Azərbaycan BMT tribunasından milli maraqları naminə uğurla yararlanır

 

 Azərbaycanın bu təşkilata qəbul olunmasından 20 il keçir

 

 Aparıcı və mötəbər beynəlxalq təşkilatların üzvü olmaq, onun işində yaxından iştirak etmək, əməkdaşlıq münasibətləri qurmaq hər bir dövlətin xarici siyasətdə qarşıya qoyduğu hədəflərdir. Dövlət müstəqilliyinin bərpasının 20-ci ilini artıq geridə qoyan Azərbaycan Respublikası da beynəlxalq aləmə inteqrasiya kursunu seçərək qlobal siyasi proseslərə əsaslı təsir imkanları olan aparıcı təşkilatlarla əməkdaşlığa daim mühüm önəm vermişdir. Hazırda BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatına üzv olan Azərbaycan bu mötəbər qurumlarla uğurla əməkdaşlıq edir.

Təbii ki, bu sırada Azərbaycanın bütün dünyanı birləşdirən əsas aparıcı təşkilat olan Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələri xüsusilə qeyd edilməlidir. Bu gün respublikamızın bu təşkilata üzvlüyünün 20-ci ildönümü tamam olur. Yenicə müstəqillik qazanmış respublikamız 1992-ci il martın 2-də bu mötəbər beynəlxalq təşkilatın sıralarına daxil olmaqla, dövlət müstəqilliyinə siyasi-hüquqi təminatı gücləndirmək, eləcə də beynəlxalq səviyyədə maraq və mənafelərini müdafiə etmək üçün əlverişli tribuna qazanmışdır. BMT-yə üzv olduqdan sonra respublikamız bu mötəbər qurumun platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etməklə, BMT-nin potensial imkanlarından istifadə etməklə problemin ədalətli həllinə nail olmaq üçün geniş imkanlar əldə etdi. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etdi. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını, Dağlıq Qarabağonun ətrafındakı rayonların Ermənistan tərəfindən işğalı faktını təsdiq edərək işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən dərhal çıxarılması tələblərini irəli sürmüşdür. BMT-nin Baş Məclisi Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan əhalisinin doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsindən narahatlıq hissi keçirərək 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" qətnamə qəbul etmişdir.

Azərbaycan-BMT münasibətlərində 1993-cü ildən sonra yeni mərhələ başlamışdır. Belə ki, ulu öndər Heydər Əliyevin həmin il hakimiyyətə qayıdışından sonra  Azərbaycanın xarici siyasətində baş verən kardinal dəyişikliklər tez bir zamanda BMT ilə münasibətlərdə də özünü göstərdi. Həmin dövrdən Azərbaycan BMT Baş Məclisinin işində fəal iştirak etməyə başlamışdır. 1994-cü və 1995-ci illərdə BMT Baş Məclisinin 49-cu və 50-ci sessiyalarında ulu öndər Heydər Əliyev iştirak etmişdir. Ulu öndərin bu sessiyalardakı çıxışları Azərbaycan və BMT münasibətlərinin genişləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsində  mühüm rol oynamışdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyev 1994-cü il sentyabrın 30-da BMT Baş Məclisinin 49-cu sessiyasının iclasında nitq söyləmişdir. Ulu öndər çıxışında Azərbaycan Respublikasının mövcud siyasi-iqtisadi vəziyyəti və dünya birliyinə münasibətdə siyasətinin prinsiplərini bəyan etmiş, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında geniş məlumat verərək bunun nəticəsində ölkəmizin düşdüyü çox ağır vəziyyəti BMT üzvlərinə çatdırmışdır. Heydər Əliyev nitqində bir il sonra 50 illiyini keçirəcək BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tədbirlər görməsinin vacibliyini bildirmiş, bu məsələdə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin əsas götürülməsini diqqətə çatdırmışdır. Ulu öndər Ermənistanın millətlərin öz müqəddəratını təyinetmə hüququndan yararlanaraq Azərbaycanın ərazi bütövlüyünü pozmasının yolverilməz olduğunu söyləmişdir.

