Cavanşirlər anası

 

Lalə Rəhimovanı neftçi kimi tanıyırdım. İlk dəfə onu dənizdən sahilə borularla ötürülən qazın yığıldığı və nəql olunduğu sexdə mürəkkəb cihazları idarə etdiyi zaman görmüşdüm. Sonra bir yığıncaqda çıxışını dinlədim. Şəhid anaları, Milli qəhrəmanların ailələri adından danışırdı. Üçüncü görüşümüzsə redaksiyada oldu.

O yandan-bu yandan danışdıq. Dedi ki, bir dəfə onun evinə qonaq gəlim. Hər il oğlu Cavanşirin doğum və anım günlərində onlara xeyli adam toplaşır. Yaxşı olar ki, elə onda da gəlim. Təklif etdi ki, bir gün də birlikdə Şəhidlər xiyabanına gedək.

- Cavanşirin məzarı Şəhidlər xiyabanında bilirsiniz haradadır? Düz Həzi Aslanovun məzarının qabaq-qənşərində. Məni qınamayın, hər dəfə bu iki məzarın arasında dayananda göz yaşları içərisində bir qürur hissi də keçirirəm. Həzi bizim əfsanəvi qəhrəmanımızdır. Bir əfsanə də vallah, elə mənim Cavanşirimin özüdür... Kaş anan daşa dönəydi, bala! - bunları deməyi ilə hıçqırtısı otaqla bir oldu.

Onun yarasına toxunduğum üçün peşiman idim. Bunu dərhal duydu:

- Mənim yaram heç vaxt qaysaq bağlamaz, - dedi. - Çox illər keçib, amma mən gündə neçə dəfə xəyallarımda Cavanşirlə söhbət edirəm. Bilirsiniz, ona nələr danışıram? Eh, Cavanşir!..

Və o danışmağa davam etdi. Dedikləri ağı idimi, yoxsa bu şair təbli dərdli ana qəhrəman balasına belə bir rekviyem yazmışdı? Görünür ki, elə həmişə ürəyini bu cür boşaldır - oğlu ilə danışa-danışa...

"Sən dünyaya göz açanda 18-19 yaşımda idim. Bəlkə də o vaxt ailə, övlad nə olduğunu hələ tam dərk etmirdim. Sən mənim üçün bir çiçək idin. Bakıda yaşasaq da, hər gün sənin beşiyindən doğulub böyüdüyüm Şəkinin dağlarında, gəlin köçdüyüm Qaxın meşələrində dərdiyim tər çiçəklərin ətrini duyurdum. Özün də elə baharda dünyaya gəlmişdin, 1973-ün baharında... Heç bilmirdim ki, səni çiçək kimi bəsləyə-bəsləyə əslində bir nər böyüdürəm.

Sən dörd yaşına çatanda hiss etdik ki, idmana həvəslisən. O vaxtdan mən sənin əlindən tutub idman zallarına, məşqlərə aparırdım. Sonra məktəbə getdin. Müəllimlər səndən həmişə razılıq edirdilər. İstər oxumağınla, istərsə də tərbiyənlə bizi heç vaxt utandırmadın. Müxtəlif idman yarışlarında iştirak edir, qələbə qazanırdın, məktəbin də başı uca olurdu. Əsgərliyə getməzdən bir az əvvəl Minsk şəhərinə güləş yarışlarına yola düşdün. Yaxşı nəticə qazanıb gəldin. Sevindik ki, indi artıq Azərbaycanın şərəfini qoruyursan.

Sən hərbi xidmətə yola düşəndə Qarabağda yer-göy alışıb yanırdı. Amma səni birbaşa cəbhəyə göndərmədilər. Eşitdik ki, Zabratda, Qalada, sonra da Ağcabədidə vertolyotda təlimlər keçirsən. Odur ki, döyüşə də vertolyotla atıldın, bortatıcı oldun. Sorağın Ağdərə, Ağdam, Tərtər, Zəngilan, Qubadlı, Laçın səmasından gəlirdi. Tez-tez uçuşlarınız olurdu. Arada bir dəfə evə gəlmişdin. Sözarası dilindən qaçdı ki, düşmənin texnika və canlı qüvvəsi toplandığı yerlərə uçan vertolyotların pilotları özləri ilə bortatıcı kimi məhz səni götürmək istəyirlər...

