Xocalı qətliamı

 

 Xocalı soyqırımı! O, təkcə bu gün bizimlə çiyin-çiyinə addımlayan 9 milyon azərbaycanlının deyil, vaxtilə müxtəlif səbəblərdən dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyon soydaşımızın fəryad səsidir. Düşmənin 20 il bundan əvvəl qəlbimizə vurduğu o ağır yara XX əsrin bəlkə 20 əsr bundan sonra da sağala bilməyəcək bəşəri faciədir. Uzaq əsrlərin tufanlı, qasırğalı yollarından dövrümüzədək gəlib çatmış qədim şəhərin külü bir gecənin içində havaya sovruldu və adı tarixin gözəgörünməz arxivinə göndərildi. Şəhər güllələnərək qətlə yetirilmiş insanla, dərisi soyulmuş başlar, gilələri çıxarılmış gözlər, diri-diri tonqallarda yandırılmış cəsədlər məkanına çevrildi.

Xocalı soyqırımından bir neçə ay əvvəl erməni qəsbkarları İmarət Qərvənd, Tuğ, Səlakətin, Xocavənd, Axullu, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaydalı, Malıbəyli, Qaradağlı, Yuxarı və Aşağı Quşçular kəndlərini də yerlə-yeksan etmiş, sakinlərini amansızlıqla qətlə yetirmişdilər. Xocalı hələ qətliamdan 3 ay əvvəl erməni hərbi birləşmələri tərəfindən mühasirə halqasına salınıb, xarici aləmdən təcrid olunmuş, telefon rabitəsindən və elektrik enerjisindən məhrum edilmişdi. Taleyi yalnız Allah ümidinə qalmış bu qara günlü şəhəri yalnız adi ov tüfəngləri və avtomatlarla silahlanmış yerli özünümüdafiə dəstələri qoruyurdu. Söz yox ki, onlar ən müasir texniki qurğularla, zirehli tanklar və uzaqvuran toplarla, pulemyot və minamyotlarla, külli miqdarda partlayıcı maddələrlə təchiz olunmuş erməni quldurları və Xankəndidə yerləşən sovet ordusunun 366-cı motoatıcı alayına məxsus silahlı birləşmələri qarşısında duruş gətirə bilməzdilər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya dörd tərəfdən dəhşətli hücum başladı. Kiçik bir şəhərin əliyalın əhalisinin üstünə təpədən dırnağa silahlanmış böyük bir hərbi birləşmə gəldi. Bu, sözlə ifadə edilə bilməyəcək qədər dəhşətli bir cinayət idi. Əhali hansı səmtə üz tuturdusa, qəddar ermənilərin güllə yağmuru ilə qarşılaşırdı. Hücumda ermənilər tərəfindən mayor Seyran Muşedoviç Ohanyanın rəhbərliyi altında 366-cı alayın 3-cü batalyonu, həmçinin 1-ci batalyonun qərargah rəisi Valeri İsayeviç Çitçyan və alayda xidmət edən 50 nəfərdən artıq erməni zabit və praporşiki iştirak etmişdir. General-polkovnik V.Poiyakov İngiltərənin "Faynenşi Tayms" qəzetinə verdiyi müsahibədə, həmcinin martın 13-də Rusiya parlamentinin deputatları qarşısındakı çıxışında bildirmişdi ki, 366-cı alay Xankəndidən çıxarkən hərbçilərdən 103 nəfəri   bütöv bir döyüş arsenalı ilə birlikdə ermənilər tərəfə keçmişdir. Martın 4-də Moskva televiziyası Xocalıda qulaqları kəsilmiş uşaqları, başlarının skalpları götürülmüş kişiləri, tankların tırtılları altında əzilib yerə yapışmış körpələri, sifətlərinin yarısı doğranmış qadınları göstərirdi. Həmin informasiya "İzvestiya" qəzetində də dərc olunmuşdu. 1992-ci il martın 14-də hərbi təyyarəci, mayor Leonid Kravets jurnalistlərə müsahibəsində deyirdi: "Mən fevralın 26-da Stepanakertdən yaralıları çıxarıb Əsgəran darvazasından geri qayıdırdım. Aşağıda gözümə nəsə tünd ləkələr dəydi. Birdən bortmexanik qışqırdı: "Baxın, orada qadınlar, uşaqlar gör nə günə düşüblər. Gözəyarı saydıq. Yoxuşa səpələnmiş iki yüzə yaxın meyidin arasında əlisilahlılar gəzişirdilər.Təcili ora ucub meyitləri götürməyə cəhd etdik. Yerli milis kapitanı da bizimlə idi. O, meyitlər arasında başı balta ilə parcalanmış dörd yaşlı oğlunu görəndə dəhşətlə qışqırıb dəli oldu". "İzvestiya" qəzetinin müxbiri V.Belıx həyəcanla yazırdı: "Vaxtaşırı Ağdama diri əsirlərlə dəyişdirilmiş azərbaycanlıların meyitləri gətirilir. Belə şeyi ən dəhşətli yuxuda belə görmək mümkün deyil. Deşilmiş gözlər, kəsilmiş başlar, qulaqlar, doğram-doğram olmuş bədənlər, kəndirlə bir-birinə sarınaraq zirehli maşının arxasında üst-üstə yığılmış çılın-çılpaq meyitlər. Vəhşiliyin həddi-hüdudu yoxdur". Hərbi hissədə əks-kəşfiyyatın rəisi olmuş Vladimir Savelyevin "məxfi arayış"ında deyilirdi: "Xocalıda azərbaycanlı meyitlərin qalaqlandığı çalaların ətrafında axşamlar itlərin və çaqqalların səs-küyündən, dartışmalarından qulaq tutulur, adam vahimələnirdi. Hər yerdən laxtalanmış qan və cəsəd iyi gəlirdi". Xocalı soyqırımından 5-6 gün sonra bu ağlasığmaz faciəni qələmə almaq üçün dünyanın müxtəlif ölkələrindən hadisə yerinə gələn mətbuat nümayəndələri belə erməni faşizminin vəhşiliyindən dəhşətə gəlmişdilər. O vaxt Xocalı qətliamı haqqında öz ölkəsinin oxucularını məlumatlandıran ilk reportyor Böyük Britaniyanın "Sunday Times" qəzetinin əməkdaşı Tomas Tolts və fransalı muxbir Laniv Yunet oldu. Erməni vandalizminin qəddarlığından dəhşətə gəlmiş fransalı müxbir yazırdı: "Biz Xocalıda yüzlərlə cəsəd gördük. Onların arasında qadınlar, qocalar, uşaqlar və şəhərin müdafiəciləri var idi. Sərəncamımıza vertolyot verilmişdi. Gördüklərimizi yuxarıdan kamera ilə çəkirdik. Ermənilər vertolyotumuza atəş açdıqlarından biz çəkilişi yarımçıq qoyub, geri qayıtmaq məcburiyyətində qaldıq. Mən müharibə haqqında çox şey eşitmişdim. Alman faşistlərinin qəddarlığı haqqında çoxlu kitab oxumuşdum. Ancaq ermənilərin bu günahsız insanları və 5-6 yaşlı körpə uşaqları öldürərkən etdikləri vəhşiliklər faşistlərin törətdikləri ən cinayətkar aksiyaları belə kölgədə qoyurdu. Biz xəstəxanada, vaqonlarda, uşaq bağçalarında, məktəblərdə və sinif otaqlarında bədənləri güllələrdən deşik-deşik olmuş çoxlu yaralı gördük. Şəhərin küçə və meydanları, dağ yamacları insan cəsədləri ilə dolu idi".