Ümummilli lider Heydər Əliyev ikinci dəfə 1995-ci il oktyabrın 22-də BMT-nin 50 illiyi münasibətilə Baş Məclisdə etdiyi çıxışında qurumun fəaliyyətinin dünya üçün əhəmiyyətli olduğunu demişdir. Bununla bərabər ulu öndər Ermənistanın BMT qətnamələrini hələ də yerinə yetirmədiyini bir daha xatırlatmışdır. Ümummilli lider nitqinin sonunda təcavüzə qarşı çıxdığını və bir daha sülh tərəfdarı olduğunu bəyan etmişdir: "Azərbaycan xalqının iradəsini ifadə edərək bəyan edirəm ki, biz Yer kürəsinin hər hansı bir nöqtəsində və hər hansı bir formada təcavüzkarlığı pisləyirik. Biz sülh istəyirik. Biz bütün dünyada sülh istəyirik, bizim regionda sülh istəyirik, bütün qonşu dövlətlərlə sülhmehriban münasibətlər istəyirik".

1996-cı ildə BMT Baş Məclisi ATƏT-lə əməkdaşlığa dair qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiyini təsdiqləmişdir. Bundan bir il sonra, 28 iyul 1997-ci ildə ulu öndər Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı təşkilatın Baş katibi Kofi Annanla görüşmüşdür. K.Annan Azərbaycan Prezidenti ilə söhbətində BMT-nin ölkənin ərazi bütövlüyünə tərəfdar olduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Lissabon Zirvə görüşünün prinsipləri əsasında həllinin düzgünlüyünü bildirmişdir.

2000-ci ilin sentyabrında BMT-nin Minillik Zirvə Toplantısında iştirak edən Heydər Əliyev 150-dən çox dünya dövlətlərinin rəhbərlərinin iştirak etdiyi  ümumdünya tədbirində də dərin nitq söyləmiş, Ermənistanın təcavüzünü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini bir daha dünyanın diqqətinə çatdırmışdır.

BMT qətnamələrinin yerinə yetirilməsi təmin olunmasa da, Ermənistan təcavüzünün nəticələrinin yüngülləşdirilməsi üçün BMT müvafiq humanitar fəaliyyət göstərmişdir. Bu sırada təcavüz nəticəsində öz yerlərindən zorla çıxarılmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin çətinliklərinin aradan qaldırılması üçün BMT yardımlarını qeyd etmək olar. 1993-cü ildən başlayaraq BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR) ilə birgə azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində səmərəli əməkdaşlıq həyata keçirilmişdir.

Əlbəttə, əməkdaşlıq yalnız bu məsələlərlə bitməmiş, ölkəmizlə BMT-nin digər qurum və orqanları arasında müxtəlif sahələrdə də əlaqələr uğurla həyata keçirilmişdir. Buna misal olaraq BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO), BMT-nin Uşaq Fondu (UNİCEF), BMT İnkişaf Proqramı (BMTİP), Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu ilə birgə həyata keçirilən layihə və proqramları göstərmək olar. 1998-ci ildə Heydər Əliyevin fərmanı ilə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyi Azərbaycanda yüksək səviyyədə qeyd edilmişdir.

Azərbaycan BMT çərçivəsində terrorizmə qarşı aparılan mübarizəyə də fəal dəstək vermiş, 2001-ci il 11 sentyabr hadisələrindən sonra bu qurumun antiterror tədbirlərinə qoşulmuşdur. Respublikamız BMT Təhlükəsizlik Şurasının Terrorizmə qarşı Mübarizə Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin quruma Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim etmişdir. Ölkəmiz beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. BMT-nin 21-ci əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün təşkilat daxilində islahatların aparılması ideyasını dəstəkləyir.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət son illərdə ölkəmizin həm regional, həm də beynəlxalq mövqelərini xeyli gücləndirmişdir. Uğurlu xarici siyasət beynəlxalq təşkilatlarla əməkdaşlıqda da özünü göstərməkdədir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev xüsusilə BMT tribunasından ölkəmizin milli maraqlarının təmin edilməsi, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün böyük siyasi məharətlə yararlanır. Azərbaycan Prezidentinin BMT-nin sessiyalarında etdiyi çıxışlar bunun əyani təsdiqidir. Ölkəmizin başçısı ilk dəfə hələ 2003-cü ilin sentyabrında Azərbaycanın Baş naziri olarkən BMT Baş Məclisinin sessiyasında çıxış etmiş, regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı fikirlərini açıqlamışdır. Cənab İlham Əliyev beynəlxalq miqyasda cərəyan edən mürəkkəb proseslərdə BMT-nin yenidən strukturlaşmasını, onun perspektiv fəaliyyət strategiyasında əsaslı dəyişikliklər edilməsi məsələsini ön plana çıxarmışdır. Bir il sonra, 2004-cü ilin sentyabrında BMT Baş Məclisinin 59-cu sessiyasındakı nitqində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin hələ də yerinə yetirilmədiyini xatırladıb. Cənab İlham Əliyev BMT qərarlarının həyata keçirilməsi üçün səmərəli və təsirli mexanizmin əhəmiyyətini qeyd etmişdir.

