...VƏ BİR ÜRƏK!..
"Siyasette muhabbet, hepsi yalan, palavra
Doğru sözü Kül tigin
kitabesinde ara!.."
Hüseyn Nihal Atsız
Belə
bir yazı əvvəl-axır qələmə
alınacaqdı...
Nə
yazacaqdım, haçan yazacaqdım - bilmirəm, amma o yazının ilk cümlələrinə
hələ ötən ilin oktyabrından başlamalı
idim...
Türkiyənin
Van zəlzələsinin acılarından yenicə ovunub
oyalandığı günlərdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə
Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğan
İzmir şəhərində təməlqoyma,
açılış mərasimlərinə
qatılmışdılar.
Van zəlzələsinin
ağır günlərində Türkiyəyə doğma
qardaş köməyinə görə Azərbaycana
şükranlıq duyğularını yetirən hörmətli
Baş nazirin nitqindəki belə bir cümlə qəlbimi
titrətdi:
"Biz
iki dövlət, bir millət olduğumuz kimi, eyni zamanda, bir
ürəyik"...
Nə gözəl!..
Elə səmimi,
təbii, Azərbaycan-Türkiyə vəhdətinin gerçək
ruhuna o qədər uyğun səslənmişdi ki, o gündən
bəri həmin kəlmələr qəlbimdə əks-səda
verib, Azərbaycan-Türkiyə doğmalığı
xüsusunda içimdən keçən əsintiləri
kağız-qələmlə bölüşməyə məni
az qala hər gün borclu çıxarıb...
***
Nəzərlərim,
ağ vərəqdə naxışlanmış bir neçə
sətrə dikilib, elə bil bu naxışlar arasından bizi
bir-birimizlə məhrəm edən duyğuların izinə
düşmək istəyirəm, amma, bu duyğuların
sözlə təsviri mümkünmü?!
Görəsən,
necə olur, min illərdir, adamlar eyni soyun, dilin, inancın,
kültürün, ənənələrin
daşıyıcısı kimi doğulurlar, dünyanın rəngarəng
insan mənzərəsində eyni nəm-nişanla
başqalarından seçilirlər?! Niyə həyat bu ilahi
mizanda zərrə qədər yanlışlığa yol
vermir, məsələn, türk ingilis, ingilis ərəb, ərəb
alman kimi dünyaya gəlmir?!
Hələ
ana bətnində ikən fərdin konkret etnosa mənsubluğunu
müəyyənləşdirən, aradakı məsafələrə
rəğmən, iki toplumu həmrəy, iki könlü həmdəm
edən hisslərin adı nədir?! Bir yazar öz qələmi
ilə bu hisslərin tam mənzərəsini necə
canlandıra bilər?!
Niyyətim
bu suallara cavab axtarmaq deyil! Çətin sualların
cavabsızlığında yeni söz deyə biləcəyimi
də fərq etmirəm. Zamanında bu suallara dövrün
böyük zəka sahibləri cavab arayıb, bu mövzuda
bir-birindən gözəl, bir-birindən tutumlu yazılar qələmə
alınıb. Amma bütün yazılar içində ən
gözəl yazı, Tanrının öz qüdrət qələmi
ilə iki müqəddəs kəlmədə
yazdığı Yazıdır:
Azərbaycan-Türkiyə...
***
Hələ
sovetlər zamanında sərhədlərin o tayında sirli-sehrli
bir dünya vardı bizimçün. Səsini ara-sıra
şirin nəğmələrindən duyardıq, başqa
dillərə çevrilmiş filmlərinin təbii
qatından hərdənbir qulağımıza dəyən
doğma kəlmələrdən ürəyimiz isinərdi.
Bunca doğmalığının sirrinə o zamanlar hələ
tam vara bilmədiyimiz bu əlçatmaz dünya bir xəyal aləmi
idi. Rəşad Nuri Güntəkinin, Orxan Kamalın, Zəki
Mürənin, Müşərrəf Akayın, Barış
Mançonun səsi, sözü kimləri çəkib
aparmamışdı o xəyal dünyasına...
