Xocalı
soyqırımının 20-ci ildönümü
ilə əlaqədar xarici ölkələrdə
silsilə tədbirlər keçirilmişdir
Türkiyə
Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar qardaş Türkiyədə silsilə tədbirlər keçirilmişdir. Türkiyənin Azərbaycandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici İşlər Komissiyasının fevralın 22-də yaydığı bəyanatda Xocalıda törədilmiş qətliamın beynəlxalq hüquq müstəvisində bəşəriyyətə qarşı cinayət olduğu, bu vəhşiliyin ağrısını bütün türk millətinin qəlbində hiss etdiyi və qətiyyətlə pislədiyi qeyd olunmuşdur.
Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan fevralın 28-də partiya iclasındakı çıxışında 1992-ci il fevralın 26-da Xocalıda 83-ü uşaq, 106-sı qadın və 70-dən çoxu yaşlı olmaqla 613 günahsız insanın erməni təcavüzkarları tərəfindən vəhşicəsinə öldürüldüyünü, Xocalıda qətlə yetirilmiş qardaşlarımızın bir daha rəhmətlə yad olunduğunu, Azərbaycana bir daha Türkiyənin həmrəylik mesajlarını çatdırmışdır. Baş nazir demişdir: "Qoy hamı bilsin ki, biz Xocalı qətliamını unutmayacağıq, unutdurmayacağıq, orada qətlə yetirilmiş qardaşlarımıza, günahsız insanlara yas tutmağa davam edəcəyik".
TBMM-nin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu fevralın 23-də Xocalı hadisələri ilə bağlı mətbuata açıqlama vermiş, bəyanat qəbul etmişdir.
Fevralın 28-də TBMM-də çıxış edən millət vəkilləri qətliamı pisləmiş, qardaş Azərbaycan xalqına başsağlığı diləmişlər. Türkiyənin elm, sənaye və texnologiya naziri Nihat Ərgün Xocalı qətliamı ilə bağlı çıxışında dinc sakinlərə qarşı həyata keçirilən bu qətliamın unudulmadığını bildirmiş və hisslərini "Xocalı qətliamı insanlığın yaxasında bir utanc vəsiqəsidir" cümləsi ilə ifadə etmişdir.
Türkiyə Xarici İşlər Nazirliyində fevralın 23-də İslam Konfransının Dialoq və Əməkdaşlıq Gənclik Forumunun keçirdiyi "Xocalıya ədalət" kampaniyası çərçivəsində Xocalı qətliamının 20-ci ildönümü ilə əlaqədar rəsm sərgisi açılmışdır. Sərgi ilə yanaşı Xarici İşlər Nazirliyində anım tədbiri keçirilmişdir.
Fevralın 24-də Türkiyədəki məscidlərdə oxunan cümə xütbələrində Xocalı hadisələri yad edilmiş, Azərbaycan xalqının ağrıları paylaşılmışdır.
İstanbulun Taksim meydanında fevralın 26-da keçirilən son illərin ən izdihamlı yürüşündə yüz minə yaxın adam iştirak etmiş, daxili işlər naziri İdris Naim Şahin aksiyada çıxış etmişdir.
Bundan başqa Ankarada da yürüş təşkil edilmişdir.
Eyni zamanda Ankara, Kocaeli, Mersin, Adana, Nevşehir, Bursa, İzmir, Mardin, Şanlıurfa, Sivas, Kayseri, Erzurum, Samsun, Denizli, Zonguldak, Çanakkale, Kırşehir və daha bir çox şəhər və rayonda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçirilmişdir. Rəsm sərgiləri, panellər, çıxışlar, teatr səhnəcikləri təşkil olunmuşdur. Bu tədbirlərin təşkilində millət vəkilləri, sənət adamları, yazıçılar, eləcə də QHT nümayəndələri fəal iştirak etmişlər.
