ideyasını ifşa etdi. Onun fikrincə, indi bu istiqamətdəki gələcək fəaliyyəti intensivləşdirmək lazımdır. Qəti şəkildə arxayınlaşmaq olmaz. Bu diplomatik siyasi qələbəni Qarabağ uğrunda savaşın mühüm elementinə çevirmək lazımdır. Çünki ermənilər yeni uydurma iddialara əl atacaqlar. Ancaq bütün dünya bildi ki, ermənilər bu məsələdə ifşa olundular. Azərbaycan və Türkiyənin Fransa Senatındakı bədnam qərara qarşı birgə mübarizəsi öz müsbət nəticəsini verdi. Erməni lobbisi və ermənipərəst qüvvələr məlum qərardan sonra iflasa uğradılar.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2012.- 2 mart.- S. 2.