İngiltərənin "Fant Men Nyus" teleşirkətinin hadisə yerində olmuş jurnalisti deyirdi: "Ermənilərin Xocalıda törətdikləri vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz".

ABŞ konqresində İndiana ştatının təmsilçisi, Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, konqresmen Dən Bartonu Nümayəndələr Palatasındakı çıxışında Xocalıda azərbaycanlı qadın, uşaq və yaşlıların ermənilər tərəfindən insanlığa xas olmayan bir qəddarlıqla qətlə yetirilməsi, cəsədlərin belə təhqir olunması faktlarını həmkarlarının diqqətinə catdırmış, konqresi dünyanın ən dəhşətli faciəsi olan Xocalı soyqırımını tanımağa, insan hüquqlarının kobudcasına pozulması ilə müşayiət olunan bu cür barbarlığa son qoyulmasl üşün əməli tədbirlər görməyə çağırmışdır. Lakin təəssüf ki, Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmişdir.

Xocalı faciələrinin canlı şahidi olmuş Rahilə Hacıyeva deyir ki, "həmin gecə ölüm qaşla-göz arasında idi. Düşmən əlinə keşməsin deyə, qızım Səfayətin boğazına şal salıb boğmaq istədim. Uşaq qışqıranda əlim boşaldı. Bu zaman bir dəstə erməni başımızın üstünü aldı. Polis idarəsində işləyən qonşumuz Alıxanın başını kəsdilər. Qızımı əlimdən alıb apardılar. Sonra bizi təcili yardım maşınına doldurdular. Yolda Cəlil kişinin oğlunu  və onun hamilə yoldaşını bıçaqla doğram-doğram etdilər. Xocalıda meyit-meyidin üstündə idi. Həyətlərdəki dirəklərin başına xaç şəklində uşaq başları düzülmüşdü. Yoldaşım Vidadini Əsgəranda yaralı gördüm. Səhərisi onu beş nəfərlə sürüyə-sürüyə apardılar. Sonradan öyrəndim ki, onların başlarını bir erməni dığasının qəbri üstə kəsiblər".

