Azərbaycanlı alim Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasına müxbir üzv seçilmişdir

 

Azərbaycan Dövlət Aqrar Universitetinə şad xəbər gəlmişdir. Universitetin heyvandarlıq və balıq məhsulları istehsalatı texnologiyası kafedrasının müdiri, 165 elmi məqalənin, 4 dərsliyin və 5 dərs vəsaitinin müəllifi, Azərbaycan Damazlıq Şurasının sədri, kənd təsərrüfatı elmləri doktoru, professor Qənbər Abdullayev Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasına müxbir üzv seçilmişdir.

Bu münasibətlə universitetin elmi şurasında keçirilən yığıncaqda Rusiya Kənd Təsərrüfatı Akademiyasının prezidenti Q.Romanenkonun Azərbaycan Dövlət Aqrar Universitetinin ünvanına göndərdiyi təbrik məktubunun mətni oxunduqdan sonra alimin elmi nailiyyətlərindən söhbət açılmışdır.

Yığıncaqda çıxış edən Qənbər Abdullayev qazandığı bütün nailiyyətləri ümummilli liderimiz Heydər Əliyevin elmə, onun inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirmiş və bildirmişdir ki, Azərbaycanda elmin inkişafı üçün ulu öndərin təşəbbüsü ilə 1980-ci ildə Rusiyaya göndərilən gənclər arasında o da olmuş və üç il Ümumittifaq Heyvandarlıq İnstitutunda aspirant kimi elmin sirlərinə yiyələnmişdir.

Bundan sonra onun üçün elmdə yeni yol açılmış və bugünkü nailiyyətlərə gəlib çatmışdır. Qənbər Abdullayev qalan ömrünü də Azərbaycanda kənd təsərrüfatı elminin inkişafına sərf edəcəyini bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 2 mart.- S. 5.