“Təhsil” Nəşriyyat-Poliqrafiya
Birliyi yeni uğura imza atmışdır
Bu günlərdə "Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyi Beynəlxalq "Ticarət Liderləri Klubu" tərəfindən keçirilmiş müsabiqədə "Keyfiyyətə görə" qızıl medal, xüsusi priz və döş nişanı ilə mükafatlandırılmışdır. Mükafatın təqdimat mərasimi İspaniyanın paytaxtı Madrid şəhərində qurumun baş ofisində təşkil edilmişdir.
AzərTAc xəbər verir ki, bu münasibətlə
martın 1-də "Təhsil" Nəşriyyat-Poliqrafiya
Birliyində təşkil edilmiş tədbir mükafatın təqdimat
mərasiminə həsr edilmiş videomaterialın
nümayişi ilə başlamışdır.
Birliyin baş direktoru Bəhruz Axundov mərasim iştirakçılarına rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, poliqrafiya bazası və yeni qazanılmış uğurla bağlı məlumat vermişdir. Bildirmişdir ki, müxtəlif nəşr növləri ilə məşğul olan müəssisənin hazırladığı kitablar dəfələrlə ölkə və beynəlxalq müsabiqələrdə fərqlənərək yüksək yerlərə layiq görülmüşdür.
Beynəlxalq "Ticarət Liderləri Klubu" haqqında məlumat verən B.Axundov demişdir ki, qurumun 90 ölkədən 7700 üzvü vardır. Təşkilatın müxtəlif ölkələrdə ofisləri fəaliyyət göstərir. Qurumun fəaliyyətində əsas məqsəd iqtisadiyyatın və biznesin daha çox və dinamik inkişafına nail olan ayrı-ayrı ölkələr arasında tanışlığın və qarşılıqlı əlaqələrin yaranmasına və daha da artırılmasına, eləcə də müştərək biznes və yaradıcılıq fəaliyyətinin yaranmasına kömək göstərməkdir.
Natiq diqqətə çatdırmışdır ki, bu müsabiqə 35 ölkə üzrə keçirilmiş və qalib 7 min üzvün səsverməsi yolu ilə müəyyən edilmişdir. Mükafatın 40 illik yubileyi ilə əlaqədar qızıl medalın üzərində simvolik rəsm verilmişdir.
Xüsusi olaraq qeyd edilmişdir ki, "Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyi bu yüksək beynəlxalq mükafata layiq görülmüş ilk Azərbaycan nəşriyyatıdır.
Tədbirdə Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü Vaqif Abbasov, professor
Cahangir Məmmədli, şair Çingiz Əlioğlu, Təhsil
Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, Mədəniyyət
və Turizm Nazirliyinin sektor müdiri Vaqif Bəhmənli və
başqaları nəşriyyatın qazandığı bu
uğuru yüksək qiymətləndirmiş və müəssisə
rəhbərliyinə işlərində yeni-yeni uğurlar
arzulamışlar.
Azərbaycan.- 2012.- 2 mart.- S. 5.