Xocalı sakini Sədaqət Ağayarova o günləri belə xatırlayır: "Gecənin bir vaxtı aləm bir-birinə qarışdı. Mən öz balalarımı, bacım da dörd uşağını götürüb 60 nəfərlik bir dəstə ilə meşəyə doğru qaçdıq. Meşə tamam buz içində idi. Yolu tanımırdıq. Düz beş sutka meşədə ac-susuz qaldıq. Yerimizi bilən kimi ermənilər bizi atəşə tutdular. Mənim iki uşağım, bacım Saranın üç balası gözümüzün qabağındaca erməni güllələrinin qurbanı oldu. Beş gündən sonra güc-bəla ilə gəlib Gülablıya çatdıq. Huşsuz vəziyyətdə idim. Gözlərimi bir də Bakıda xəstəxanada açdım. Don vurduğuna görə ayaq barmaqlarımı kəsdilər".

Məcburi köçkün İlqar Əliyev deyir ki, "Ermənilər fevralın 26-da Xocalını işğal edəndə mən Xankəndidə həbsxanada idim. Həmin gün ermənilər 100-dən artıq adamı həbsxanaya gətirdilər. Onların hamısı Xocalı sakinləri idi. Səhəri gün gözümün qabağında onlardan 60 nəfərinin başını kəsdilər. Aralarında uşaqlar və qadınlar da var idi.

Erməni əsirliyindən xilas olmuş Xocalı sakinləri bildirirdilər ki, orada baş verən qətliamlara Robert Koçaryan şəxsən özü rəhbərlik edirdi. Bunu ermənilər çəkinmədən, fəxrlə deyirdilər.       

O vaxt 366-ci alayda xidmət etmiş, erməni qatillərinin törətdiyi faciələri öz gözləri ilə görmüş rus zabiti İ.Karabelnikov yazır: "Birinci batalyonun qərargah rəisi, mayor Abram Çitçiyana 13 nəfərlik Babayevlər ailəsini güllədən keçirdiyinə görə Fransa erməni diasporu tərəfindən 150 min dollar pul və ən böyük təltif sayılan "Kilsə mükafatı" verilib". Özü də Fransa dövlətinin gözləri qarşısında. Daha danışmağa söz tapmırıq.

Hərdən düşünürük: o vaxt bu faciənin qarşısına sədd çəkmək mümkün idimi? Bəli, mümkün idi! Əgər ölkəmiz imperiya məhbəsindən qurtulub, öz azadlığına və  müstəqilliyinə qovuşarkən hakimiyyətdə Heydər Əliyev kimi qətiyyətli, müdrik bir şəxsiyyət olsaydı, Xocalı faciəsi baş verməzdi. Məhz ulu öndərimizin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevralın 26-da saat 17.00-də Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bütün respublika ərazisində Sükut dəqiqəsi elan edildi. Heydər Əliyev 26 fevral 1998-ci il tarixli fərmanında isə avantürist erməni ekstremizmi və separatizminin zaman-zaman başımıza gətirdiyi ağlasığmaz müsibətlərə, soyqırım və deportasiyalara tam siyasi qiymət verdi. Həmin sənəddə Azərbaycan tarixində ilk dəfə olaraq soydaşlarımıza qarşı törədilmiş kütləvi qırğınların - soyqırımların adları çəkilmiş, etnik düşmənçilik siyasətinin kökləri açıqlanmışdı. "Dənizdən-dənizə böyük Ermənistan" xülyalarını gerçəkləşdirməyin yeganə yolunu bu ərazilərin əbədi sakinləri olmuş azərbaycanlıların məhv edilməsində, öz yurd-yuvalarından didərgin salınmasında, ulu tariximizin əbədi yaşam pasportu olan qədim mədəniyyət abidələrimizin dağıdılıb yerlə-yeksan edilməsində, ərazi adlarımızın dəyişdirilməsində görmüş erməni şovinistlərinin cinayətkar aksiyaları ifşa hədəfinə çevrilmişdi. Məhz həmin fərmana əsasən, hər il mart ayının 31-nin erməni millətçilərinin son iki əsrə yaxın bir dövrdə xalqımıza qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız yurddaşlarımızın unudulmaz xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması qərara alınmışdır. Heydər Əliyev Xocalı faciəsinin 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyirdi: "Bu qəddar və amansız soyqırım aktı bəşər tarixinə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi daxil olmuşdur. Bu gün Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütünlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyas və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur". Həqiqətən də, bu soyqırımlar xalqımıza böyük siyasi, maddi və mənəvi zərbələr vurmuşdur. Bütövlükdə XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı deportasiya və soyqırımı siyasətinin ağır nəticələrini öz üzərində hiss etmişdir.

 

 

 Zeynal VƏFA

 

Azərbaycan.- 2012.- 3 mart.- S. 5.