İslam Əməkdaşlıq Təşkilatına
üzv dövlətlərin beyin mərkəzlərinin III Forumu
başa çatmışdır
Forumda Bakı Bəyannaməsi
qəbul olunmuşdur
Bakıda keçirilən "İslam Əməkdaşlıq Təşkilatı ölkələrində dəyişikliklər və transformasiya" mövzusunda bu quruma üzv ölkələrin beyin mərkəzlərinin III Forumu martın 3-də "Hilton Baku" otelində öz işini plenar iclasla və sessiyalarla davam etdirmişdir.
Plenar iclasın aparıcısı, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Malayziyanın keçmiş Baş naziri Mahathir Mohamadın tədbirdə "Dövlət quruculuğunda gələcəyə baxışın inkişaf etdirilməsi" mövzusunda məruzə ilə çıxış edəcəyini bildirmişdir.
Ş.Mövsümov Malayziyanın keçmiş baş nazirini təqdim edərək onun fəaliyyəti haqqında məlumat vermişdir. Bildirilmişdir ki, M.Mohamadın Malayziya hökumətinə başçılıq etdiyi dövrdə bu ölkə iqtisadi cəhətdən inkişafının ən yüksək zirvəsinə çatmış, köklü iqtisadi islahatlar aparılmışdır.
Sonra Mahathir Mohamad məruzə ilə çıxış etmişdir.
Keçmiş Baş nazir ölkəsinin inkişaf təcrübəsindən danışmışdır. Bildirilmişdir ki, Malayziya hazırkı səviyyəyə kapitalist bazar iqtisadiyyatı yolunu seçərək milliləşdirilmiş müəssisələri saxlamaqla, özəlləşdirmə və sənayeləşmə mərhələsində sərmayədarlara geniş imkanlar açmaqla çatmışdır. Həmin dövrdə yerli şirkətlər bu prosesə dəstək vermiş, ümumi daxili məhsul artmış, inkişafa yardım baxımından xüsusi sahələr müəyyən edilmişdir.
"Yüksək inkişafa malik olmaq yüksək təhsilli, intellektli nəslin formalaşmasından keçir" - deyən M.Mohamad hər bir ölkədə sənaye imkanlarının dəyərləndirilməsinin vacibliyini qeyd etmişdir. Keçmiş Baş nazir hər bir ölkənin inkişafında lider amilinin də mühüm rol oynadığını xüsusi vurğulamış, inkişafın perspektivlərinin peşəkar idarəçilik komandasının formalaşmasından asılı olduğunu bildirmişdir.
Sonra M.Mohamad iştirakçıların suallarını cavablandırmışdır.
Qlobal maliyyə böhranından xilas olmağın yolları ilə bağlı sualı cavablandıran keçmiş Baş nazir bildirmişdir ki, böhran yaşayan ölkələrin problemlərinin kökündə külli miqdarda vəsaitlərin xərclənməsi durur. İstehsal olunan məhsullar bazarda satılmır. Çinlilərdən və yaponlardan fərqli olaraq, avropalılar və amerikalılar daha yaxşı həyat tərzi sürmək istəyirlər. Maliyyə xidmətləri bazarlarında təlatümlər yaşanır, səhmlərin qiyməti artır. Borc alınması isə problemləri həll etmir. Bunu Yunanıstanın timsalında daha yaxşı görmək olar.
Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən məmnun qaldığını deyən keçmiş Baş nazir ölkəmizdə neftdən gələn gəlirlərin infrastrukturun, insan kapitalının inkişafına yönəlməsini yüksək qiymətləndirmişdir. M.Mohamad Azərbaycanın gələcəyinin gözəl olacağını vurğulamışdır.
Forum işini sessiyalarla
davam etdirmişdir.
Azərbaycan Şərq və Qərbin ortaq dəyərlərini birləşdirən
nadir multikulturalist modelə
sahibdir.
Bu fikir forumun IV sessiyasının leytmotivini
təşkil etmişdir.
Azərbaycan Diplomatik Akademiyasının
prorektoru Fariz İsmayılzadənin moderatorluğu
ilə keçirilən
bu sessiyada rəsmi şəxslərlə
yanaşı, müxtəlif
ölkələrin beyin
mərkəzlərinin mütəxəssisləri,
ekspertlər, diplomatlar,
tədqiqatçılar "İslam ölkələrində
sülhyaratma və münaqişələrin nizamlanması
missiyası" mövzusu
ətrafında çıxışlar
etmişlər.
