ABŞ Konqresinin üzvlərindən Azərbaycan - Amerika münasibətlərinə dəstək

 

 Texas ştatından Demokrat Partiyasını təmsil edən konqresmen Cin Qrin ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan-Amerika diplomatik münasibətlərinin yaradılmasının 20 illiyi ilə bağlı bəyanatla çıxış etmişdir.  O bildirmişdir ki, Azərbaycan Amerikanın dostu və vacib müttəfiqidir. Sovet İttifaqının süqutundan sonra ABŞ bölgədə güclü müttəfiqlərə ehtiyac duyurdu. Rusiya və İran arasında yerləşən müsəlman əhalili dünyəvi dövlət kimi Azərbaycan bölgədə sülh, sabitlik və iqtisadi inkişafın yayılmasında təbii tərəfdaş seçimidir.

Konqresmen Qrin vurğulamışdır ki, Azərbaycan terrora qarşı mübarizəyə qoşulan, Əfqanıstan və İraqa hərbi qüvvə göndərən dövlətlərdən biri olmuşdur. Bu gün Azərbaycan ABŞ qoşunlarına Əfqanıstan istiqamətində vacib təchizat marşrutu kimi xidmət edir, beynəlxalq səviyyədə enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Texaslı konqresmen ABŞ-da yeni təyin edilən Azərbaycan səfiri Elin Süleymanovla birgə Azərbaycan-Amerika münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində çalışacağına ümidvar olduğunu bildirmişdir.

Şimali Karolina ştatının ABŞ Konqresindəki respublikaçı təmsilçisi xanım Virciniya Foks da Azərbaycan-Amerika münasibətlərini yüksək qiymətləndirmişdir. Bəyanatında o xatırlatmışdır ki, ölkələrimiz arasında əlaqələr ilkin mərhələdə ticarət, xüsusilə də Azərbaycanın zəngin təbii ehtiyatları ətrafında cəmləşsə də, bu gün biz tam tərəfdaş olaraq bir-birimiz və digər müttəfiqlərimizlə ümumi təhlükəsizlik və rifahımızın qorunması üzrə birgə işləyirik.

Xanım Foks həmkarlarını bu dostluq naminə Azərbaycanın müstəqil tarixinə düşən faciəvi Xocalı qırğın qurbanlarının xatirəsini anmağa çağırmışdır. O bildirmişdir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhəri 20 il bundan əvvəl erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş, 613 azərbaycanlı mülki vətəndaş vəhşiliklə qətlə yetirilmişdir. Konqres üzvü qeyd etmişdir ki, Azərbaycan ilə dərinləşən münasibətləri nəzərə alaraq amerikalılar bu faciəni anmalıdırlar. Virciniya Foks demişdir: "Mən, Azərbaycan xalqına qoşularaq Xocalıda qətlə yetirilənlərin xatirəsini anır, diplomatik münasibətlərimizin qurulmasının 20 illiyini təbrik edir, yaşadığımız dünyada xalqlarımızın birgə təhlükəsizliyinin və inkişafının təmin olunacağına ümid edirəm".

 

 

 Şəfəq AKİFQIZI

 

Azərbaycan.- 2012.- 3 mart.- S. 4.