Qeyri-neft sektorunun inkişafında regionların xüsusi çəkisi getdikcə artır

 

 Bu fikir regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda səslənmişdir 

 

Azərbaycanın sosial-iqtisadi inkişafı artıq neçə vaxtdır dünyanın diqqətini özünə cəlb edir. Bir çox beynəlxalq maliyyə qurumları ölkəmizdəki inkişafı yüksək qiymətləndirərək qeyd edirlər ki, bu inkişaf ilk növbədə ölkədə həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin nəticəsidir.

Ölkəmiz dünyada neft ölkəsi kimi tanınır. Ancaq aparılan uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı bütün sahələrdə böyük nailiyyətlərə imza atır. Elə sahələr var ki, ölkəmiz müstəqillik qazandıqdan sonra inkişaf edərək yüksək səviyyəyə çatıb. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda nəhəng turizm potensialı yaranıb. Artıq Azərbaycan dünyada qısa müddətdə turizm sahəsində böyük nailiyyətlər qazanan ölkə kimi də tanınır. Sevindirici haldır ki, turizm obyektlərinin çox hissəsi bölgələrdə tikilərək istifadəyə verilir və bu istiqamətdə görülən tədbirlər əsasən regional inkişaf proqramları çərçivəsində reallaşır.

Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafında qəbul edilən iki dövlət proqramı müstəsna rol oynayıb. Birinci Dövlət Proqramında qarşıya qoyulan bütün məsələlər uğurla həyata keçirilib. Bölgələrdə mövcud olan sosial-iqtisadi məsələləri tam həll etmək üçün isə ikinci Dövlət Proqramı qəbul edilib. İkinci proqramda da hər rayonda, hər kənddə görüləcək işlərin həcmi və icra müddəti dəqiq müəyyən olunub. Bu da işin icrasına nəzarəti gücləndirməyə imkan verir. Nəticə isə çox uğurludur.

Bu barədə Prezident İlham Əliyev "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda demişdir: "Bir sözlə, keçən dövr haqqında kifayət qədər məlumat vardır və bir də görülən bütün bu işlər göz qabağındadır. 2009-cu ilin əvvəlində proqramın yeni dövrü başlanmışdır. Artıq o proqram Dövlət İnkişaf Proqramı adlandırılırdı. Ancaq bu proqramın əsas istiqaməti yenə bölgələrin inkişafına yönəldilmişdir. Artıq üç ildir ki, ikinci Dövlət Proqramı icra edilir. Deyə bilərəm ki, bütün vəzifələr artıqlaması ilə icra edilir. Birinci proqrama gəldikdə, orada nəzərdə tutulmuş məsələlər, təbii ki, öz həllini tapmışdır. Ondan əlavə tədbirlər də görülmüşdür. İndi də məhz belə mənzərə müşahidə olunur. Biz bu proqramı daha da böyük həcmdə icra edirik və beləliklə, inkişafımıza davam edirik".

Birinci proqram ikinci proqramın icrası üçün baza rolunu yerinə yetirib. Həmin proqramın icrası zamanı regionlarda iri infrastruktur layihələri həyata keçirilib, biznes imkanlarının genişləndirilməsinə, sənaye potensialının formalaşdırılmasına xüsusi əhəmiyyət verilib. Bu məqsədlə dayanıqlı enerji infrastrukturu yaradılaraq enerji təhlükəsizliyi təmin edilib.

Bu gün biz regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramının icrası nəticəsində ölkə boyu həyata keçirilən nəhəng quruculuq işlərinin şahidiyik. Bircə onu demək kifayətdir ki, bu proqramın icrası nəticəsində 40 mindən çox yeni müəssisə yaradılıb. Həmin müəssisələrdə müxtəlif növ məhsul istehsal olunur, insanlar çalışaraq güzəranlarını yaxşılaşdırır, ölkənin ümumi inkişafına öz töhfələrini verirlər.

Dövlət ölkənin tərəqqisinin sahibkarlığın inkişafından asılı olduğunu dərk edərək bu sahəyə xüsusi diqqət yetirir. Bu məqsədlə sahibkarlara siyasiiqtisadi dəstək verir, büdcədən maliyyə vəsaiti ayırır, onları güzəştli kreditlərlə təmin edir. Təkcə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlığın inkişafına 2012-ci ildaxil olmaqla, ümumilikdə 900 milyon manat kredit verilib.