Əvvəllər sənin yoxluğuna heç inana bilmirdim. Gecələr gözümə yuxu gedəndən-gedənə, gündüzlər üzücü fikirlərdən yorğun düşüb çimir eləyəndə də gəlib qarşımda dayanırdın, ay ilkim-əzəlim! Olub keçənləri, həqiqətdə baş verənləri yuxularda təkrar görürdüm. Bir dəfə yenə də vaqiədə gördüm ki, vertolyotun yana-yana göydən yerə, düz həyətimizə enir. Sənsə odların içərisindən sağ-salamat çıxırsan. Amma sinəndə ulduz şəklində alov şölələnir. Məhəllə uşaqları maraqla səni dövrəyə alırlar.

Şəhidliyindən qırx gün sonra - 1992-ci ilin sentyabrında Azərbaycanın Milli Qəhrəmanı adını almağın haqqında sənədə hər gün baxıram. Birdən mənə elə gəlir ki, "ölümündən sonra" sözləri oraya səhvən düşüb. Amma nə etməli ki qismət belə imiş. Səninlə birlikdə o vertolyotda Zakir Məcidov adında daha bir igid və Ukrayna balası Ruslan Polovinka da Ağdərə səmasında - Azərbaycan torpağı uğrunda canlarını oda yaxmışdılar.

Sonralar döyüş dostların Azər, Radiq, Kamran, Loğman sənin igidliyindən mənə çox şey danışdılar. Söyləyirdilər ki, biz Cavanşirə, onun döyüş məharətinə qibtə edirdik. Deyirdilər ki, ana, sənin ağlamağa yox, yalnız fəxr etməyə haqqın çatır. Çünki belə oğul böyütmüsən.

Yeganə təsəllimiz də məhz bu idi. Amma bununla belə, sən bütün doğmalarının ağızşirinliyini özünlə aparmışdın, oğul. Səndən sonra 57 yaşlı anam dünyasını dəyişdi. Səni - sevimli nəvəsini itirdikdən sonra əllərini Haqqın dərgahına qaldırıb yaşamamağı diləyirdi. Sonra baban da dərdlərə dözməyib həyatdan köçdü. Atan tez-tez xəstələnirdi. Sənin şəhidlik xəbərin gələndə ürəyi cadar-cadar olmuşdu - həkimlər də təsdiqlədilər ki, infarkt keçirib. Mən də eləcə... Ruhən, qəlbən yox idim, sanki kölgəm gəzirdi yer üzündə.

Günlərin birində bir el ağsaqqalı yanımda ayaq saxlayıb hal-əhval tutdu, mənə ürək-dirək verdi. Sonra da ərklə və ciddiyyətlə: "Lalə, sən gəl evində bir xeyir iş elə!" - deyib uzaqlaşdı.

Demə, xalqın adət-ənənəsində bu da varmış: hansı evə ard-arda yas düşsə, orada bir xeyir iş eləyib tilsimi qırarlarmış.

Atanla məsləhətləşdik. Axı biz xeyir işi kim üçün edə bilərdik? Nə qardaşın Elşənin evlənmək vaxtı idi, nə də bacın Aidənin gəlin köçən yaşı... Bir müddət də keçdi. Bir az tez olsa da, Elşəni nişanladıq. Evə bir yenilik, təzə bir nəfəs gətirmək qərarına gəldik. Dayın qızı Ulduzu Elşənə aldıq. Ulduz yaxşı qızdır, sağ olsun, məni həmişə duyur, başa düşür, mənəvi dayağım olur.

Bir gün sən də gəldin evə, oğul. Yenə də vaqiədə. Gördüm, qollarım üstəsən, lap təzəcə dünyaya gəlmisən. Elə gözünü açan kimi də dil açmısan. Deyirsən ki, ana, mən gəlmişəm, daha ağlama. Deyirəm, ay uşaq, sən kimsən? Sən isə yenə də deyirsən: "Mənəm, sənin oğlunam, adım Cavanşirdir".

Az sonra Ulduzla Elşənin ilk övladı dünyaya gəldi. Oğlan idi, özü də eynən sənə oxşayırdı. Onu köynəyimdən keçirib: "Allah bunu Cavanşirin əvəzinə göndərib" - dedim. O gündən də adı elə Cavanşir qaldı. Ertəsi gün də atanla birlikdə gedib uşağı öz adımıza yazdırdıq. Beləcə, Rəhimov Cavanşir İzzət oğlu adında daha bir oğul böyütməyə başladıq.

Sanki qurumuş bir bulağın gözündən sısqa-sısqa su axmağa başlamışdı. Elə bil baltalanmış bir palıdın kötüyündən körpə pöhrə baş qaldırmışdı. Balaca Cavanşir kədər çökmüş üzlərə xəfif bir təbəssüm gətirmişdi.