Milli Məclisin İnsan hüquqları komitəsinin
sədri Rəbiyyət
Aslanova "Sivilizasiyaların
mövcud birgəyaşayış
modelləri: Şərq
və Qərbin təcrübəsinə komprativ
yanaşma" mövzusunda
çıxış etmişdir.
Azərbaycanın etnik
cəhətdən çoxmillətli
dövlət olaraq, xalqların mehriban şəkildə birgəyaşayışı
haqqında deməyə
sözü olduğunu
bildirən Rəbiyyət
Aslanova Şərq ölkələrinin birgəyaşayış
istəyinin, münaqişələrin
həll edilməsi meyillərinin dünya səviyyəsində təqdim
olunmasının xüsusi
önəm daşıdığını
bildirərək demişdir:
"Şərq ölkələrinin,
həmçinin İslam
Əməkdaşlıq Təşkilatına
üzv dövlətlərin
birgəyaşayış modeli
dünyaya çatdırılmalıdır.
Azərbaycan Şərq və
Qərbin ortaq dəyərlərini birləşdirən
nadir multikulturalist modelə
sahibdir. Bu mənada Azərbaycan dünyanın mədəniyyətlərarası
dialoq siyasətinə
layiqli töhfələr
verir".
R.Aslanova vurğulamışdır ki,
bu forumun Azərbaycanda keçirilməsi
də bunun əyani təsdiqidir. Azərbaycan bütün
xalqların mədəni
dəyərlərinə hörmətlə
yanaşır. Dünyanın inkişafı sivilizasiyaların
dialoqundan keçir.
"İraq: hazırkı
və gələcək
çağırışlar" mövzusunda çıxış
edən İraqın əyalət məsələləri
üzrə dövlət
naziri Torhan əl-Mufti ölkəsinin
hazırkı və gələcək vəziyyəti
barədə iştirakçıları
məlumatlandırmışdır.
Sessiyada çıxış edən
Türkiyə Böyük
Millət Məclisinin
deputatı Sinan Oğan bildirmişdir ki, dünyada olan toqquşmaların üçdə ikisi müsəlman torpaqlarında
baş verir. O, "ərəb
baharı" adlandırdığımız
inqilabların Qərb
tərəfindən həyata
keçdiyini qeyd etmişdir. Türkiyəli
deputat çox nadir hallarda islam
ölkələrinin bir-biri
ilə müharibə
etdiyini, hətta bunda da Qərbin
əli olduğunu diqqətə çatdırmışdır.
Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə
toxunan S.Oğan bildirmişdir ki, problemin həll olunmasında islam dünyasının yaxından
maraq göstərməməsi
məsələnin uzanmasına
səbəb olan ən vacib məqamlardan
biridir. Məhz buna görə də islam
ölkələri problemin
həll edilməsi üçün məsələyə
həssas yanaşmalıdırlar.
Azərbaycan Prezidenti yanında
Strateji Araşdırmalar
Mərkəzinin direktor
müavini Gülşən
Paşayeva,
Pakistan İslamabad Siyasi
Araşdırmalar İnstitutunun
icraçı prezidenti
Maqsudul Həsən Nuri və başqaları
mövzu ilə bağlı çıxışlar
etmişlər.
IV sessiyada Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi, islam ölkələrində
sülhyaratma fəaliyyəti
və münaqişələrin
nizamlanması, Yaxın
Şərq yol ayrıcında, Türkiyənin
Yaxın Şərqdəki
sülhyaratma fəaliyyətində
din və identikliyin əhəmiyyəti mövzuları
üzrə mühazirələr
oxunmuş və müzakirələr aparılmışdır.
* * *
Sürətlə inkişaf edən
dünyada, islam ölkələrində yeni,
5-ci nəsil beyin
mərkəzlərinin formalaşmasına
dəstək vermək
vacibdir.
Bu fikir isə Forumun "Yeni beyin mərkəzlərinin
yaradılması, dəstəklənməsi
və inkişafı"
mövzusunda 5-ci sessiyasında
səslənmişdir.
Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar
Mərkəzinin xarici
siyasət məsələlərinin
təhlili şöbəsinin
müdiri Rövşən
İbrahimovun moderatoru
olduğu sessiyada islam ölkələrində
rəqabətədavamlı innovativ düşüncə
mərkəzlərinin təşkilinin
prioritet rolu, onların model variantları,
islahatçıların yeni
nəslinin hazırlanmasının
vacibliyi və digər mövzular ətrafında səmərəli
fikir mübadiləsi aparılmış, bu istiqamətdə qarşılıqlı
faydalı əməkdaşlığın
əhəmiyyəti xüsusi
vurğulanmışdır.
Tanınmış türkiyəli ekspert
Atilla Sanıklı əsasən
beyin mərkəzlərinin
fəaliyyətində Türkiyə
təcrübəsindən danışmışdır.
A.Sanıklı qeyd etmişdir ki, bu gün
Türkiyədə belə
mərkəzlərə böyük
ehtiyac vardır. Türkiyədə bu cür mərkəzlər bir neçə kateqoriyaya bölünür. O demişdir
ki, ali
təhsil ocaqları nəzdində müxtəlif
tədqiqat mərkəzləri
də bu funksiyanı daşıyır.
Ümumiyyətlə, Türkiyədə
dövlət və
özəl sektora məxsus beyin mərkəzləri vardır.
A.Sanıklı söyləmişdir
ki,
bu gün beynəlxalq siyasəti, dəyişən
dünyada xarici əlaqələri öyrənən
strukturlarla yanaşı,
ölkənin daxili vəziyyətini, ictimai-siyasi
həyatını dərindən
araşdıran mərkəzlərin
də yaradılmasna böyük tələbat
duyulur.
Yaxın
Şərq bölgəsindən
tanınmış ekspertlər "ərəb
baharı"ndan sonra
bu regionda yeni tələblərə
əsaslanan, dünyada
gedən prosesləri daha dərindən öyrənən mərkəzlərin
yaradılmasının zəruriliyini
vurğulamışlar. Qeyd edilmişdir
ki, ərəb ölkələrindəki münaqişələr
fonunda dünyanın aparıcı mərkəzləri
tərəfindən yeni
yanaşma metodları
işlənib hazırlanmalı,
regionda daha mütərəqqi düşüncə
mərkəzləri formalaşdırılmalıdır.
Azərbaycan Respublikası Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
sədri, Milli Məclisin deputatı Azay Quliyev Azərbaycanda
50-ə qədər beyin
mərkəzi hesab oluna biləcək strukturun fəaliyyət göstərdiyini söyləmişdir.
Bildirilmişdir ki, İqtisadi
İnkişaf Nazirliyinin
İqtisadi İslahatlar
Elmi-Tədqiqat İnstitutunu
dünya səviyyəli
beyin mərkəzi hesab etmək olar.
Tədbirdə diqqətə çatdırılmışdır
ki, sürətli inkişafın təməlini
qoyan ölkələr
uğurlu ölkələrdir. Dəyişən dünyada düzgün, rasional siyasətin aparılması vacibdir.
Bu mənada beyin mərkəzlərinin rolu
əvəzsizdir və
islam ölkələrində
sürətli inkişafa
nail olmaq üçün
yeni, 5-ci nəsil düşüncə mərkəzlərinin
formalaşması zəruridir.
* * *
"İslam Əməkdaşlıq
Təşkilatı ölkələrində
dəyişikliklər və
transformasiya" mövzusunda
bu quruma üzv ölkələrin
beyin mərkəzlərinin
III Forumu martın 3-də
başa çatmışdır.
Forumun yekununda Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzi
ilə Qazaxıstanın,
Qırğızıstanın, Pakistanın, Tacikistanın
müvafiq qurumları
və Dialoq və Əməkdaşlıq
uğrunda İslam Konfransı Gənclər Forumu ilə anlaşma memorandumları imzalanmışdır.
Sonra İƏT-ə üzv ölkələrin
beyin mərkəzlərinin
III forumunun Bakı Bəyannaməsi qəbul edilmişdir.
Sonda forum iştirakçılarına
müxtəlif hədiyyələr
təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2012.- 4 mart.- S. 2.