Süleyman Şensoy: Fransa Senatının verdiyi qərarla bağlı Azərbaycan Türkiyəyə böyük dəstək göstərdi

 

 Fransanın qondarma "erməni soyqırımı" ilə bağlı qərarının ləğv olunması uğrunda mübarizədə qardaş Azərbaycan Türkiyəyə böyük dəstək oldu.

AzərTAc xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin Bakıda keçirilən III Forumunun iştirakçısı, Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin sədri Süleyman Şensoy demişdir.

Buna görə Azərbaycan xalqına və rəhbərliyinə təşəkkürünü bildirən S.Şensoy demişdir ki, digər türk dövlətlərindən də bu cür məsələlərdə dəstək gözləyirik.

O vurğulamışdır ki, dünyada son on ildə çox böyük hadisələr baş verməkdədir. İkiqütblü dünyanın sona yetməsi ilə yeni güclər ortaya çıxmış, ölkələr arasında əlaqələr, təşkilatlanma, inteqrasiya inkişaf etməyə başlamışdır. Dünya ölkələri çox ciddi böhranla üzləşmişdir. Bu böhranın nə vaxt qurtaracağı məlum deyildir. Belə bir vəziyyətdə islam ölkələrinin baş verən hadisələrin mərkəzində olduğunu görürük. İslam ölkələrində dəyişikliklər daha sürətlə gedir.

 

 

Azərbaycan.- 2012.- 3 mart.- S. 6.