Fransa səfirliyinin
nümayəndələri ilə görüş
Fransanın Azərbaycandakı səfirliyinin fransız dilinin tədrisi üzrə məsul əməkdaşı Azelma Həsənova, mədəniyyət və əməkdaşlıq üzrə attaşe Vincent Lorenzini və universitetlərarası əməkdaşlıq üzrə məsul şəxs Dmitri Balitski Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşlar.
ATİ-dən AzərTAc-a bildirmişlər ki, görüşdə V.Lorenzini ölkəsində təhsilin və fransız dilinin öyrənilməsinin mahiyyəti haqqında danışmışdır. Qonaq Bakıda Fransa İnstitutunun fəaliyyəti haqqında məlumat verərək ATİ-nin müəllim və tələbələrinə həmin institut haqqında broşürlər təqdim etmişdir. V.Lorenzini həmçinin vurğulamışdır ki, Fransa institutunda fransız dili kursları tədris olunur və Bakıda bu ilin may ayında keçiriləcək "Eurovision" mahnı müsabiqəsinə fransız dilli turistlər üçün bələdçi-tərcüməçilərin hazırlanması prosesi bu institutda həyata keçirilə bilər.
ATİ-nın dekanı Nəsirulla Nəsirli tələbələrin seçmə dil üzrə fransız deyil, məhz alman dilinə üstünlük vermələrinin səbəbini açıqlamışdır. Qeyd etmişdir ki, buna səbəb Fransa səfirliyinin ATİ ilə əlaqələrinin arzuedilən səviyyədə olmamasıdır. ATİ və Fransanın turizm üzrə Savinyak ali məktəbləri ilə ikitərəfli müqavilə də hazırlanmışdır. Lakin bu günədək əməkdaşlıq istiqamətində heç bir addım atılmamışdır.
N.Nəsirli bildirmişdir ki, Fransanın
hazırda turizm sahəsində aparıcı yerlərdən
birini tutmasını nəzərə alaraq, ATİ tələbələri
üçün Fransanın ali məktəblərində
turizmə aid müxtəlif sahələr - xüsusilə də
aşbazlıq, restoran işi üzrə təhsil almalarına
ehtiyac duyulur.
Azərbaycan.- 2012.- 3 mart.- S. 7.