Moskvada
Rusiyadakı Azərbaycan diasporunun təşkilatçılığı
ilə Vladimir Putinin namizədliyinin dəstəklənməsinə
həsr edilmiş böyük konsert olmuşdur
Rusiyadakı Azərbaycan diasporu Moskvada Vladimir Putinin namizədliyinin dəstəklənməsinə həsr edilmiş böyük konsert təşkil etmişdir.
"Bahar gəldi" adlı bayram konserti Moskvanın böyük salonlarından birində - Lujnikidəki "Drujba" idman kompleksində olmuşdur. Bu il martın 4-də keçiriləcək Rusiya prezidentinin seçkiləri ilə əlaqədar "Güclü Rusiya vahid çoxmillətli Rusiyadır!" şüarı altında təşkil olunan konsertdə Rusiya və Azərbaycanın aparıcı incəsənət ustaları iştirak etmişlər.
Konsert proqramının əvvəlində Ümumrusiya Azərbaycan Konqresinin Mərkəzi Şurasının üzvü, MDB Dinlərarası Qəyyumlar Komitəsinin həmsədri Abbas Abbasov çıxış edərək bildirmişdir ki, Moskvada yaşayan çoxsaylı Azərbaycan diasporu dövlət başçısının seçkiləri kimi tarixi məqamda Rusiyanın taleyinə biganə qala bilməzdi. O, həmvətənlərimizi seçkilərdə fəal iştirak etməyə və Vladimir Putinin namizədliyini dəstəkləməyə çağırmışdır. A.Abbasov bildirmişdir ki, Rusiya Federasiyasının dirçəlişi və ölkənin rifahı bu nüfuzlu və xarizmatik siyasətçinin adı ilə bağlıdır. O demişdir: "Biz azərbaycanlılar əminik ki, Vladimir Putin Rusiyanı irəli aparacaqdır və bu, xalqlarımızın xeyrinə olacaqdır".
A.Abbasov Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin yüksək səviyyəyə qalxdığını və bu münasibətlərin möhkəmlənməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri olduğunu vurğulamışdır. Bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Son illər iki ölkə arasında əmtəə mübadiləsinin 80 milyon dollardan 2,5 milyard dollara çatdığını qeyd edən A.Abbasov demişdir: "Prezident Vladimir Putinin 2001-ci ildə Azərbaycana ilk səfərindən sonra ikitərəfli Azərbaycan-Rusiya münasibətlərində yeni dövr başlandı".
Sonra çıxış edən Rusiya prezidentliyinə namizədin seçkiqabağı qərargahının nümayəndəsi Aleksandr Mirelli V.Putinin qərargahının rəhbəri, tanınmış rejissor Stanislav Qovoruxinin müraciətini oxumuşdur. Müraciətdə V.Putinin namizədliyini dəstəklədiyinə görə Azərbaycan diasporuna təşəkkür ifadə olunmuşdur. Məktubda deyilir: "Mən Rusiyanın bir çox regionunda olmuşam və demək olar ki, hər yerdə həmvətənlərinizin onun siyasətini dəstəklədiklərini eşitmişəm. Xalqların birliyinə, millətçiliyin bütün formalarının aradan qaldırılmasına, Rusiya vətəndaşlarının rifahının yüksəlməsinə yönəldilmiş titanik fəaliyyətə görə Vladimir Vladimiroviç Putinin Rusiya azərbaycanlılarına səmimi təşəkkürünü çatdırmaq istəyirəm. Rusiyanın iri şəhərlərində Azərbaycan cəmiyyətlərinin müxtəlif tədbirləri uğurla və mütəşəkkil keçmişdir. Bu tədbirlərdə V.Putin fəal dəstəklənmişdir. Bu gün azərbaycanlı qardaşlarımız Putinin prezident seçilməsinə münasibətlərini bildirmək üçün Lujnikidə kütləvi bayram təşkil etmişlər. Biz sizin hamınıza səmimi minnətdarlığımızı bildiririk".
İki ölkənin estrada ulduzlarının konsertini SSRİ xalq artisti İosif Kabzon və "Respublika" qrupu açmışdır. Sonra Rusiyanın xalq artisti Dmitri Malikov, Aleksey Çumak, populyar "Fabrika", "Lazurnıy bereq" və digər qruplar çıxış etmişlər. Azərbaycanı "Avrovision-2011" müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal, Azərbaycanın xalq artisti Aygün Kazımova, Safura Əlizadə, Böyük Teatrın solisti, Azərbaycanın əməkdar artisti Elçin Əzizov, Sərxan Sərxan və başqaları təmsil etmişlər.
Rusiya və Azərbaycanın dövlət və ictimai-siyasi xadimləri, görkəmli alim və biznesmenləri, yaradıcı ziyalılar, Rusiya milli və ictimai təşkilatlarının rəhbərləri konsertdə olmuşlar.
Fəxri qonaqlar arasında azərbaycanlı sahibkarlar Araz Ağalarov, İsgəndər Xəlilov, Telman İsmayılov və digərləri olmuşdur.
Vladimir Putini dəstəkləyənlər əllərində üstündə "Prezident Putin yeni Rusiyanın sabitlik təminatıdır", "Rusiya və Azərbaycan əbədi birlik", "Putinin proqramı sabit Rusiya proqramıdır", "Azərbaycanlılar Putini seçirlər" sözləri yazılmış plakatları tutmuşdular.
Asya HACIZADƏ
Azərbaycan.- 2012.- 3 mart.- S. 4.