Azərbaycan ilə
əlaqələri möhkəmləndirmək ABŞ
üçün vacibdir
Birləşmiş Ştatların
«World Politics Review» portalı bu barədə yazır
Amerika
Birləşmiş Ştatlarının (ABŞ) xarici siyasətlə
bağlı "World Politics Review" informasiya portalında
Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin
20 illiyi ilə əlaqədar geniş məqalə dərc
edilmişdir.
Məqalənin
müəllifi ABŞ-ın Qudzon İnstitutunun böyük
elmi əməkdaşı və "World Politics
Review" portalının
baş redaktoru Riçard Vayts qeyd edir ki, zəngin karbohidrogen
ehtiyatlarına malik olan Azərbaycan Əfqanıstanda antiterror
əməliyyatları aparan NATO qoşunlarına yaxından
kömək edərək hava məkanından təmənnasız
istifadə etmək üçün icazə vermişdir. Rəsmi
Vaşinqton Bakı ilə əlaqələrinə prioritet
xarakter verməli və Azərbaycanla əməkdaşlığını
gücləndirməlidir. Azərbaycanın sabit və
güclü olması ABŞ-ın maraqlarına uyğundur.
11 sentyabr
terror hadisəsindən sonra Azərbaycan qeyd-şərtsiz
ABŞ-a kömək edəcəyini bəyan etmişdir.
Avropanın
enerji təhlükəsizliyindən danışarkən qeyd etmək
lazımdır ki, Azərbaycan qitəni yalnız enerji
resursları ilə təmin etmir, eyni zamanda, Orta Asiyanın
enerji resurslarının Avropaya çatdırılmasında
mühüm rola malikdir.
Azərbaycan
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilmişdir ki,
bu da onun artan nüfuzundan xəbər verir.
ABŞ Azərbaycan
ilə əlaqələrini möhkəmləndirmək
üçün Dağlıq Qarabağ münaqişəsinin
həllində rəsmi Bakıya kömək göstərməlidir.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi
işğal edildikdən sonra
burada separatçı rejim yaradılmışdır.
Azərbaycan
enerji ehtiyatlarının ixracından əldə etdiyi gəlir
hesabına ölkədə səmərəli iqtisadi islahatlar
həyata keçirmiş və olduqca güclü ordu
yaratmışdır. Azərbaycan Ordusu istənilən anda
itirilmiş torpaqları geri qaytara bilər. Lakin rəsmi şəxslər
bildirirlər ki, Azərbaycan münaqişəni qan tökmədən
sülh yolu ilə həll etmək istəyir. Bu istiqamətdə
həmsədrlərindən biri də ABŞ olan ATƏT-in
Minsk qrupu fəaliyyət göstərir. Lakin ötən
müddət ərzində bu qurum heç bir irəliləyişə
nail ola bilməmişdir. ABŞ administrasiyası Dağlıq
Qarabağ münaqişəsinin həll olunması
üçün səylərini artırmalıdır.
Müharibənin yenidən başlaması ABŞ-ın və
Avropanın enerji təhlükəsizliyinə zərbə
vuracaqdır. Ağ Ev Dağlıq Qarabağ münaqişəsi
üzrə xüsusi nümayəndə təyin etməli və
konkret təkliflər irəli sürməlidir.
ABŞ
Konqresi Azadlığa dəstək aktına 907-ci düzəlişi
ləğv etməlidir. Bu düzəliş ABŞ hökumətinə
Azərbaycana birbaşa dövlət yardımı göstərməyə
imkan vermir və ABŞ diplomatiyasının fəaliyyətini
zəiflədir, regiondakı nüfuzuna zərər vurur.
Azərbaycan
ABŞ-ın dostu olduğunu nümayiş etdirmişdir. İndi
isə ABŞ-ın dünyanın bu strateji regionunda
etibarlı dosta ehtiyacı vardır.
Azərbaycan.- 2012.- 3 mart.- S. 4.