Rəbiyyət Aslanova: İslam dünyasının beyin mərkəzlərinin bir araya gəlməsi bu böyük məkanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmək üçün qüvvələrin səfərbər edilməsi cəhdidir

 

 İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv  dövlətlərin beyin mərkəzlərinin Bakıda keçirilən III Forumu olduqca böyük əhəmiyyətə malikdir. Çünki islam dünyasının beyin mərkəzlərinin bir araya gəlməsi bu böyük məkanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmək, müxtəlif fikirlərin, proqramların ortaya qoyulması üçün qüvvələrin səfərbər edilməsi cəhdidir.

Bu sözləri İƏT-ə üzv dövlətlərin beyin mərkəzlərinin Bakıda keçirilən III Forumu haqqında fikirlərini AzərTAc ilə bölüşən Milli Məclisin komitə sədri Rəbiyyət Aslanova demişdir.

Bu gün dünyanın diqqətinin İƏT-in əhatə etdiyi islam məkanına yönəldiyini vurğulayan Rəbiyyət Aslanova qeyd etmişdir ki, bu ölkələrdə baş verən proseslər, bu dövlətlərin inkişaf dinamikası, sabahın çağırışlarına cavab vermək imkanları dünyanın aparıcı alimlərini çox düşündürür. Bu baxımdan bu cür tədbirin Bakıda keçirilməsi dünyanın bir çox ölkələrindən gələn alimlərlə yanaşı, azərbaycanlı alimlərin də fikirlərinin bir araya gətirilməsi və ümumi işin xeyrinə olaraq zəka potensialının araşdırılması cəhdidir.

Komitə sədri vurğulamışdır ki, Azərbaycanda nümunəvi tolerantlıq mühiti mövcuddur. Ölkəmizdə dilindən, dinindən asılı olmayaraq, bütün xalqların nümayəndələri dostluq şəraitində yaşayırlar. Biz Şərqdəki ölkələrin, həmçinin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin birgəyaşayış modelini dünyaya çatdırmalıyıq. Azərbaycan Şərqin və Qərbin ortaq dəyərlərini birləşdirən nadir multikulturalizm modelinə sahibdir. Bu modelin kökündə insanların sülh şəraitində yaşaması dayanır.

 

 

Azərbaycan.- 2012.- 4 mart.- S. 2.