Polşada “Azərbaycan Günü”
adlı tədbir keçirilmişdir
Martın 1-də Azərbaycan-Polşa diplomatik əlaqələrinin bərpasının 20 illiyi ilə əlaqədar Polşanın Nadarjın qminasında yerləşən Yan Pavel adına gimnaziyada "Azərbaycan Günü" adlı tədbir keçirilmişdir.
Azərbaycanın Polşadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Nadarjın əyalətinin daxil olduğu və özündə yeddi qminanı birləşdirən Prujkov povyatının vitse-meri Aqnejka Kuzminska, Nadarjın qminasının meri Yanuş Qjib, vitse mer Tomaş Muxalski, Nadarjın qmina şurasının sədri Danuta Votslavek, Yan Pavel adına gimnaziyanın və Prujkovda yerləşən digər üç məktəbin rəhbərləri iştirak etmişlər.
Tədbirdə çıxış edən səfir Həsən Həsənov qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, bu günü, habelə Azərbaycan ilə Polşanın tarixi eyniliklərindən söz açmışdır. Prujkov povyatının vitse meri A.Kuzminska və qmina meri Y.Qjib çıxış etmişlər.
Gimnaziyanın şagirdləri Azərbaycanın xalq şairi Süleyman Rüstəmin və əməkdar incəsənət xadimi şair Zeynal Xəlilin polyak dilinə tərcümə edilmiş şeirlərini oxumuş, ölkəmizin turizm imkanlarını təbliğ edən filmlər nümayiş etdirilmişdir. Gimnaziyada səfirlik tərəfindən verilmiş şəkillərdən ibarət sərgi də təşkil olunmuşdur.
Tədbirdən sonra Nadarjın qminasında fəaliyyət
göstərən ibtidai siniflər üçün məktəbə,
qmina mədəniyyət mərkəzinə və yenicə
istifadəyə verilmiş meriya binalarına baxış
keçirilmişdir.
Azərbaycan.- 2012.- 3 mart.- S. 6.