...Bir də
korifey sənətkarımız, əziz deputat həmkarım
Zeynəb xanımın sehrli səsindən o illərdən bəri
yaddaşımda qalmış bu misra...
"...Mən gedirəm İstanbula,
Bakı, səndə gözüm
qaldı!.."
Onda hələ
nə müstəqil dövlətimiz vardı, nə müstəqil
Azərbaycan dövlətinin xarici siyasəti vardı, nə də
SSRİ boyda nəhəng imperiyanın tərkib hissəsi olan
respublikazımızın əlahiddə dövlətçilik
maraqları.
Amma sərhədlərin
o tayında qəribə bir cazibə ilə ruhumuzu
özünə çəkən o dünya bizim
üçün onda da mövcud idi. O dünya nə rəngdə
idi, bilmirdik, şəhərləri, köyləri,
insanları necə idi, məlumatsızdıq, necə
yaşayırdılar, nə yeyib, nə içirdilər, xəbərimiz
belə yox idi.
Sovet
ideologiyası bizi o dünyanın dəyərlərinə
nifrət ruhunda böyütməyə
çalışırdı, orada kapitalizm vardı, bir sinif
başqa bir sinfin əməyini istismar edirdi, körpələr
göz açmadan ölürdülər orada, insanların
çoxu yazıb-oxumağı belə bacarmırdı. Lakin
bu zəhərli təbliğata rəğmən, o
dünyanın şərqiləri yenə sevgi
saçırdı, kəlmələri bal dadırdı, əfsun
dolu bir duyğu xəyallarımızı ahənrüba kimi o
dünyaya doğru çəkirdi və bu xəyalların
içində həm də bizi o dünyadan ayıran siyasi sərhədlər
haqqında düşünmək nə qədər qüssəli
idi, onda...
Bu həsrətimiz zamanın xoş
olmayan bir qismət vədəsində bitdi.
İmperiya
siyasətinin "dinayrı qardaş" köynəyi
altında əsrlərcə bizə
doğmalaşdırmağa cəhd göstərdiyi ermənilər
xristian dünyasının xeyir-duası ilə əsl xislətlərini
bir anda ortaya qoyub qanımıza susayınca, yanımızda
kimsəni yox, tarixin və taleyin yüz illərcə ayrı
saldığı əsl doğmamızı gördük...
"Bu
gün Sovetlər Birliyi dostumuzdur, qonşumuzdur, müttəfiqimizdir.
Bu dostluğa ehtiyacımız vardır. Fəqət sabah nə
olacağını bu gündən kimcə kəsdirə bilməz.
Eynən Osmanlı kimi, Avstriya-Macarıstan kimi Sovetlər
Birliyi də parçalana bilər. Bu gün əlində
möhkəm tutduğu millətlər ovuclarından qaça
bilər. Dünyada yeni bir vəziyyət yarana bilər. O zaman
Türkiyə nə edəcəyini bilməlidir...
Bizim bu
dostumuzun idarəsində dili bir, inancı bir, özü bir
qardaşlarımız vardır. Onlara sahib çıxmağa
hazır olmalıyıq. Hazır olmaq yalnız o günü
susub gözləmək deyildir. Hazırlanmaq lazımdır.
Millətlər buna necə hazırlanır? Mənəvi
körpülərini sağlam tutaraq. Dil bir
körpüdür. İnanc bir körpüdür. Tarix bir
körpüdür. Köklərimizə enməli və
olayların böldüyü tariximizin içində
bütünləşməliyik. Onların bizə
yaxınlaşmasını gözləməməliyik. Bizim
onlara yaxınlaşmamız gərəkli!.."
Azərbaycanın
təklənmiş, çarəsiz, kövrək
vaxtlarında Qazi Mustafa Kamal Atatürkün bu tövsiyəsini
uca tutaraq Türkiyə Xızır kimi yetişdi, əsrlərcə
Avropanın qorxulu röyasına çevrilmiş gücü,
zəhmi ilə Azərbaycana qəhmər çıxdı,
üzləşdiyi müsibətlərdən başı dərddən-dərdə
düşmüş doğmasına həyan oldu. Azərbaycan
o ağır anlarında Türkiyəyə sarıldı,
Mustafa Kamal Paşanın təbirincə desək, Türkiyə
və Azərbaycan olayların böldüyü ortaq bir tarixin
içində bütünləşdi...
