Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiyada bir sıra mühüm görüşlər keçirmişdir

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Müstəqil Dövlətlər Birliyi (MDB) Dinlərarası Şurasının həmsədri şeyxülislam Allahşükür Paşazadə Moskva şəhərinin meri Sergey Sobyaninin dəvəti ilə Rusiya Federasiyasında (RF) səfərdə olmuşdur.

QMİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, şeyxülislam Allahşükür Paşazadənin S.Sobyanin ilə görüşündə soydaşlarımızın Rusiya cəmiyyətinə mənəvi baxımdan uğurlu inteqrasiyası ilə bağlı məsələlər müzakirə edilmişdir.

Səfər çərçivəsində şeyxülislam Allahşükür Paşazadə, həmçinin Rus Pravoslav Kilsəsinin xarici kilsə əlaqələri şöbəsinin rəhbəri Mitropolit İlarion, kilsə və cəmiyyət əlaqələri şöbəsinin rəhbəri Vsevolod Çaplin ilə görüşmüşdür.

Görüşdə hər iki dini mərkəz arasındakı əməkdaşlıqdan razılıq ifadə olunmuş, dinlərarası dialoqa dair perspektivlər müzakirə edilmişdir. Görüşlərdə MDB Dinlərarası Şurasının xətti ilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 3 mart.- S. 4.