“Çırpınırdı
Qara dəniz...”
Qanlı Xocalı hadisələrinin 20-ci ildönümündə, hər bir azərbaycanlının bu hüznlü və ağır günlərində yanında qardaş dəstəyini duymaqdan doğan bir qürur hissi də var. Bu, qardaş Türkiyənin, böyük, qüdrətli Türkiyənin dəstəyi, gücüdür. Onu taleyin hökmü ilə dünyanın hər yerinə səpələnən, uzaq-uzaq ölkələrdə yaşayan hər bir azərbaycanlı, hər bir türk hər an hiss etməkdədir. Yüz illər boyu bir-birinin yanında şərəflə dayanmaqdan, özünü böyük bir millətin övladı hiss etməkdən, çətin və ağır günlərdə bir-birinin yanında olmaqdan, yanaşı durmaqdan, bir qardaş səsini və nəfəsini daima duymaqdan da gözəl nə ola bilər?
Dünyanın ən böyük və ən gözəl şəhərlərindən biri olan İstanbulun Taksim meyadanında, eləcə də Türkiyənin ayrı-ayrı şəhərlərində, bölgələrində yanaşı dalğalanan doğma türk bayraqları hər birimizi yüz il əvvələ çəkib aparır. O vaxt düşmənlərin əhatəsində qalan, bir yandan da erməni qırğınları ilə üz-üzə qalan Osmanlı dövlətinin, türk xalqının köməyinə öz qəlbinin hökmü ilə tələsənlər arasında Azərbaycan türkləri də yüzlərlə, minlərlə idi. Müqəddəs türk bayrağından ötrü şəhid olmaq onlar üçün xöşbəxtlik idi və bu amalla şəhid olanlar arasında həmvətənlərimiz də az deyildi. Onlara Türkiyənin hər yerində rast gəlmək mümkündür və indi də Çanaqqala, Sarıqamış kimi ağır döyüşlərdə igidliklə döyüşüb şəhid olanlar arasında rahat uyumaqdadırlar.
Vaxtilə türk xalqının ruhundan, qəlbindən doğan bu birliyi, bu vəhdəti Əhməd Cavad gözəl ifadə etmişdi:
Çırpınırdı Qara dəniz
Baxıb
türkün bayrağına.
Ah, nə
olur bir ölmədən
düşə bilsəm torpağına.
Vaxt ötdü və 1918-ci ildə Azərbaycan xalqı öz istiqlalına qovuşduqdan sonra onun köməyinə ilk gələn də Anadolu türkü oldu. Həmin ilin mart-aprel aylarında erməni daşnak və rus bolşevik qüvvələrinin əlində həyatını itirən minlərlə Azərbaycan türkünün, islam övladının dadına çatan da Osmanlı dövlətinin göndərdiyi Qafqaz İslam Ordusu oldu. 1918-ci ilin 15 sentyabrında Azərbaycanın mübariz oğulları ilə birlikdə uzun müddət erməni bolşevik əsarətində olan başkəndimiz Bakının xilas edilməsi bu qardaşlıq münasibətlərində tamamilə yeni bir mərhələ oldu. Həmin dövrün ictimai-siyasi xadimləri, ziyalıları bu böyük, tarixi hadisəni hətta öz əhəmiyyətinə görə 28 Mayla müqayisə edirdilər.
O vaxt bu yurd uğrunda şəhid olan türk əsgərlərinin məzarları Azərbaycanın hər yerində var və xalqımız onları şərəfli keçmişindən əziz bir xatirə kimi qoruyub saxlamaqdadır. Nuru Paşanın, Ənvər Paşanın, Qarabəkir Paşanın adı bu gün də hər bir azərbaycanlı gəncin dilində əzbərdir.
21 il əvvəl Azərbaycan xalqı ikinci dəfə öz istiqlaliyyətinə qovuşanda yenə onu ilk dəstəkləyən, ilk tanıyan dövlət Türkiyə oldu. İstiqlaliyyəti ilə yanaşı Qarabağ uğrunda böyük bir savaşa da qucaq açan Azərbaycan torpaqları uğrunda şəhid olanlar arasında yenə də türk əsgər və zabitləri vardı. Xocalıda qətlə yetirilənlər arasında Özbəkistandan ölkəmizə pənah gətirən onlarla məshəti türkü vardı.