Bu, adi bir
pafos deyil, belə bir tarixi ana 90-cı illərin əvvəllərində
televiziyada Türkiyə vətəndaşlarının Azərbaycana
dəstək çağırışlarını seyr edən
sıravi insanlarımızın, Azərbaycanın ucqar kəndlərində,
ömrü boyu sovet tərbiyəsi alıb bu quruluşa xidmət
etmiş ağsaqqalların, ağbirçəklərin
yaş dolu gözlərində şəxsən şahid
olmuşam...
İndi
Azərbaycan və Türkiyə münasibətləri
haqqında yüzü yüz söz danışar, ətlə
dırnaq arasına girənin son aqibətini tarixdəki ən
"nəcib" missiyasına çevirmiş kimsələr
indi də Azərbaycan Türkiyə münasibətlərinə
xələl gətirməkdən ötrü yorulmadan qələm
çalar, bu məqsəd uğrunda
çeşid-çeşid yazılar yazılar, hər kəs
bu münasibətlərin fərqli mənzərəsini
yaratmağa çalışar. Amma mənimçün Azərbaycan-Türkiyə
münasibətlərinin gerçək mənzərəsi illər
öncə televiziyada o hiddətli
çağırışları səsləndirən
türk qardaş-bacılarımızla, bu dəstəyi riqqət
dolu göz yaşları içində qarşılayan Azərbaycan
insanlarının içində bütövləşib, bir
olduğu dəyərlərdir.
O dəyərlər
hər hansı siyasətlə bir araya sığmır, bu münasibətlərin
motivini, kökünü müəyyən etmək
üçün siyasət heç bir ölçü vahidinə
malik deyildir, bunlar bütün siyasətlərin fövqündədir.
Bu dəyərlər türk övladının at belində
doğulub Tanrıya tapındığı ucsuz-bucaqsız
çöldə, vaxtın və məkanın
hududlarından kənarda formalaşmışdır.
Siyasi
oyunları düzüb qoşanlar, öz maraqları naminə
insanları, bütöv xalqları, dövlətləri
üz-üzə qoymaq istəyənlər günahkar bəndələrdir.
Azərbaycanla Türkiyəni bir-birinə bağlayan dəyərlərsə
bir atanın belindən, bir ananın bətnindən gəlmiş,
bir ocaqda doğulmuş, bir soydan törəmiş insanlar
üçün Tanrının yazdığı xoş bir
alın yazısıdır.
Tanrının
yazdığını bəndə poza bilərmi heç?!
***
Nə
vaxtsa ünlü Argentina yazarı X.L.Borxesin belə bir fikri
diqqətimi çəkmişdi: "İnsan hər səhər
doğulur, hər gecə yenidən dünyasını dəyişir..."
Belə
baxanda, hətta fərdin bu günü dünəninin
davamı deyil, axı insan hər yeni günün içində
yaşayır, öz vaxtını onun ab-havasına, gözlənilməz
olaylarına uyğun qurur, bu dünyada hər kəs öz əməllərinə
görə cavabdehkən, bir nəslin tarixi keçmişinə,
atıb-atmadığı hansısa addımlarına görə
növbəti nəsillərdən necə hesab sormaq olar?!
Tarixi
insanlığın tarixi qədər saf və qudsal olan
Türk qövmünü indi uydurma
"soyqırımı" çamuruna bulaşdırmaq
mümkünmü?!
Aşırı
millətçilik kimi görünməsin, amma bizim də,
Türkiyə türklərinin də şanlı tarixində,
misilsiz kültüründə bir olduğumuz Türk başqa
xəlq olunmuşlara bənzəməz, Türk adi bir xalq
deyil, bütöv dəyərlər sistemidir, Tanrının
yaradıcılıq qüdrətinin bir toplum halında ifadəsidir,
Tanrı bu qövmü öz sevgisindən yaradıb,
Türkün qoca tarixdəki saysız-hesabsız hər
nişanəsində bu İlahi eşqin təcəllasını
görərsən.