İkinci Dövlət Proqramının uğurlu icrası nəticəsində ötən il regionlarda 5 mindən çox müxtəlif təyinatlı sənaye, emal, kənd təsərrüfatı, turizmsosial xidmət obyektləri istifadəyə verilib. Ümumilikdə 2009-cu ildən ötən müddət ərzində dövlət proqramının icrası nəticəsində ölkə üzrə 14,7 min müəssisə fəaliyyətə başlayıb və 241 min yeni yeri açılıb.

Ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə aqrar sektorun inkişafına da xüsusi qayğı göstərilir. Bu məqsədlə bölgələrdə yeni müəssisələrin yaradılması üçün külli miqdarda güzəştli kreditlər verilir. Hazırda Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına regionlarda 23 quşçuluq fabriki, 5 heyvandarlıq kompleksi, 14 soyuducu və taxıl anbarı, 13 istixana kompleksi, 5 süd, 3 ət emalı, 4 konserv, 8 çörək zavodu tikilir.

Onu da qeyd edək ki, ötən il fond tərəfindən verilən güzəştli kreditlərin 75 faizi regionların payına düşüb. Bu kreditlər hesabına 33 istehsal, emal, infrastruktur müəssisəsi tikilərək istifadəyə verilib. Cari ildə isə daha 96 müəssisənin istifadəyə verilməsi gözlənilir. Bununla yanaşı, "Aqrolizinq"in xətti ilə kənd təsərrüfatı texnikası, avadanlıqlar və damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermerlərə lizinqə verilib. Eyni zamanda, fermerlərə kömək göstərmək məqsədilə rayon aqroservis filiallarının maddi-texniki bazası möhkəmləndirilir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində  həyata keçirilən tədbirlər nəticəsində bölgələrin infrastruktur təminatı daha da yaxşılaşaraq sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açıb. Bu həm də bölgələrin iqtisadisosial simasının tamamilə dəyişməsi deməkdir.

Bir faktı xüsusi qeyd etmək lazımdır: regionlarda yaradılan müəssisələr müasir texnologiyalarla təchiz edildiyi üçün dünya standartlarına uyğun məhsul istehsal etmək imkanı qazanıb. Artıq bölgələrdə istehsal olunan bir çox məhsullar xarici bazarlara ixrac olunur. Beləliklə, ölkəmizin ixracatında qeyri-neft məhsullarının payı artır. Bu istiqamətdə görülən işlər hələ başa çatmayıb. Dövlət ixracyönümlü müəssisələrə dəstək göstərməklə yanaşı, bu tipli yeni müəssisələrin də yaranmasını stimullaşdırır. Yaxın illərdə biz dünya bazarlarında daha çox Azərbaycan brendli müxtəlif məhsulların satılmasının şahidi olacağıq.

Aqrar sektorun inkişafında suvarma sistemlərinin böyük əhəmiyyəti var. Buna görə də meliorasiya sahəsində bir çox layihələr həyata keçirilir. Təkcə son bir neçə ildə bölgələrdəki köhnə suvarma sistemləri əsaslı təmir edilib, yeni suvarma sistemləri istifadəyə verilib. Lakin bu sahədə görülən işlər hələ tələbata tam cavab vermir. Ölkədə kənd təsərrüfatı məhsulları istehsalını artırmaq üçün yeni əkin sahələrinin dövriyyəyə daxil edilməsi vacibdir. Bu məqsədlə Taxtakörpü və Şəmkirçay su anbarları tikilir. Həmin obyektlərin  istifadəyə verilməsi aqrar sektorun inkişafına böyük təkan verəcək.

Bir sözlə, regionların inkişafının növbəti illərdə də dinamik şəkildə davam edəcəyi bu gün heç kimdə şübhə doğurmur. Prezident İlham Əliyevin konfransda dediyi kimi: "Bütövlükdə gələcək haqqında söhbət açarkən mən artıq bir neçə dəfə bu fikri səsləndirmişəm və bir daha demək istəyirəm ki, əlbəttə, ikinci Dövlət Proqramı uğurla icra ediləcəkdir. Heç bir şübhəm yoxdur ki, 2013-cü ilə qədər bütün məsələlər öz həllini artıqlaması ilə tapacaqdır".

 

 

 Rüstəm KAMAL

 

Azərbaycan.- 2012.- 4 mart.- S. 1.