Aradan 20 il ötsə də, 26 fevral günü Xocalı faciəsinin ağrılarına şərik olmaq, azğın faşistlərə "dur!" demək, belə ağır gündə Azərbaycanın yanında olmaq üçün İstanbulun mərkəzinə axışan 175 mindən artıq insan türk ruhuna, türk birliyinə ən yaxşı sübut oldu. Deyilənə görə, Türkiyə hələ bu cür izdihamlı yürüş-mitinq görməmişdi. Dillərdə səslənən isə bu kəlmələr idi: "Bir millət, iki dövlət - Xocalıya ədalət!", "Biz hamımız xocalılıyıq!", "Erməni yalanlarına son!", "Qarabağ bizimdir, bizim olacaq!", "Qəlbimizdə Xocalı", "Azərbaycan xalqı tək deyil!"
Bu böyük izdihamın əsas məqsədi neçə ildir susan beynəlxalq ictimaiyyətin, dünya dövlətlərinin diqqətini əsl faciəyə və fəlakətə yönəltmək idi. Onların haqq səsini eşitməmək mümkün deyildi: Xocalı soyqırımını törədən canilər cəzasız qalmasın! Dünya, axır ki, erməni faşizminin nə olduğunu öz gözlərilə görsün.
Bakıda və İstanbulda təşkil olunan əzəmətli yürüş-mitinqləri işıqlandıran dünya mətbuatının, informasiya kanallarının yaydığı məlumatlar artıq erməni yalanının üzə çıxdığını göstərir. Xocalı faciəsinin soyqırımı olması dünyanın bir çox ölkəsinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapmaqdadır. Meksika və Pakistan parlamentlərinin ardınca İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının sesiyası da bu faciəni insanlığa qarşı cinayət kimi qiymətləndirib. Bu təşkilata üzv dövlətlərin sayı isə az deyil - 56 ölkə. Eləcə də ABŞ və Kanadanın bir sıra ştat və şəhəri bu soyqırımı pisləməklə yanaşı, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu birmənalı şəkildə təsdiqləyib.
Azərbaycan nümayəndə heyətinin də qatıldığı, Qara dəniz sahillərini bürüyən möhtəşəm mitinqdə hamının ürəyindən gələn sözləri Türkiyənin daxili işlər naziri İdris Naim Şahin daha gözəl ifadə elədi: "Bizim utanc gətirəcək tariximiz yoxdur. Türk xalqının yumruğu olarsa, haqq-ədalət mütləq öz yerini tapacaqdır. Azərbaycanın ağrısı bizim ağrımız, Azərbaycanda axıdılan qan bizim qanımızdır. Var olsun türk xalqının birliyi!"
Onu da qeyd edək ki, mətbuatda gedən məlumatlara görə, İdris bəyin bu çıxışına Amerikada yaşayan erməni lobbisi daha tez və daha kəskin reaksiya verib. Görünür, bütün bunları bir daha eşitmək bizə lazım olduğu qədər onlara - düşmənlərimizə də lazımmış.
Görünür, həqiqəti məhz belə demək, minlərlə
insan qarşısında, dünyanın gözü önündə məhz belə
ifadə etmək lazımmış. Onda həqiqəti
görmək yəqin daha asan,
eşitmək daha yüngül
olurmuş. Həqiqət isə birdir, bizi sevib
sevməyənlərin arzusundan
asılı olmayaraq bir
cürdür: Azərbaycan-Türkiyə
qardaşlığını heç bir qüvvə sarsıda bilməz. Bu iki dövlətin birliyinin qarşısına da
çıxmaq hər millətin, dövlətin işi deyil. O ki, ola erməni
və Ermənistan.
Bəxtiyar QARACA
Azərbaycan.- 2012.- 2 mart.- S. 7.