Türkün
qisməti dünyaya sevgidir, bəşəri dəyərlərə
vurğunluqdur, hərdən nifrət hissimizin olmamasını
bir unutqanlıq suçu kimi üzümüzə vursaq da, bu,
əsla unutqanlıq deyil, sadəcə olaraq - Türk istəsə
belə - nifrət edə bilmir, düşmənçilik bəsləməyi
bacarmır, onun kitabında günahsız qan tökmək, bir
məsumun günahına girmək yox, hansısa millətə
qənim kəsilmək imkansız...
Bir
zamanlar Doğudan-Batıya, düzü-dünyanı tutmuş
fatehlərimizi öz yazılı tarixlərini
yaratmadıqlarına görə hərdən
qınayırıq, amma fikrimcə, yazılı mənbələrə
həvəssizliyin özü belə, ulularımızın
dünyaya tükənməz sevgi hissindən irəli gəlib,
axı hər bir tarix, istər-istəməz həm də
xalqların hərb meydanında üz-üzə gəlməsidir,
qılıncların toqquşmasıdır, heç bir
Türk hökmdarı, yazılı tarixlə gələcək
nəsillər üçün başqa xalqlara hikkə, qəzəb,
nifrət buraxmaq istəməyib, əvəzində öz
şanlı tarixini bir-birindən gözəl məhəbbət
nəğmələrində, sazında-sözündə ifadə
edib.
Tarixə
baş vuran hər kəs özü buna şahid olacaq! Əgər
kimlərisə tarixdə baş verənlər
maraqlandırırsa, qoy, bu missiya tarixçilərə həvalə
edilsin, ayrı-ayrı dövrlərdə baş vermiş
hadisələr tarixçilər tərəfindən obyektiv
işıqlandırılsın, müxtəlif vasitələrlə
gələcək nəsillərə
çatdırılsın. Tarixə bu cür yanaşmaq
lazımdır.
TARİX
insanın qürurudur, fərəhidir, acısıdır, ona
maraq göstərən, onun hansısa bir parçasına əlini
toxunduran kəsin keçirdiyi qeyri-adi duyğulardır, gələcək
üçün aydın istiqamətdir, yeni nəslin
yaratdığı ənənələr üçün bələdçidir.
TARİX
ondan ibrət dərsi almaqdan, gələcək nəsilləri
öyrətməkdən, insanlara yol göstərməkdən
ötrüdür, onları mühakimə etmək
üçün yox! Bir dəfə də qeyd etdiyim kimi, tarix
siyasi iddialara çevriləndə, saxtalaşdırılanda,
başqa xalqlara qarşı yönəldiləndə
qudsallığını itirir, eybəcərləşir, ali
bir dəyərdən çirkin siyasi alət səviyyəsinə
düşür.
Dünyada müharibə aparmayan,
itkilər verməyən bir xalq göstərə bilərikmi?!
Tarixin
sonrakı dönəmlərində münasibətləri
nizama salan, qaynayıb-qarışan, birgəyaşayış
normaları çevrəsində öz gündəlik həyatını
sürdürməyə çalışan xalqlar indi
keçmişdə olub-bitənlərə görə
bir-birini məşhər ayağına çəksələr,
Yer üzündə nələr olar?!
Hansısa xalqa tarixlə istədiyi
kimi oynamaq üçün əlahiddə haqqı kim verib?!
Niyə
dünya cəmi 20 il əvvəl ermənilər tərəfindən
azərbaycanlılara qarşı törədilmiş
Xocalı soyqırımı dəhşətinə kor olub,
guya yüz il əvvəl baş vermiş hansısa uydurma
hadisəni soyqırımı kimi isbat etməyə
çalışmalıdır?!
Əgər,
bütün bunların başlıca səbəbi xristian həmrəyliyidirsə,
axı bu cür əməllər İslam kimi xristian
inancının baxış bucağından da tam bir
Allahsızlıqdır!..
***
...Bu
qış Parisdən eşidilən xoşagəlməz xəbərlərlə
başladı, dünyanın Sevgi və ətir paytaxtı bu
dəfə Ermənistanın illərdir dünyaya yaymaqdan
yorulub-usanmadığı qan və nifrət qoxusuna
büründü...
