Kanada parlamentinin
iclasında Xocalı faciəsi ilə bağlı bəyanat səsləndirilmişdir
Azərbaycanın Kanadadakı səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, Kanada Federal Parlamentinin və hakim Mühafizəkarlar Partiyasının üzvü Ras Hibert parlamentin İcmalar Palatasının fevralın 29-da keçirilmiş iclasında Xocalı faciəsi ilə bağlı bəyanat səsləndirmişdir.
Bəyanatda 20 il əvvəl erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində yüzlərlə dinc sakinin qətlə yetirildiyi və Kanadanın da bu qətliamı xatırladığı qeyd olunmuşdur. Xocalı qırğınının Dağlıq Qarabağ münaqişəsi ərzində törədilmiş dəhşətli qətliamlardan biri olduğu bəyanatda xüsusilə vurğulanmış, ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 30 min hərbçi və mülki vətəndaşın öldürüldüyü və bir milyondan artıq insanın öz evlərini tərk etdiyi, məcburi köçkünə və qaçqına çevrildiyi göstərilmişdir.
Bəyanatda Dağlıq Qarabağ bölgəsinin
hələ də Ermənistanın işğalı
altında olduğu xüsusilə qeyd olunmuşdur. Bəyanatın
sonunda uzun müddət davam edən münaqişənin
sülh yolu ilə tənzimlənməsinə ümidin
mövcudluğu vurğulanmış və problemin
danışıqlar masası ətrafında tənzimlənməsi
məqsədi ilə tərəflərə
çağırış səsləndirilmişdir.
Azərbaycan.- 2012.- 3 mart.-S . 5.