Azərbaycan-Türkiyə əlaqələri ən yüksək zirvədədir

 

Bu fikirləri Prezident İlham Əliyev Türkiyənin TRT televiziya kanalına müsahibəsində bildirmişdir

 

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyə ilə münasibətləri tarixi təməl üzərində sürətlə inkişaf etmiş, qısa müddətdə analoqu olmayan müttəfiqlik zirvəsinə yüksəlmişdir. İki ölkə arasında münasibətlərin əlahiddə xarakteri həm də onunla şərtlənir ki, qardaş Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan, kifayət qədər çətin və mürəkkəb şəraitdə belə bir qərar qəbul edən ölkə olmuşdur. İki dost ölkə arasında strateji müttəfiqlik münasibətləri ötən müddətdə ən yüksək pilləyə yüksəlmiş, əbədi və dönməz xarakter almışdır.

İki xalqın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması rəsmi Ankara ilə Bakının əlaqələrinə təsir göstərən mühüm amillərdən biridir. Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əlaqələr uğurla inkişaf edir, ikitərəfli münasibətlərdə qarşılıqlı inam və etimad çalarları getdikcə güclənir. Dövlət və hökumət başçılarının səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərmişdir. Bu səfərlər ölkələrarası əlaqələrin inkişafına yeni imkanlar açır. Qarşılıqlı səfərlər zamanı hər iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən birgə sazişlərin imzalanması dövlətlərimiz arasında rersrektiv əməkdaşlığın inkişafına böyük töhfələr vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Türkiyənin TRT televiziya kanalına müsahibəsində iki ölkə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini bildirmişdir: "Mən çox şadam ki, bütün müstəqillik dövrü ərzində Türkiyə-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf etmişdir və düşünürəm ki, indiki zamanda bu əlaqələr ən yüksək zirvədədir. Bizim dünyadakı ən birinci dostumuz, müttəfiqimiz Türkiyədir. Əminəm ki, Türkiyə üçün də dünyada bir nömrəli dost, qardaş və müttəfiq Azərbaycandır. Bu, böyük dəyərdir, böyük nemətdir. Biz bu dəyəri qorumalıyıq və möhkəmləndirməliyik. Biz yaxın xalqıq. Bir-birimizə çox yaxınıq. Bizim dilimiz də bir-birinə çox oxşayır, tariximiz də, kökümüz də birdir. Ən önəmlisi ondan ibarətdir ki, bizim maraqlarımız da üst-üstə düşür".

Azərbaycanla Türkiyə strateji müttəfiq kimi müxtəlif beynəlxalq təşkilatlarda da bir-birinin mövqeyini dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasında ölkələrimiz vahid mövqedən çıxış edirlər. Rəsmi Ankara bütün beynəlxalq toplantılarda ölkəmizin haqlı mövqeyini müdafiə edərək Ermənistanın işğalına məruz qalmış tarixi Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad olunması tələbini irəli sürür. Rəsmi Bakı 2010-cu ildə qondarma erməni soyqırımının ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində tanınması, habelə İsrail hərbi dəniz qüvvələrinin "Azadlıq" donanmasına hücumu məsələlərində Türkiyənin haqlı mövqeyini müdafiə etmişdir. Fransa Senatının qərarı da Türkiyə və Azərbaycan ictimaiyyətində böyük narazılıqla qarşılanmışdı. Senatda qəbul olunan soyqırımının inkarına görə cəza nəzərdə tutan qanun Fransanın ATƏT-in Minsk qrupundakı fəaliyyətini, bu prosesdə tərəfsiz vasitəçiliyini də kölgə altında qoyurdu. Bu addım həmçinin  Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi dünyada sülh və əmin-amanlığa dəstək verəcəyini də şübhə altına alırdı.

Fevralın 28-də Fransa Konstitusiya Məhkəməsi qondarma erməni soyqırımnı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunu ləğv etdi. Bununla da qondarma erməni soyqırımını inkar edənlərin birillik həbs və ya 45 min avro məbləğində cərimə edilməsi təhlükəsi aradan qaldırıldı. Azərbaycan və Türkiyə hökumətinin, iki qardaş ölkəni təmsil edən müxtəlif strukturların dünyada, o cümlədən Fransada apardıqları tədbirlər nəticəsində adıçəkilən ölkənin Konstitusiya Məhkəməsi ədalətli qərar qəbul etdi. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "İlk növbədə mən bütün türk xalqını və bütün Azərbaycan xalqını, dünyada bütün ədalətsevər insanları bu qanunun ləğv edilməsi ilə əlaqədar ürəkdən təbrik etmək istəyirəm. Hesab edirəm ki, Fransanın Konstitusiya Məhkəməsi ədaləti bərpa etdi. Çünki bildiyiniz kimi, bu qanun heç bir tarixi reallığa əsaslanmayan, tarixi həqiqəti təhrif edən yalan üzərində qəbul edilmişdi. Türkiyə ictimaiyyəti, Azərbaycan ictimaiyyəti və dövlət qurumları dərhal öz səylərini göstərməyə başlamışdır. Mən çox şadam ki, bu səylər uğurla nəticələndi və Fransa Konstitusiya Məhkəməsi bir daha onu göstərdi ki, yalan üzərində qurulmuş iddialar heç vaxt qüvvəyə minməyəcəkdir. Eyni zamanda, bu qanunun ləğv edilməsi söz azadlığına verilən böyük töhfədir. Təsəvvür edin, əgər bu qanun qüvvəyə minsəydi, onda söz azadlığı, fikir azadlığı haqqında ümumiyyətlə, söhbət açmaq mümkün olmazdı. Mən çox şadam ki, bizim birgə səylərimiz və beynəlxalq dəstəyin nəticəsində bu qanun qüvvəyə minmədi və beləliklə, ədalət bərpa edildi".

Türkiyə regionda güvənməli həqiqi müttəfiqinin məhz Azərbaycan olduğunu yaxşı bilir. Ölkələrimiz arasında əlaqələr tarixi-siyasi zəmin üzərində inkişaf etməklə, bütövlükdə regionun siyasi taleyinin və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynayır. Birmənalı demək olar ki, bu gün bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyildir. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda təhlükəsizlik problemlərinin birgə həlli, sülh, sabitlikiqtisadi inkişafın təmin olunması zərurəti iki türkdilli dövləti daha da sıx birləşməyə sövq edir. Azərbaycanın regiondakı rolunun artması, Türkiyənin dünya iqtisadiyyatında mühüm mövqelərə çıxması iki dövlət arasında əlaqələrin daha da genişləndirilməsini şərtləndirir.

 

 

 Elnur HACIALIYEV

 

Azərbaycan.- 2012.- 4 mart.- S. 1.