Fransa
Milli Assambleyası uydurma erməni soyqırımını
inkar edənlərin cəzalandırılmasını nəzərdə
tutan qanun layihəsini qəbul etdi, bununla da əsrlərcə
tarixi saxtalaşdırmaqla məşğul olmuş ermənilərin
Xocalı soyqırımı qurbanlarının al qanı hələ
qurumamış qatil əllərindən yapışdı,
haqq söyləyən dilləri qanlı ovuclarla qapamağa, həqiqət
deyən ağızlara daş basmağa qalxdı...
Təəccüblənmədik, təəccüblənə
bilmədik...
Bütün
bunlar, nə vaxtsa öz həqiqətini qorxmadan dilə gətirdiyinə
görə Janna Darkın diri-diri odda
yandırıldığı bir torpaqda baş verdi...
Bu rəzalət
zamanında bəşəriyyətə maarifçilik,
söz, ifadə azadlığı dərsi vermiş Jan Jak
Russonun, Volterin, Monteskyönün respublikasında
yaşandı...
Heyrətlənmədik...
Çoxumuzun
ilk dəfə ölməz Viktor Hüqonun "Səfillər"
abidəsinin dayandığı ucalıqda görüb məftun
olduğumuz bir məmləkət bəzi siyasilərinin
beş-on erməninin səsini qazanmasından ötrü
özünü həyatın dibində sürünən
işğalçı Ermənistanla bərabərləşdirmək
istədi...
Təəssüfləndik, neyləməli,
dünyanın gərdişi belədir...
Bizi təəccübləndirən də,
heyrətləndirən də, təəssüfləndirən
də başqa səbəblər oldu...
***
Bu gün
Azərbaycan və Türkiyə zamanın sərhədlərlə
bir-birindən ayırıb iraq saldığı türk
dünyasını ortaq keçmişdən ortaq gələcəyə
doğru aparan qoşa qanad misalıdır. Müasir dünyada
mənəvi-siyasi baxımdan bir-birinə bu qədər
yaxın olan başqa dövlətlərin mövcudluğunu təsəvvür
etmək belə çox çətindir. Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, "...bəlkə
də dünyada ikinci belə ölkələr yoxdur ki,
bir-birinə bu qədər bağlı, bu qədər
yaxın olsunlar. Xoşbəxtliyimiz ondan ibarətdir ki, biz
tarixi ədalətə, keçmişimizə, əcdadlarımızın
vəsiyyətlərinə sadiqik".
Azərbaycan
öz müstəqilliyini bərpa edəndən sonra 1991-ci il
noyabrın 9-dan ölkəmizin müstəqilliyini tanıyan
ilk dövlət məhz Türkiyədir.
Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzünün ilk
günlərindən Türkiyə Azərbaycanın beynəlxalq
hüquq normalarına uyğun haqlı tələblərini
ardıcıl şəkildə müdafiə etməkdədir.
Bu ölkə respublikamızın ərazi
bütövlüyünün və suveren
hüquqlarının təmin olunması üçün səylərini
heç zaman əsirgəməyib. Münaqişənin həlli
yolunu ancaq Azərbaycanın razılaşacağı şərtlər
çərçivəsində qəbul edəcəyini bildirən
Türkiyə münaqişə nizamlanana qədər Ermənistanla
diplomatik münasibətlər qurmayacağı və iqtisadi əlaqələr
yaratmayacağı barədə öz qətiyyətli
mövqeyindən dönməyəcəyini dəfələrlə
bəyan edib.
Türkiyənin
bu sözünü hansı çətinliklər hesabına
tutduğunu təsəvvürə gətirməkdən
ötrü, bir neçə il əvvəl Sürix şəhərində
məlum protokolların imzalanması zamanı Türkiyə
xarici işlər nazirinin başının üzərini kəsdirib
məkrli nəzərlərini ümidlə onun
qarşısındakı vərəqlərə - Ermənistanın
ac-yalavac durumdan xilas yoluna dikmiş siyasilərin hiyləgər
çöhrələrini xatırlamaq yetər. Amma Türkiyə
bu təhdidlər qarşısında yenə öz qətiyyətini
qoruyur, Azərbaycanın təklənib qurdlar süfrəsinə
çəkilməsinə təhəmmül etmir.
