Azərbaycanla Malayziya arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır

 

Hazırda Azərbaycanın əsas məqsədi kreativ siyasət formalaşdırmaq, iqtisadiyyatı modernləşdirmək və şaxələndirməkdir.

Bu fikir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin və dövlət, hökumət nümayəndələrinin martın 3-də ölkəmizdə səfərdə olan Malayziyanın keçmiş Baş naziri Mahathir Mohamad ilə "Hilton Baku" otelində keçirilən görüşündə səslənmişdir.

Dialoq formatında keçirilən görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Malayziyada son illər baş verən müsbət dəyişikliklərin qeyd edildiyi görüşdə bu təcrübənin Azərbaycan üçün maraqlı olduğu bildirildi. Qeyd edildi ki, hazırda Azərbaycanın əsas məqsədi kreativ siyasət formalaşdırmaq, iqtisadiyyatı modernləşdirmək və şaxələndirməkdir.

Ölkəmizin sürətlə inkişaf etdiyi vurğulanan görüşdə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə bağlı fikirlər və təkliflər səslənmişdir.

Malayziyanın keçmiş Baş naziri Mahathir Mohamad ölkəsinin təcrübəsindən danışmış, sualları cavablandırmışdır.

 

* * *

 

Görüşdən sonra Malayziyanın keçmiş Baş naziri Mahathir Mohamad jurnalistlərin suallarını cavablandırmış, Azərbaycanın gələcək inkişafı ilə bağlı təkliflərini diqqətə çatdıraraq demişdir:  "Zənnimcə, yaxşı olardı ki, iki ölkə arasında inkişafla bağlı məlumat mübadiləsi aparılsın. Heyətlər üçün təlim kurslarının təşkil edilməsi, insan resurslarının formalaşdırılması, planlaşdırma - bunlar çox vacib məsələlərdir. Əməkdaşlıqda bunlar hər iki ölkə üçün faydalı ola bilər".

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 4 mart.- S. 1.