Prezident İlham Əliyev 2010-cu ilin sentyabrında BMT Baş Assambleyasının 65-ci sessiyasında da iştirak etmiş, çıxışı zamanı diqqəti bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltmişdir. Dövlətimizin başçısı demişdir ki, münaqişənin mümkün qədər tez və davamlı həll variantını tapmaq məqsədi ilə vicdanla danışıqlar aparmaq əvəzinə, Ermənistan vəziyyətin ağırlaşmasına üstünlük verirbu da gözlənilməz nəticələrə gətirə bilər: "Münaqişənin tezliklə həll olunması istiqamətində göstərilən hazırkı səylərə baxmayaraq, Azərbaycanın işğal edilmiş ərazilərində aparılan işlər beynəlxalq hüququ kobud surətdə pozur və işğalın cari status-kvosunun daha da möhkəmləndirilməsinə, etnik təmizləmənin nəticələrinin saxlanmasına, zəbt olunmuş ərazilərdə məskunlaşmanın aparılmasına xidmət edir, o cümlədən münaqişənin dinc yolla həllinə ciddi maneə yaradır".

1993-cü  ildə qəbul edilən 4 qətnamə ilə yanaşı Azərbaycan BMT-də Ermənistana qarşı digər sənədlərin də qəbuluna nail olub. Buna 2008-ci ildə "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" məsələsinin müzakirəsini misal gətirə bilərik. Bu qətnamə BMT Baş Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini bir daha ifadə etmişdir. Sənəd Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək vermiş, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir.

Azərbaycan-BMT əməkdaşlığından danışarkən bir məsələni də qeyd etmək lazımdır ki, ölkəmiz bu təşkilatın müvafiq seçkili qurumlarına öz namizədliyini irəli sürməklə onların işində fəal iştirak etmişdir. Məsələn, respublikamız UNİCEF-in İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində, Qadınların vəziyyəti haqqında Komissiyanın 2000-2002-ci illər ərzində və BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının 2002-2004-cü illər ərzində üzvü olmuşdur. Ölkəmiz 2003-2005-ci illər üçün BMT-nin İqtisadiSosial Şurasının üzvü seçilmişdir.

Ötən ilin sonlarına yaxın isə Azərbaycanın BMT ilə əməkdaşlığında ölkəmiz üçün yeni bir tarixi mərhələnin əsası qoyuldu. 2011-ci il oktyabrın 24-də Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçildi. Azərbaycan bu seçkidə Şərqi Avropa regionundan olan ölkələr qrupundan iştirak edirdi. Gizli keçirilən səsvermə zamanı əsas mübarizə Azərbaycanla Sloveniya arasında getdi. TŞ-nin üzvü seçilmək üçün 193 üzv ölkədən üçdə ikisinin (129 səs) dəstəyini qazanmaq lazım idi. Səsvermənin növbəti mərhələlərindən sonra Sloveniya tərəfi Azərbaycanın açıq üstünlüyünüdaha çox dəstəkləndiyini görüb mübarizədən geri çəkildi. Yekunda 155 ölkənin dəstəyini qazanaraq Azərbaycan BMT TŞ-nin üzvü seçildi.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində ölkəmizin BMT TŞ-yə üzv seçilməsini tarixi qələbə adlandıraraq deyib: "2011-ci ildə ölkəmiz üçün çox vacib hadisə baş vermişdir. İlk dəfə olaraq Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, böyük tarixi qələbədir. Hesab edirəm ki, 20 illik müstəqillik dövründə ən böyük qələbəmizdir. Çətin mübarizədə biz bütün dünya birliyinin inamını qazana bilmişik. İlk turdan başlayaraq sonuncu tura qədər Azərbaycan bu səsvermədə liderlik edirdi. Nəticə etibarilə dünyanın 155 ölkəsi Azərbaycana öz səsini verdi, Azərbaycana inandı, bizim siyasətimizi dəstəklədi".