Azərbaycan-Türkiyə
münasibətləri bu gün bərabərhüquqluluğu,
qarşılıqlı-faydalılığı ilə hər
iki dövlətin siyasi, iqtisadi, mədəni, sosial, təhlükəsizlik
maraqlarına cavab verir. Bu münasibətlərin sivil beynəlxalq
münasibətlərə tam uyğunluğu göz
önündədir, aydın sezilir. Azərbaycan və Türkiyə
beynəlxalq aləmdə daim bir-birinin təəssübünü
çəkir, bir-birinin maraqlarını qoruyur, eyni zamanda bunu
eyni millətə mənsubluğun doğurduğu emosional
hisslərlə yox, beynəlxalq hüquq normalarına uyğun
bir şəkildə etməyə cəhd göstərir.
Türkiyə
Qafqazlarda özünün bütün addımlarını Azərbaycanın
köməkliyi və maraqlarının nəzərə
alınması ilə, Azərbaycan isə özünün Qərb
siyasətini eyni prinsiplə həyata keçirməyə
çalışır.
Azərbaycan
Türkiyə üçün Qafqazlarda olduğu kimi, həm
də Orta Asiya və Xəzər bölgəsindəki digər
dövlətlərlə, xüsusən türk dövlətləri,
İslam dininə mənsub xalqlarla əlaqə
üçün mühüm vasitədir və ölkəmiz
bu bağlantının təmin olunması üçün səylərini
əsirgəmir.
Azərbaycan
Türkiyənin dünyadakı siyasi, iqtisadi, mənəvi
qüdrəti üçün əlindən gələn hər
şeyi edir, çünki Türkiyə demək həm də
Azərbaycan demək, sevinci ilə də, acısı ilə
də...
"Bu
yaxınlarda Türkiyə BMT Təhlükəsizlik
Şurasında təmsil olunurdu, indi Azərbaycan təmsil
olunur. Ancaq siz də bilirsiniz, biz də bilirik ki, bu yer bizim
müştərək yerimizdir". Azərbaycan-Türkiyə
münasibətlərinin gerçək mahiyyəti, Azərbaycan
Prezidenti cənab İlham Əliyevin Türkiyənin Baş
nazirinə, Türkiyə ictimaiyyəti nümayəndələrinə
xitabən söylədiyi bu kəlmələrdədir,
insanlarımızın içdən gələn bu səmimi
hisslərində, duyğularındadır...
Bu gün
Azərbaycan bayrağının dalğalandığı hər
yerdə Türkiyə var, Türkiyə bayrağının
dalğalandığı hər yerdə Azərbaycan...
"Eurovision"
mahnı müsabiqəsinin finalında Azərbaycanın tarixi
qələbə anlarını xatırladınızmı?! Həmin
anlarda izlədiyimiz maraqlı "müqəddəs bir
yanlış" Azərbaycan və Türkiyənin dünya
düzənində bir-biri üçün nə demək
olduğunu simvolizə edən naxışa çevrildi,
finalçılarımızdan biri həyəcan içində
arenaya Türkiyə bayrağı ilə yüyürdü.
Azərbaycan
bayrağının arenaya Türkiyə bayrağının
ardınca gəlməsi Azərbaycanda kimsəni
qısqandırmadı, kimsəni narahat etmədi, əksinə,
sevinc hissimizə daha bir duyğu qatdı, sevincimizin
hüdudlarını genişləndirdi, çünki bu, həm
də Türkiyənin zəfəri idi...
