Sumqayıtda qazanılan uğurların miqyası daha da genişləndirilir

 

Sosial-iqtisadi sahədə dinamik inkişaf dövrünü yaşayan respublikamız qazandığı müvəffəqiyyətləri davamlı şəkildə genişləndirməkdə, yeni və nümunəvi xarakterli nailiyyətlərin müəllifi kimi çıxış etməkdədir. Buna görə dünya miqyasında Azərbaycanın iqtisadi inkişafının fenomenal xarakter daşıdığı qəbul olunmaqda, onun səciyyəvi xüsusiyyətləri daha geniş rakursdan öyrənilməkdədir. Dünyada baş verən böhranlardan yan keçən Azərbaycan iqtisadi inkişaf modelinə, əldə etdiyi nailiyyətlərə görə digər dövlətlərə  nümunə göstərilir. Bu gün respublikamızın hər yerində həyata keçirilən uğurlu iqtisadi islahatlar, demokratik ənənələrin cəmiyyətin tərkib hissəsi kimi çıxış etməsi və digər qlobal proseslər ölkəmizin mövqeyini beynəlxalq aləmdə  gücləndirir.

Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının qarşıdakı dövr ərzində də Azərbaycana yeni möhtəşəm uğurlar qazandıracağını şərtləndirməkdədir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş toplantını bu sözlərlə açdı. E.Əzizov bildirdi ki, sumqayıtlılar əlamətdar bir hadisənin - Prezident İlham Əliyevin ötən ilin iyul və dekabr aylarında  şəhərimizə etdiyi səfərlərinin xoş təəssüratını yaşayırlar. Ölkə başçısının Sumqayıta vaxt ayırıb diqqət göstərməsi sumqayıtlılara olan böyük  qayğısı və məhəbbətindən irəli gəlir. Məhz Prezident İlham Əliyevin tapşırığı və qayğısı sayəsində hazırlanmış layihələrin reallaşması nəticəsində Sumqayıt paytaxtımız Bakının standartlarına yaxınlaşmaqla Avropanın müasir şəhərləri səviyyəsinə qalxacaqdır. Respublikanın rəhbəri Sumqayıta hər səfərində şəhərdə həyata keçirilən islahatlarla, layihələrin icrası ilə maraqlanmışdır. Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda aparılan işlərlə, sumqayıtlıların çoxdan arzusunda olduqları Heydər Əliyev Mərkəzinin, "Cümə" məsçidinin, "Kimyaçı" mədəniyyət sarayının qarşısınında görülən yenidənqurma işləriylə tanış olmuş, öz təklif və tapşırıqlarını vermişdir.

Eldar Əzizov xatırlatdı ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı əldə olunan uğurlara nəzər salaraq bildirmişdir: "...Uğurlarımızın təməlində düşünülmüş iqtisadi siyasətdir, iqtisadi islahatlardır. Bu islahatlar dünya birliyi tərəfindən qiymətləndirilir. Dünyanın aparıcı iqtisadi qurumları Azərbaycanda gedən prosesləri dəstəkləyir, qiymətləndirir və bəzi hallarda bizdə gedən prosesləri heyranlıqla müşahidə edir. Böyük reytinq agentlikləri inkişaf etmiş ölkələrin kredit reytinqlərini aşağı salırlar, Azərbaycanın kredit reytinqlərini qaldırırlar. Böhranlı illərdə ən aparıcı beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən islahatları yüksək qiymətləndirirlər. Yəni bu da çox vacibdir. Əlbəttə, bizim üçün ən vacib olan məsələ odur ki, bildiyimizi edək, iqtisadi inkişafımızı, insanların yaxşı yaşamasını təmin edək. Ancaq görəndə ki, uğurlarımız mötəbər beynəlxalq qurumlar tərəfindən qeyd edilir, əlbəttə ki, bu, bizi daha da sevindirir". Sumqayıtlılar da ölkə başçısının tapşırıq və tövsiyələrinin həyata keçirilməsi üçün var qüvvələrini sərf edəcək və yaxın zamanlarda bunu əməli işləriylə sübut edəcəklər.

Tədbirdə son bir il ərzində şəhərdə aparılan quruculuq işlərinə, həllini tapan məsələlərə həsr olunan film göstərildi (Onu da qeyd edək ki, hesabatın bu formada təqdimatı respublikada ilk dəfədir). Videogörüntülərin nümayişindən sonra şəhər icra aparatının məsul işçisi Sahib Quliyev 2011-ci ildə də Sumqayıt şəhəri üzrə əldə olunan uğurların bəzi məqamlarını müşavirə iştirakçılarının diqqətinə çatdırdı. Şəhərin ötən ildə əldə etdiyi nailiyyətləri S.Quliyev statistik göstəricilərlə də təsdiq etdi. Sumqayıtın gerbi, giriş qapısı, Cümə məsçidi, Heydər Əliyev Mərkəzi və digər layihələr barədə müzakirələr zala toplaşanlarla geniş diskussiya şəklində davam etdirildi. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, sahibkarlığa verilən dəstəyin daha da artırılması, yeni təhsil müəssisələrinin yaradılması istiqamətində görülən işlərdən söhbət açıldı, ortaya çıxan nöqsanlar aşkarlanaraq onları törədən səbəblərin aradan qaldırılması üçün yollar axtarıldı.

Çıxış edənlər bildirdilər ki, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələri tezliklə öz layiqli həllini tapacaq, Sumqayıt  dünyanın müasir şəhərlərindən birinə çevriləcəkdir. Zalda quraşdırılan mikrofonlar vasitəsilə iştirakçılar tərəfindən problemlərlə bağlı verilən bütün suallar müəssisə və təşkilat  rəhbərləri tərəfindən elə yerindəcə cavablandırıldı.

Tədbirin sonunda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.

 

 

 Akif ƏLİYEV

 

Azərbaycan.- 2012.- 2 mart.- S. 6.