Bəşəriyyət üçün utancverici hadisə olan Xocalı soyqırımı ilə bağlı TRT televiziya kanalının hazırladığı "Hamımız Xocalılıyıq" sənədli filmi TRT-yə məxsus televiziya kanallarında iki dəfə yayımlanmışdır. Xocalı soyqırımı TRT-yə məxsus 18 kanalda müxtəlif proqramlarda müzakirə mövzusu olmuşdur.
Türk mətbuatı bu kontekstdə həyata keçirilən tədbirlərə böyük əhəmiyyət vermiş, geniş işıqlandırmışdır.
Xaricdəki türk diplomatları da təmsil olunduqları ölkələrdə keçirilən anım tədbirlərində iştirak etmişdir.
Xocalı faciəsinin Türkiyədə il boyu təşkil ediləcək bir çox tədbirlərlə yad olunması davam edəcəkdir.
Bu qətliamın nəticələri və qurbanlarının çəkdiyi əzablar bütün dünya tərəfindən bilinməlidir. Türkiyə bu vəhşiliyin beynəlxalq ictimaiyyətə çatdırılması və bu cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi istiqamətindəki haqlı mübarizəsində Azərbaycana dəstək verməkdə davam edəcəkdir.
Almaniya
Bielefeld şəhərində İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş "Xocalıya ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş izdihamlı yürüş-mitinq keçirilmişdir.
Mitinqdə Hannover şəhərində fəaliyyət göstərən "Xəzər" Alman-Azərbaycan Cəmiyyətinin, Azərbaycan-Türk Dərnəyinin, Atatürk Düşüncə Dərnəyinin, çoxsaylı ictimai-siyasi təşkilatların nümayəndələri, Bielefeld, Hannover, Hamburq və AFR-in digər şəhərlərindən gəlmiş həmyerlilərimiz, türkiyəli soydaşlarımız, iş adamları, ictimai-siyasi xadimlər və almaniyalı dostlar iştirak etmişlər.
Tədbirin təşkilatçısı Nordrhein-Westfalen federal əyalətindəki Azərbaycan diasporunun nümayəndəsi Təranə Tağıyeva tədbiri açaraq 20 il əvvəl Xocalı şəhərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı və azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı barədə məlumat vermişdir.
Sonra Hannover şəhərindəki "Xəzər" Alman-Azərbaycan Cəmiyyətinin sədri Etibar Qəniyev Xocalı soyqırımının tanıdılması istiqamətində daha genişmiqyaslı işlərin görülməsinin vacibliyindən danışmış, həmyerlilərimizi bu işdə daha fəal olmağa çağırmışdır. Yürüşdə azərbaycanlı rəssam Eldar Cabbarlının Xocalı mövzusunda yaratdığı bədii əsər də nümayiş etdirilmişdir.
Daha sonra iştirakçılar Bielefeld şəhərinin mərkəzi küçələrindən keçərək Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasını və erməni qəsbkarlarının Qarabağı tərk etmələrini tələb etmişlər. Azərbaycan və türk bayraqlarının dalğalandığı bu yürüş zamanı şəhər sakinlərinə soyqırımına dair əyani vəsaitlər, broşürlər və digər məlumat kitabçaları paylanmışdır.
Yürüşdə Azərbaycan diasporunun fəal üzvləri meqafon vasitəsilə sakinlərə və şəhərin qonaqlarına Xocalı faciəsi haqda məlumat vermiş, onları yürüşün məqsədi və mahiyyəti ilə tanış etmişlər.
Yürüş kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.
Tədbirin təşkilatçısı Təranə Tağıyeva gələn il Xocalı soyqırımı ilə əlaqədar Bielefeld şəhərində yürüşün keçirilməsi barədə məlumat vermiş və hamını həmin yürüşdə mütəşəkkil şəkildə iştirak etməyə çağırmışdır.
Vüqar SEYİDOV
Azərbaycan.- 2012.- 3 mart.- S. 7.