Argentina Latın Amerikasında Azərbaycanın etibarlı müttəfiqi olmağa hazırdır

 

 Martın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan argentinalı həmkarı Hektor Timerman ilə görüşmüşdür. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirmişlər.

AzərTAc xəbər verir ki, görüşün çox səmimi şəraitdə keçirildiyini bildirən Elmar Məmmədyarov Argentina ilə Azərbaycanın siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığının gücləndirilməsi üçün münbit şəraitin yarandığını demişdir.

Nazir ötən ay dünyanın iqtisadi cəhətdən inkişaf etmiş 20 ölkəsinin Meksikada keçirilən sammitində iştirakı zamanı argentinalı həmkarı ilə görüşüb əlaqələrin inkişafı haqqında fikir mübadiləsi apardıqlarını xatırlatmışdır.

E.Məmmədyarov vurğulamışdır ki, Azərbaycanın Argentinadakı səfirliyi cəmi 1 il 4 aydır fəaliyyət göstərir və bu qısa zamanda dövlətlərarası əlaqələrin yaranmasında çox işlər görülmüşdür. Bu işlərdən biri də Argentinanın xarici işlər nazirinin Azərbaycana ilk rəsmi səfərinin təşkil edilməsi olmuşdur. Argentina Azərbaycan ilə sıx iqtisadi əlaqələr qurub əməkdaşlığı davam etdirmək istəyir. Görüşdə biz bu məsələni müzakirə etdik və siyasi dialoqu davam etdirmək üçün birgə razılığa gəldik. Həmçinin Azərbaycanın və Argentinanın diplomatik akademiyalarının əməkdaşlığı və tələbə mübadiləsi haqqında da razılıq əldə edildi. Bütün bunlarla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, dünyada və regionda gedən siyasi proseslər də müzakirə edildi və bu məsələlərə aid Azərbaycanın rəsmi mövqeyi hörmətli qonağın diqqətinə çatdırıldı.

Argentinanın xarici işlər naziri Hektor Timerman ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək demişdir ki, Azərbaycan ilə Argentina zəngin təbii ehtiyatlara malik olan ölkələrdir. Hər iki ölkənin böyük iqtisadi potensialı vardır. Bu amillərə əsasən ölkələr arasındakı iqtisadi əlaqələrin inkişafı hər iki xalqın mənafeyinə uyğun olar. Biz xalqlarımızın mənafeyi naminə bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirməliyik.

H.Timerman bildirmişdir ki, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq etməklə ədalətsizliyə və ikili standartlar siyasətinə qarşı səmərəli fəaliyyət göstərə bilərlər. Argentina Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır. Buna görə də Birləşmiş Millətlər Təşkilatının Azərbaycanın işğal edilmiş ərazilərinin təcili olaraq azad edilməsi haqqında qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir.

Nazir Azərbaycanın regionda Argentinanın etibarlı müttəfiqi olacağına inamını ifadə etmiş və demişdir ki, Argentina da Latın Amerikasında Azərbaycanın etibarlı müttəfiqi olmağa hazırdır.

 

 

Azərbaycan.- 2012.- 3 mart.- S. 4.