***
"Bir
millət - iki dövlət" - böyük dövlət
adamı Heydər Əliyev özünəməxsus
müdrikliklə hələ illər öncə Azərbaycan
- Türkiyə münasibətlərinin dəqiq düsturunu
belə müəyyənləşdirmişdi. Yaxın
keçmişimizdə bu tarixi şəxsiyyətin türk
dünyasının gələcəyi üçün irəli
sürdüyü ideyalar aradan keçən zamanda bizi
bir-birimizə daha sıx bağlayır, birliyimizi sarsılmaz
edir. Azərbaycan və Türkiyə
"Bakı-Tbilisi-Ceyhan", "Bakı-Tbilisi-Ərzurum",
"Bakı-Tbilisi-Qars", "TransAnadolu qaz" kimi qlobal
möcüzələrlə bu gün dünyanın
böyük bir coğrafiyasında əl-ələ tutuşur,
iki qardaşın birləşmiş əllərinin yenilməzliyi,
tarixin qədim çağlarında törətdiyi hər qəbahət
üstündə bu əllərin şapalağını
çox dadmış türk düşmənlərini
qayğılandırır.
Erməni
"soyqırımı"nı inkar qanununun Fransada gündəmə
gətirildiyi ilk günlərdən Azərbaycan və
Türkiyə bəlkə də çağdaş tariximizdə
ilk dəfə bu qardaş əllərin birgə
gücünü bütün reallığı ilə
nümayiş etdirməkdən çəkinmədi...
Parlamentlərimiz,
millət vəkillərimiz, diplomatik qurumlarımız,
mediamız, qeyri-hökumət təşkilatlarımız, vətəndaşlarımız,
xaricdəki soydaşlarımız, bir sözlə,
bütün Türkiyə və Azərbaycan birgə hərəkətə
keçdi, haqsızlığın, ədalətsizliyin,
Allahsızlığın üzərinə ilk dəfə bu
qədər güvənlə, birgəliklə
yürüdü...
Hər kəs
bu qardaş əllərin birlikdə nə qədər
güclü olduğunu duydu, hiss etdi, dost sevindi, düşmən
təşvişə düşdü...
Belə
bir coşğuya, bərabərliyə kölgə salmaq, xələl
gətirmək, səfimizi dağıtmağa səy göstərmək
ancaq bu birgəlikdən təlaşlanmış düşmənlərin
və öz içimizdə onların xidmətində
dayananların ağlına gələ bilərdi və əfsuslar
olsun ki, ötən karvanımızdan
baxdığımızda həm Türkiyədə, həm Azərbaycanda
belələrinin də səs-səsə verdiyini
gördük...
Və bizi təəccübləndirən
də, təəssüfləndirən də, bax, bu oldu!..
Biriləri
belə çətin məqamda Azərbaycanın Fransa
Senatının məlum addımına qarşı Türkiyə
ilə birgə gördüyü işləri, rəsmi səviyyədə
sərgilədiyi prinsipial mövqeyi kənara qoyub, bunların əvəzində
Azərbaycan Prezidentindən Onun daşıdığı ali
vəzifənin məsuliyyəti, peşəkar diplomatik
üslubu üçün xarakterik olmayan emosional bəyanatlar
gözlədilər, buna səbirsizlənib, qələmlərini
qərəzlə, təxribat sevdası ilə itilədilər,
unutdular ki, Prezident Sözünün dəyəri onun öz məqamında,
öz tərzində deyilməsindədir!
Məqamında
bu Söz, bir zamanlar pivəxanalarında Hitlerin faşizm
ideyalarını cücərtdiyi bir şəhərdə, Azərbaycanın
da Misirin, Liviyanın, İraqın gününə
düşməsini arzulayanların bəd ağzına tərs
sillə kimi səsləndi: "Azərbaycanda müasir, sabit
cəmiyyət var. Kimsə Azərbaycanda Misirdə baş verən
hadisələr kimi nə isə görmək istəyirsə,
sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən
asılı olmayaraq, bunu görməyəcəksiniz!.."
Məqamında
bu Söz onu eşitmək üçün Fransa
senatorlarını hüzuruna qədər gətirdi, digər
həmkarlarından fərqli olaraq ədalət hissini itirməmiş
bu insanlara Fransanın tutduğu yolun
yanlışlığını, demokratik dəyərlərlə
bir araya sığmadığını, Fransa kimi bir dövlətə
yaraşmadığını anlatdı.
