Xocalı
soyqırımının 20-ci ildönümü Macarıstan
mətbuatında geniş işıqlandırılıb
Xocalı soyqırımının 20-ci ildönümü Macarıstan mətbuatında geniş işıqlandırılmışdır.
Fevralın 26-27-də ölkənin demək olar ki, bütün əsas kütləvi informasiya vasitələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu qanlı səhifəsi və ermənilərin dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri dəhşətli cinayətlər barədə məlumatlar yaymışlar. Nüfuzlu "Nepsava" qəzetinin ardınca "Macar nemzet" və "Macar hirlap" qəzetləri, MTİ informasiya agentliyi, çoxsaylı internet resursları (onların arasında Ukraynada yaşayan macar azlığın "Karpati İgaz Szo" internet saytı da daxildir") da xocalılılarının üzləşdiyi tarixi ədalətsizlik barədə oxuculara ətraflı məlumat vermişlər. Yazılarda, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana haqsız ərazi iddiaları, tarixi Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı, xüsusi amansızlıqla həyata keçirilən etnik təmizləmə siyasəti haqqında da bəhs edilmişdir.
"Macar nemzet" qəzetinin icmalçısı Qabor Laslo Zord "Xocalı ruhları ayağa qalxır" adlı məqaləsində Xocalı faciəsinin qurbanlarını yad etmək və Ermənistanın soyqırımı siyasətinə etiraz bildirmək məqsədi ilə fevralın 26-da Bakıda keçirilən 60 min nəfərlik mitinqdən də bəhs etmişdir.
Pərvanə QARAYEVA
Azərbaycan.- 2012.- 2 mart.- S. 7.