“Düzgün idarəçilik
və korrupsiyaya qarşı mübarizə”
mövzusunda “dəyirmi masa” keçirilmişdir
Martın 2-də Bakıda Azərbaycan Hüquqşünaslar Konfederasiyasının (AHK), Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın, Avropa İttifaqının və Avropa Şurasının birgə təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı-Avropa Şurası Dəstək Proqramı üzrə "Düzgün idarəçilik və korrupsiyaya qarşı mübarizə" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
AzərTAc xəbər verir ki, "dəyirmi masa"da Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının (QHT), vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak etmişlər.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və AHK-in sədri, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü Əli Hüseynli tədbirin Azərbaycan Respublikasının "Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Fəaliyyət Planı"nın layihəsinin müzakirəsinə həsr olunduğunu bildirmişdir. Ə.Hüseynli korrupsiyaya qarsı mübarizə sahəsində Azərbaycanda görülmüş işlər, əldə olunmuş uğurlar, nəticələr və qarşıda duran vəzifələrdən danışmışdır.
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işinin səmərəli təşkil edildiyini qeyd edən natiq ölkəmizdə həyata keçirilən hüquq islahatlarının əhatə dairəsinin genişləndiyini, insanların hüquq və azadlıqlarının daha yaxşı təmin olunduğunu vurğulamışdır.
Bildirmişdir ki, Prezident İlham Əliyevin Azərbaycanda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr görülən işlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb olmuşdur. Azərbaycanın Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığı korrupsiyaya qarşı mübarizə sahəsində də yeni mərhələ açmışdır. Məqsəd korrupsiyanın səviyyəsini, onun ölkə iqtisadiyyatına və səmərəli idarəçiliyə vurduğu ziyanları minimuma endirməkdir. Artıq bununla bağlı müasir informasiya texnologiyalarının tətbiqi kimi yeni üsullardan istifadə olunur. Ötən dövrdə Komissiyanın, QHT-lərin və vətəndaş cəmiyyətinin yaxşı əməkdaşlığı təşkil olunmuşdur.
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın nümayəndəsi Səyyad Kərimov bu sahədə həyata keçirilən dövlət proqramları və islahatlar barədə danışmışdır. Bildirmişdir ki, hazırda ölkədə həyata keçirilən islahatların ən başlıca tərkib hissəsi bu islahatların vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə birgə müzakirəsidir. O, bu məsələ ilə bağlı vətəndaşların maarifləndirilməsi işinin səmərəli təşkilinin əhəmiyyətini vurğulamışdır.
Tədbirdə Avropa Şurasının uzunmüddətli məruzəçisi Tilman Hoppe Azərbaycanın "Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Fəaliyyət Planı"nın əhəmiyyətindən danışmış, ölkədə korrupsiya ilə mübarizədə ən səmərəli sənədin qəbul edilməsinin vacibliyini diqqətə çatdırmışdır.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi İnam Kərimov "Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Fəaliyyət Planının layihəsi" mövzusunda təqdimatla çıxış etmişdir. Qeyd etmişdir ki, korrupsiya ilə mübarizə sahəsində şəffaflığın təmin edilməsi üçün səmərəli idarəetmə sisteminin qurulması vacibdir.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev korrupsiyaya qarşı mübarizə sahəsində ölkə rəhbərliyi tərəfindən həyata keçirilmiş qanunvericilik və institusional tədbirlər, habelə korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış cinayət təqibləri barədə məlumat vermiş, idarə tərəfindən görülən işlərdən danışmışdır. Natiq bildirmişdir ki, Azərbaycan Avropa Şurası və BMT-nin korrupsiya sahəsində müvafiq konvensiyalarına qoşulduqdan sonra qanunvericilikdə kifayət qədər dəyişiklik aparılmışdır.
Digər çıxış edənlər də
mövzu ilə bağlı fikirlərini
bölüşmüş, təkliflərini səsləndirmişlər.
Azərbaycan.- 2012.- 3 mart.- S. 4.