Argentina iqtisadi
araşdırmalar missiyasının üzvləri ARDNŞ-də
olmuşlar
ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, martın 2-də şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Bakıda səfərdə olan Argentina iqtisadi araşdırmalar missiyasının üzvləri ilə görüşmüşdür. Görüşdə Xoşbəxt Yusifzadə Argentina və Azərbaycanın böyük neft-qaz sənayesinə malik olduğunu vurğulamış, bildirmişdir ki, iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi istiqamətində son vaxtlar mühüm işlər görülür.
Qonaqlar Azərbaycanın qədim neft ölkəsi olduğunu yaxşı bildiklərini və neft sənayesinin flaqmanı olan Dövlət Neft Şirkətinə gəlməkdən məmnunluqlarını ifadə etmişlər. Argentina nümayəndə heyətinin üzvləri öz ölkələrinin iqtisadi yönümlü nazirliklərini təmsil etdiklərini və səfərlərinin məqsədinin Bakıda Azərbaycan-Argentina biznes forumunun təşkilinə hazırlıq işləri olduğunu söyləmişlər. Bu günlərdə Azərbaycanda Argentina səfirliyinin təsis edildiyini diqqətə çatdıran qonaqlar respublikamızla iqtisadi əməkdaşlıqda maraqlı olduqlarını qeyd etmişlər.
Xoşbəxt Yusifzadə Azərbaycanda
neftçıxarma işinin zəngin tarixə malik
olduğunu, dünyada sənaye üsulu ilə ilk neft quyusunun
Bakıda qazıldığını, neftçilərimizin
dünya neft sənayesinə çoxsaylı töhfələr
verdiklərini söyləmiş, hələ sovetlər
dövründə onlar tərəfindən Xəzər dənizinin
müxtəlif milli sektorlarında yerləşən
böyük neft-qaz yataqlarının kəşf olunduğunu,
keçmiş SSRİ-nin bir çox yerlərində neft sənayesinin
əsası qoyulduğunu diqqətə
çatdırmışdır. Sonra heyət üzvlərini
maraqlandıran sualları cavablandıran X.Yusifzadə onlara ulu
öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın
yeni neft strategiyasının uğurla həyata keçirilməsi
və bu strategiya çərçivəsində regional əhəmiyyətli
layihələrin gerçəkləşdirilməsi
haqqında ətraflı məlumat vermişdir. O, Azərbaycanda
hasil olunan karbohidrogenlərin dünya bazarlarına
çıxarılması məqsədi ilə qısa
müddətdə şaxələndirilmiş neft və qaz kəmərləri
sisteminin yaradılmasından söz açmış,
bildirmişdir ki, hazırda bu sistemə 3 böyük neft və
4 qaz kəməri daxildir. Azərbaycanın karbohidrogen
ehtiyatlarının zəngin olduğunu vurğulayan X.Yusifzadə
təbii qazın ixracı məsələlərində
iqtisadi səmərəliliyin əsas
götürüldüyünü qeyd etmiş, yeni qaz-kondensat
yataqlarının kəşf olunduğunu söyləmiş,
ARDNŞ-in son illər ölkə daxilində və xaricdə
həyata keçirdiyi investisiya layihələri haqqında ətraflı
məlumat vermişdir.
Azərbaycan.- 2012.- 3 mart.- S. 4.