Beynəlxalq
Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq daha da
genişlənir
Azərbaycan Respublikasının Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) məsul əməkdaşı xanım Yanne Holst Hübner fevralın 27-dən martın 1-dək Bakıda işgüzar səfərdə olmuşdur.
Səfər çərçivəsində H.Hübner Baş Prokurorluğun, tabe rayon (şəhər) və hərbi prokurorluqların əməkdaşları ilə bir sıra görüşlər keçirmişdir. Bu görüşlərdə Azərbaycanın bu nüfuzlu təşkilata inteqrasiyası, eləcə də prokurorluqlar arasındakı əməkdaşlığa əhəmiyyətli töhfəsi xüsusi qiymətləndirilmişdir. Assosiasiyanın materiallarının BMT-nin rəsmi dillərindən olan rus dilində yayımlanması üçün Azərbaycan Prokurorluğu tərəfindən görülən işlərə yüksək dəyər verilmişdir.
Tədbirlərdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, korrupsiyaya qarşı mübarizə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi kimi mühüm sahələrdə Beynəlxalq Prokurorlar Assosiasiyasının rolunun gücləndirilməsi, bu istiqamətdə fəallığın artırılmasının zəruriliyi xüsusi vurğulanmış, eyni zamanda beynəlxalq səviyyədə prokurorlar arasında əlaqələrin daha da inkişaf etdirilməsi, bunun üçün lazımi virtual şəraitin yaradılmasına dair müzakirələr səmərəli nəticələr vermişdir. Belə ki, BPA-ya üzv olan prokurorluq əməkdaşları birbaşa həmin beynəlxalq təşkilatın internet səhifələrinə daxil olmaq və internet resurslarından bəhrələnmək imkanlarını əldə etmişlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluğu BPA-nın təşkilati, 200-dən çox prokurorluq əməkdaşı isə fərdi üzvüdür.
H.Hübnerin səfəri çərçivəsində
Azərbaycan prokurorluğunun 70-dən çox əməkdaşı
BPA-ya fəxri üzv qəbul olunmuşdur.
Azərbaycan.- 2012.- 3 mart.-S . 6.