ADU-nun professoru ABŞ Milli Alimlər Assosiasiyasının fəxri üzvü seçilmişdir

 

Azərbaycan Dillər Universitetinin  professoru Əfqan Abdullayev ABŞ Milli Alimlər Assosiasiyasının fəxri üzvü seçilmişdir. Bu məlumat ABŞ Milli Alimlər Assosiasiyasının prezidenti, professor Peter Vyatt Vundun imzası ilə göndərilmiş məktubda əksini tapmışdır.

ADU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu nüfuzlu elmi cəmiyyətə xarici vətəndaşlar ancaq ABŞ universiteti professorlarının təqdimatı əsasında seçilirlər. Professor Ə.Abdullayevin ABŞ Milli Alimlər Assosiasiyasına fəxri üzv seçilməsi Kaliforniyadakı Berkli Universitetinin Dilçilik İnstitutunun tövsiyəsi əsasında olmuşdur.

Professor Ə.Abdullayev 2009-cu ilin iyul-avqust aylarında Berkli Universitetinin Dilçilik İnstitutunda yay sessiyasında mühazirələr oxumuşdur. O, 100-dən çox elmi məqalənin, 6 kitabın (3 kitabı ingilis dilində xaricdə nəşr olunub) müəllifidir. 2002-ci ildən Azərbaycan Dillər Universitetinin professorudur. ABŞ-da, İranda, Rusiyada, İngiltərədə, Almaniyada, Türkiyədə, Polşada, Rumıniyada,  Macarıstanda, İspaniyada müxtəlif beynəlxalq konfranslarda məruzələr etmişdir.

 

 

Azərbaycan.- 2012.- 2 mart.- S. 5.