Azərbaycan ilə
Argentinanın əlaqələrinin inkişafı hər iki
ölkənin maraqlarına xidmət edir
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə martın 2-də ölkəmizdə səfərdə olan Argentina Respublikasının xarici işlər naziri Hektor Timerman ilə görüşmüşdür.
Baş nazir Artur Rasizadə Azərbaycan ilə Argentina arasında əlaqələrin intensivləşdiyini qeyd edərək vurğuladı ki, münasibətlərin inkişafı hər iki ölkənin maraqlarına xidmət edir. Argentinanın Azərbaycanda səfirliyinin açılması da əməkdaşlığın genişlənməsində mühüm rol oynayacaqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Baş nazir Artur Rasizadə ölkəmizin problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu, bunun üçün bütün səylərini əsirgəmədiyini söylədi. Lakin uzun illərdir ki, danışıqların nəticəsiz qalması münaqişənin digər yollarla həllini də istisna etmir.
Xarici işlər naziri Hektor Timerman Azərbaycanda Argentinanın səfirliyinin açılması barədə ölkəsinin Prezidentinin sərəncamını gətirdiyini dedi və bunu Argentina üçün əhəmiyyətli addım adlandırdı. "Azərbaycanda fəaliyyətə başlayacaq səfirlik Cənubi Qafqaz regionunda ilk diplomatik nümayəndəliyimiz olacaqdır", - deyən H.Timerman bununla da Latın Amerikası ölkələri ilə region arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə etdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini bildirən Argentinanın xarici işlər naziri işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının vacib olduğunu vurğuladı.
AzərTAc
Azərbaycan.- 2012.- 3 mart.- S. 2.