Bəli, 2011-ci il Azərbaycanda həyatın bütün sahələrində qazanılan çoxlu uğurlarla yadda qaldı. Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etdiyimiz ötən il qarşıda duran bütün məqsədlər, ayrı-ayrı proqram və layihələr üzrə nəzərdə tutulmuş vəzifələr real həyata vəsiqə qazandı. İstər iqtisadiyyatda, istər sosial həyatda, istərsə də mədəni mühitdə müşahidə edilən yüksəliş, tərəqqi və artım ölkədə həyata keçirilən islahatların səmərəliliyini, effektivliyini bir daha təsdiq etdi. Xüsusilə beynəlxalq müstəvidə qazanılan uğurlar Azərbaycanın müstəqil dövlət kimi dünya birliyindəki yerinin möhkəm olduğunu göstərdi. "Eurovision" qələbəsindən sonra ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzvlüyü qazandığımız uğurların zirvə nöqtəsi oldu.

BMT TŞ-yə üzv olmağın şərtləri var. O dövlət bu quruma üzv ola bilər ki, sülhə, təhlükəsizliyə, tolerantlığa, iqtisadi inkişafa, millətlərarası və sivilizasiyalararası münasibətlərə, dialoqa əməli töhfələr verir. Müqayisə etsək görərik ki, Azərbaycan Cənubi Qafqazda deyilənlərə daha çox önəm verən ölkədir. Respublikamızın BMT sənədlərində nəzərdə tutulan məsələlərə verdiyi böyük töhfələr, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Heydər Əliyev Fondu, Xarici İşlər Nazirliyi, Yeni Azərbaycan Partiyası xətti ilə ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq siyasi, iqtisadi, mədəni və humanitar tədbirlər, idman yarışları Azərbaycanın dünyada sülhə, əmin-amanlığa, sivilizasiyalararası dialoqa, dövlətlərarası münasibətlərə, tolerantlığa, multikulturalizmə, millətlərarası əlaqələrə çox böyük töhfələr verdiyini göstərən amillərdir. Digər tərəfdən, Azərbaycan artıq beynəlxalq proseslərə də təsir göstərən dövlətə çevrilib. Bu göstəricilərin hər biri Azərbaycanın nüfuzunu artıran çox mühüm meyarlardır. Azərbaycan Prezidenti İlham Əliyevin dünya siyasətçiləri və liderləri arasında şəxsi nüfuzunun yüksək olması, dövlət başçısı kimi ölkələrarası münasibətlərə verdiyi töhfə də təbii ki, respublikamızın beynəlxalq imicinin artmasında öz rolunu oynamaqdadır. Bununla da, Azərbaycan BMT TŞ-nin üzvlüyünə namizədliyini irəli sürdükdə nəticə etibarilə böyük uğura imza ata bildi.

BMT TŞ-yə üzvlük Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn normalarına uyğun həlli istiqamətində Azərbaycana çox mühüm platforma verir. Təbii ki, ölkəmiz TŞ-də təmsil olunmaqla üzv dövlətlərin diqqətini daha fəal şəkildə bu qurumun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrası məsələsinə və Ermənistana beynəlxalq təzyiqlərin artırılmasına yönəldəcək.

Azərbaycan BMT TŞ-də səlahiyyətlərinin icrasına başlayıb. Respublikamız 2 il ərzində Şərqi Avropa dövlətlər qrupunu BMT TŞ-də təmsil edəcək. Hər zaman uğurlu xarici siyasət həyata keçirən respublikamızın belə bir mötəbər qurumda təmsil olunması ölkəmizin beynəlxalq miqyasda nüfuzunun daha da yüksəlməsi ilə müşayiət olunacaq. 2012-2013-cü illərdə bir sıra beynəlxalq və regional münaqişələr üzrə qərarların qəbul edilməsi proqnozlaşdırıldığından Azərbaycanın bu məsələlər üzrə TŞ-də həyata keçirəcəyi fəaliyyət olduqca aktualdır. Ən əsası BMT TŞ-də üzvlük dünyanın bu mötəbər təşkilatı ilə ölkəmiz arasında əməkdaşlığın daha da inkişafına mühüm təsir göstərəcək.

 

 

 Alış QASIMOV,

BDU-nun Əmək və ekologiya

Hüququ kafedrasının müdiri,

hüquq elmləri doktoru, professor

 

Azərbaycan.- 2012.- 2 mart.- S. 4.