Hər hansı isterik davranışlara deyil, müasir dünyanın oyun qaydalarına, əsl dövlət adamının peşəkar diplomat səriştəsinə əsaslanan bu Sözün, Azərbaycan-Türkiyə birgəliyinin, indi Fransanın məlum addımına sevinib, bütün bunlardan həm də Azərbaycanla Türkiyənin arasını vurmaq, beləliklə, bulanıq suda tutulmuş balıqları bazara çıxarmaq üçün fürsət gözləyən kəslərə hansı sürprizləri hazırlayacağını indidən kimsə təxmin edə bilməz...
Bu arada Türkiyədə düşmən felinə uymuşlara ən tutarlı cavabı sayın Ərdoğandan duyduq: "Mən son günlər bəzi qəzetlərdən oxuyuram ki, Azərbaycan Türkiyəyə dəstək vermir. Bəsdir, yetər! Bizə qardaş Azərbaycanın dəstəyi lazımdır və bu dəstək var. İncidici ifadələr işlətməkdənsə, birləşmək lazımdır. Azərbaycan və Türkiyədən olan millət vəkilləri çalışacaqlar ki, Xocalı soyqırımı bütün dünyada tanınsın. Bizim düşmənlərimiz həmişə yetərincə olub. Azərbaycan bizim qardaşımızdır və qardaş çiyni həmişə bizimlədir..."
...26 fevral günü - Xocalı soyqırımının 20-ci ildönümündə Bakıda və İstanbulda keçirilən möhtəşəm aksiya sevinci də, acısı da bir olan iki qardaşın çiyin-çiyinə verib "Ya həddinizi biləcəksiniz, ya da həddinizi bildirəcəyik!" deyə ədalətsizliyin, haqsızlığın, Allahsızlığın üzərinə yürüdüyü əzəmətli abidəsi idi...
...Və bu
yürüşün ilk addımından türk tarixinin yeni
bir səhifəsi başlanır!...
Fərqindəyik,
yer üzü, bir günün içində dəyişəsi
deyil...
Əliqanlı insan qəssabları tövbə qapısından gen gəzib öz cinayətlərini davam etdirmək üçün bundan sonra da fürsət axtaracaqlar...
Erməni yalanları yenə beynəlxalq aləmdə, xarici ölkələrin parlamentlərində acı toz-duman kimi dolaşıb zəhlə tökəcək...
Dünyanın tezliklə haqqa tapınacağını, ədalətsizlikdən əl çəkəcəyini də düşünməyə dəyməz...
Amma daha heç
nə əskisi kimi olmayacaq...
Bundan sonra haqqımızı pozmağa, qürurumuza toxunmağa qalxan hər kəs qarşısında çiyin-çiyin verib üzərinə yeriyən Türkiyə və Azərbaycanı görəcək!
Biz bunu
bacardıq və biz bunu yenə bacaracağıq!
Türkiyədə də, Azərbaycanda da indiyə qədər bu mövzuda min məzhəbə qulluq edib düşmən ocağını körükləyənləri, utanc hissini itirmişləri, öz istəklərini qəzet səhifələrində sərgiləyənləri isə, qoy, Türkün şanlı tarixi, Bilgə xaqanın Kül tigin daşlarına qazılmış çağırışı məyus etsin: "Türk bəyləri! Eşidin! Üstdə göy basmasa, altda yer dəlinməsə, sənin elini, sənin adətini kim poza bilər? Sənə kim qalib gələ bilər? Ey Türk milləti! Titrə və özünə dön! Sən özünə dönəndə böyük olursan!.."
***
...Aman Allah, necə
də möhtəşəm səslənir: "...sən
özünə dönəndə..."
Fevralın 26-da bütün ruhumuzla duyub, yaşadıqlarımız - qüdrətli bir Xalqın titrəyişi idi...
Meydanları və küçələri silkələyən addımlar, hayqırtılar yenidən bütövləşən, böyüyən BİR ÜRƏYİN vaxtın ahəngi ilə sinxron döyüntüsü idi...
Bəli,
Türkün özünə dönüşü idi bu...
Dönüşümüz
xeyir!
İmamverdi
İSMAYILOV
Azərbaycan.- 2012.- 2 mart.- S. 3.