Azərbaycanda
xaricidilli mətbuatın durumu, problemləri və inkişaf
perspektivləri müzakirə olunmuşdur
Martın 2-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil müəssisəsinin ictimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin yaranmasının üç illiyinə həsr olunmuş "Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Mətbuat Şurası (MŞ) ilə birgə təşkil edilmiş tədbirdə ölkədəki xaricidilli mətbuatın vəziyyəti müzakirə olunmuşdur.
MŞ-nin sədri Əflatun Amaşov bildirmişdir ki, ölkəmizdə xarici dillərdə 50-dək qəzet və jurnal nəşr olunur. Azərbaycan oxucusunun qəzetlə ilk tanışlığı "Əkinçi"dən əvvəl, 1828-ci ildə rus dilində çap olunan "Tiflisskie vesti"dən başlamışdır. XIX əsrin əvvəllərində isə "Kaspi" qəzetinin ölkəmizdə azadlıq, müstəqillik məfkurəsinin formalaşmasında böyük rolu olmuşdur.
Ə.Amaşov ölkədə yüksək tirajla çap olunan xaricidilli qəzet və jurnallar haqqında məlumat vermiş, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, xaricdə və ölkə daxilində ictimai fikrin formalaşmasında onların əhəmiyyətini qeyd etmişdir.
ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə MŞ-nin əlaqələrinin ildən-ilə genişləndiyini, birgə layihələrin həyata keçirildiyini diqqətə çatdırmış, xaricidilli mətbuata həsr olunmuş tədbirin əhəmiyyətini qeyd etmişdir. Ölkədəki kütləvi informasiya vasitələrinin fəaliyyətini və jurnalistlərin əməyini yüksək qiymətləndirən S.Seyidov onlarla əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirmişdir.
Tədbirdə Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna-Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlının, "Azernews" qəzetinin baş redaktoru Fazil Abbasovun, ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımovanın mövzu ilə bağlı məruzələri dinlənilmişdir.
Sonda mövzu ətrafında müzakirələr
aparılmış, təkliflər səsləndirilmişdir.
Azərbaycan.- 2012.- 3 mart.- S. 6.