Mədəniyyət haqqında qanun yenidən işlənəcək

 

 Martın 2-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. İclasda Mədəniyyət komitəsinin 2011-ci ilin payız sessiyası ərzində gördüyü işlər barədə hesabatı, 2012-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı və "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə edilib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki, parlamentin payız sessiyası ərzində komitənin iclaslarında "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında", "Azərbaycan Respublikası 2012-ci il dövlət büdcəsi haqqında" qanun layihələri müzakirə edilərək Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Mədəniyyət komitəsinin 2012-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işlər planı barədə də məlumat verən Nizami Cəfərov qeyd edib ki, komitə tərəfindən bir neçə vacib qanun layihələri hazırlanıb.   

Daha sonra iclasda "Mədəniyyət haqqında" yeni qanun layihəsinin müzakirəsi başlayıb. Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin rəhbəri Adilə Abbasova hazırlanan qanun layihəsi barədə məlumat verib. Nizami Cəfərov bildirib ki, 1998-ci ildə qəbul olunmuş qanun yenidən işlənərək müasir tələblərə cavab verən formaya salınır. Yeni layihədə bir çox deklorativ müddəalar var. "Mədəniyyət haqqında" qanun layihəsi dövlətin mədəniyyət siyasətinin əsas prinsiplərini, mədəniyyət fəaliyyətinin təşkilinə dair hüquqi, sosial, iqtisadi əsasları, mədəniyyət işçilərinin statusunu müəyyən edir, bu sahədə hüquqi baza rolunu oynayır. Qanun 9 fəsil, 46 maddədən ibarətdir.

İclasda çıxış edən deputatlar Rafael Hüseynov, Jalə Əliyeva, Leyla Abdullayeva, Sahibə Qafarova, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov qanun layihəsinə əlavə müddəaların daxil edilməsini təklif ediblər. İşçi qrupu tərəfindən səslənən təkliflər nəzərə alınaraq qanun layihəsi parlamentin plenar iclasının müzakirəsinə tövsiyə olundu.

 

 

 Azərbaycan.- 2012.- 3 mart.- S. 6.