Fransa Konstitusiya Şurasının qərarı söz və ifadə azadlığına verilən dəyərin göstəricisidir

 

Erməni lobbisinin uzun müddətdən bəri uydurma soyqırımı ilə bağlı apardığı fəaliyyət iflasa uğradı

 

 Söz və mətbuat azadlıqları hər bir ölkədə, ilk növbədə, insanların müstəqil düşüncə ifadə etmək arzusunu gerçəkləşdirir, cəmiyyətdə fikir müxtəlifliyinə, aşkarlığa, həqiqəti üzə çıxarmağa imkan verir. Bu azadlıqlar tam demokratik idarəetmənin qaydaya salınmasında, zorakılığa əl atmadan istənilən siyasi mübahisənin müzakirələr yolu ilə həllinə, hər bir fərdin özünüifadəsinə şərait yaradır. Söz azadlığı deyəndə, eyni zamanda insanın fikirlərini yazılı, şifahi və başqa formalarda ifadə etmək, ətraf aləmə münasibətini bildirmək, bu münasibəti başqalarına çatdırmaq sərbəstliyi başa düşülür.

Fransa Senatının uydurma erməni soyqırımını inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsini və ya 45 min avro məbləğində cərimələnməsini nəzərdə tutan qanunu təsdiq etməsi adıçəkilən ölkənin konstitusiyası və qanunları, eləcə də beynəlxalq öhdəliklərlə ziddiyyət təşkil edirdi. 1789-cu il tarixli Fransa "İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi"ndə söz və mətbuat azadlığının məhdudlaşdırılmasının yolverilməzliyi ali dəyərlər kimi təsbit olunub. Həmin bəyannamənin 10-cu maddəsində göstərilir ki, heç kim öz fikirlərinə görə təqib oluna bilməz. Eyni zamanda 11-ci maddədə qeyd edilir ki, "fikir və düşüncə azadlığının azad ifadəsi insanın mühüm hüquqlarındandır. Belə ki, hər bir kəs azad danışa, yaza və nəşr etdirə bilər. Lakin bu məsələdən sui-istifadə edən şəxs qanunun müəyyən etdiyi hallarda məsuliyyət daşıyır".

Bu azadlıqlar Fransanın 1958-ci ildə qəbul edilən konstitusiyasında da birmənalı əksini tapıb. Beynəlxalq hüquqdan bu da məlumdur ki, dövlətlərin insan hüquq və azadlıqları ilə bağlı qəbul etdiyi qanunlar onların imzaladığı beynəlxalq saziş və konvensiyalarla ziddiyyət təşkil edə bilməz. Yaxud, belə bir ziddiyyət yaranarsa, bu halda beynəlxalq saziş və konvensiyalar daha üstün sayılır.

Fransa Senatının məlum qərarından sonra Avropanın əksər beynəlxalq qurumları, hüquq-müdafiə təşkilatları bu ölkədə Prezident Sarkozi rejimini sərt tənqid atəşinə tutdular. Qondarma qanun layihəsinə əlavə və dəyişikliklərin müzakirələri zamanı Sosialist Partiyasının üzvü olan senator Qaetan Qors bu sənədin qəbul edilməsinin Fransada milli birliyin əldə edilməsi istiqamətində mənfi rol oynayacağını bildirmişdi: "Biz belə bir qanunun qəbulunda çox böyük səhvə yol veririk".

Fransa Senatının qərarı Türkiyə və Azərbaycan ictimaiyyətində böyük narazılıqla qarşılanmışdı. Senatda qəbul olunan qanun Fransanın ATƏT-in Minsk qrupundakı fəaliyyətini, bu prosesdə tərəfsiz vasitəçiliyini də kölgə altında qoyurdu. Bu addım həmçinin  Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi dünyada sülh və əmin-amanlığa dəstək verəcəyini də şübhə altına alırdı. Bu qanuna etiraz edən çoxsaylı fransızlar, eləcə də türklər Sarkozi hakimiyyətinin yanlış addım atdığını bildirir və Fransa Konstitusiya Şurasının ədalətli qərar çıxaracağına ümid edirdilər. Fransa Senatının bir qrup üzvü qondarma erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun ləğv edilməsi ilə bağlı Fransa Konstitusiya Şurasına və Fransa ictimaiyyətinə müraciət ünvanlamışdılar. Nəhayət ki, haqq-ədalət öz yerini tutdu.

Fevralın 28-də Fransa Konstitusiya Şurası qondarma erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunu ləğv etdi. Prezident İlham Əliyev Fransa Konstitusiya Şurasının bu ədalətli qərarını alıqışlayıb, bunu söz və fikir azadlığının təzahürü kimi dəyərləndirib.

Bununla da qondarma erməni soyqırımını inkar edənlərin 1 illik həbs və ya 45 min avro məbləğində cərimə edilməsi məsələsinə son qoyuldu. Azərbaycan və Türkiyə hökumətinin, iki qardaş ölkəni təmsil edən müxtəlif strukturların dünyada, o cümlədən Fransada apardıqları işlərin nəticəsində adıçəkilən ölkənin Konstitusiya Şurası ədalətli qərar qəbul etdi. Beləliklə, "Qərb demokratiyasının beşiyi" sayılan Fransa söz və fikir azadlığına məhdudiyyət qoyan utanc qərarı ləğv etdi.

Fransa Konstitusiya Şurasının məlum qərarı dünya erməni lobbisinin uzun müddətdən bəri apardığı ədalətsiz fəaliyyətinin iflasa uğraması ilə nəticələndi. Ermənipərəst qüvvələr yaddan çıxarmamalıdırlar ki, erməni mifomaniyası həmişə iflasa məhkum olub və olacaqdır.

 

 

 Elnur HACIALIYEV

 

Azərbaycan.- 2012.- 2 mart.- S. 2.