Xocalı soyqırımı xarici mətbuat səhifələrində

 

 Xocalı soyqırımı qurbanlarının xatirəsinin İsraildə təşkil edilən konfransda anılması Türkiyə mediasında da işıqlandırılmışdır.

Bu barədə "Hürriyət" qəzetində material yerləşdirilmişdir. Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın materialının da istifadə edildiyi yazıda bildirilir ki, Ermənistanın 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törətdiyi qətliam qurbanlarının xatirəsi İsraildə təşkil edilən konfransda  anılmışdır.

"İsrail-Azərbaycan Strateji İttifaqı: Xocalı soyqırımını anma" adlı konfransın iştirakçıları Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınmasının vacibliyini bildirmişlər.

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası tərəfindən İsrailin Təl-Əviv şəhərində S.Daniel Abraham Mərkəzində təşkil edilən konfransdakı çıxışlarda Xocalı soqırımını törədənlər pislənərək Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq təşkilatların qəbul etdikləri qərarların tətbiq olunmasını tələb etmişlər.

Materialda, həmçinin AzərTAc tərəfindən təşkil edilən fotosərgi çərçivəsində Ermənistan tərəfindən 20 il əvvəl Xocalıda günahsız Azərbaycan vətəndaşlarına qarşı faşistcəsinə həyata keçirilən qətliamlardan söz açıldığı qeyd edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 3 mart.- S. 7.