Mərkəzi Bank ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

Mərkəzi Bankın sədri Elman Rüstəmov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə institutları üzrə icraçı direktoru Nik Tesseymanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Mərkəzi Bankın kommunikasiya departamentindən bildirmişlər ki, görüşdə AYİB-nin Azərbaycanda hazırkı fəaliyyəti və  əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Mərkəzi Bank ilə AYİB arasında əməkdaşlığın bundan sonra da  yüksələn xətlə inkişaf edəcəyinə əminliyini vurğulayan E.Rüstəmov  bildirmişdir ki, hazırda AYİB-nin Azərbaycan bank sistemi ilə əməkdaşlığı çərçivəsində bir sıra layihələr uğurla həyata keçirilmişdir.

AYİB-nin maliyyə institutları üzrə icraçı direktoru Nik Tesseyman təmsil etdiyi qurumun ölkəmizlə, xüsusilə, Mərkəzi Bankla əməkdaşlıqdan məmnunluğunu bildirmişdir. O, Mərkəzi Bankın qlobal maliyyə böhranı şəraitində bank sektoruna yaxından dəstək olduğunu vurğulayaraq görülən antiböhran tədbirlərinin və "post-böhran" hədəflərinin həyata keçirilməsinin bank sektorunun sabitliyinə və dayanıqlığına imkan verdiyini demişdir.

Görüşdə həmçinin Mərkəzi Bank ilə AYİB arasında formalaşmış əməkdaşlıq əlaqələri və bu əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 2 mart.- S. 5.