Amma keçmişsiz nə bu gün var, oğul, nə də sabah. Səni unutmaq bir an belə mümkün deyil. Atanı da dünyadan bu dərd apardı.

Bundan sonra ailənin bütün ağırlığı mənim çiyinlərimə düşdü. Nə gizlədim, maddi çətinlik də vardı. Mən Qaraçuxurda, qəsəbə nümayəndəliyində işləyirdim, maaşım da elə çox deyildi. Yenə də çox düşünüb-daşındıqdan sonra qərara aldım ki, iş üçün heç kəsə ağız açmayım. Birbaşa Prezidentimizə - İlham Əliyevə məktub yazdım - vəziyyət necədirsə, eləcə...

Çox sağ olsun, şəhidlərin, qəhrəmanların ruhuna ehtiramı var. Onların ailələrini həmişə əziz tutur, qayğısını bizlərdən əsirgəmir. Məktubuma tezliklə müsbət cavab gəldi. Həm də tapşırılmışdı ki, özüm istədiyim yerdə işlə təmin olunum. Neft sahəsini seçdim. Uşaqlıqdan görmüşdün ki, atan da, mən də zəhmətdən qorxan deyilik. Sizi halallıqla böyütmüşdük. O rəhmətlik tikintidə işləyirdi. Mənim isə maşınqayırma zavodunda, trikotaj fabrikində işlədiyim vaxtlar da olmuşdu. İndi artıq neçə ildir Qum adasındayam. "Bahar" Enerji Əməliyyat Şirkətində operator işləyirəm.

Mədənlərdə neftin və qazın çıxarılması, sonra da onların ayrı-ayrı sex və sahələrdə qəbul və emal edilməsi, saxlanılması, nəql olunması işi başqa bir aləm imiş. Biləydin, dənizdə necə igid oğullar işləyir. Onlara baxdıqca fərəh hissi keçirirəm. Günü bu gün döyüşə atılmalı olsalar, hər biri sənin kimi qəhrəmanlıq göstərməyə qadirdir. Bir mənfur erməni onların qarşısında dayana bilməz vallah, qorxub qaçar.

Cavanşir, sən indi tək mənim oğlum deyilsən, Vətənin övladısan. "Milli qəhrəmanların təbliğinə dəstək" Respublika Birliyinin Suraxanı rayon şöbəsinin rəhbəri kimi mən bu barədə gənclərə tez-tez söhbət açıram. Sizlər kimi oğulları olan Vətənin torpaqları isə heç vaxt düşmən tapdağında qala bilməz. Bunu mənfurların özləri də yaxşı bilirlər.

Keçən yay nə isə səhhətim yenə pisləşmişdi. Həkim məsləhət gördü ki, dava-dərmandansa, yaxşısı budur, havamı bir az dəyişim, istirahət edim. Fikir-xəyal eləyib Cavanşiri də götürüb Soçiyə getdim. Dedim, artıq 17 yaşa çatıb. Qoy öz məmləkətimizdən kənar bir yer də görsün. Beynəlxalq marşrutlarda işləyən iri avtobusla getmişdik. Oraya çatanda taksiyə mindik. İşin tərsliyinə bax ki, taksi sürücüsü erməni idi. Qırımından o dəqiqə başa düşdüm. Mənzil başına çatınca səbir edə bilmədim. Dedim ki, bizim oğullar canından keçər, torpağından yox! Öldürdüklərinizin birinin əvəzinə isə yüzü böyüyür. İndi möhkəm dayanın!

Erməni bir-iki dəqiqə susdu. Artıq maşından düşməkdə və ona gediş haqqı verməkdə olan Cavanşirin uca boyunu başdan-ayağa süzdü. Sonra sərt bir sözlə özününküləri söydü... Tezliklə o gün gələcək ki, özləri özlərinə nifrət edəcək, bir-birlərini didəcəklər..."

Lalə xanım danışdıqca gözləri bulud kimi gah dolur, gah da boşalırdı. Tez-tez özünü ələ alsa da, qəhər onu yenidən boğurdu. Söhbətinin sonunda elə bil boğazı qurumuş, səsi dəyişmişdi. Onu dinləyə-dinləyə süzdüyüm və indi artıq buza dönmüş çayından bir-iki qurtum alıb ayağa qalxdı. Qarşımda sanki canlı bir heykəl dayanmışdı - məğrur Ana heykəli. Yox, o təkcə Cavanşirlərin anası deyildi, tarix boyu igidlər yetirmiş Azərbaycan anası idi!

 

 

 Flora SADIQLI

 

Azərbaycan.- 2012.- 3 mart.- S. 7.