Azərbaycanın beynəlxalq nüfuzu durmadan yüksəlir

 

 Bunu ölkəmizin reytinq göstəricilərinin yüksəlməsi və G-20 sammitinə dəvət olunması da təsdiqləyir

 

Qloballaşma prosesinin daha geniş vüsət aldığı müasir dönəmdə dünyanın siyasi xəritəsində adları keçən dövlətlərin fərdi inkişaf xüsusiyyətlərinin qorunub saxlanması əsasında tərəqqilərini davam etdirməsi  artıq ən zəruri şərtlərdən biri kimi çıxış edir.  Çünki qloballaşmadan irəli gələn inkişafın müsbət tərəfləri ilə yanaşı, doğurduğu ən böyük fəsadlardan birisosial-iqtisadi tərəqqi prosesində meydana çıxan problemlərin təsir sferasına bütün dövlətləri daxil etməsidir. Yəni qloballaşma prosesində yer alan hər hansı dövlətin üzləşdiyi problem tək onun coğrafi sərhədləri ilə məhdudlaşmayaraq dünyanın digər ölkələrinə də təsir göstərir. Elə yaxın tarixə nəzər salmaqla bunun real təsdiqinə dair çoxsaylı misallara rast gəlmək mümkündür.

Məsələn, 2009-cu ildə özünün zirvə nöqtəsinə çatan sonuncu qlobal maliyyə böhranı ilk olaraq okeanın o tayında özünü büruzə verdi, az keçməmiş domino effekti yaradaraq digər dünya ölkələrinin iqtisadiyyatına da mənfi təsirlərini göstərməyə başladı. Hazırda Avropanın bir çox inkişaf etmiş ölkələrində mövcud iqtisadi çətinliklər barədə də analoji mühakimələr yürütmək mümkündür. Məhz sözügedən kontekstdə dünya dövlətlərinin qarşısında duran əsas məsələlərdən biri öz tərəqqi strategiyasını müəyyən edərkən qloballaşma prosesinin yarada biləcəyi fəsadları əvvəlcədən neytrallaşdıra bilmək üçün preventiv tədbirlər planına malik olmaq, inkişafına mənfi rakursdan təsir göstərəcək halları vaxtında dəf etmək iqtidarında olmasıdır. Ölkələrin müasir iqtisadi vəziyyətinin təhlili isə qeyd edilən  səpkidə mühüm nailiyyətlərə imza atan dövlətlərin sayının elə də çox olmadığını göstərir və bu təsnifatda yer alanlar öz inkişaf səviyyələrinə görə digərlərindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Təqdirəlayiq haldır ki, dünyanın azsaylı bu cür ölkələri sırasında müstəqillik tarixi elə də böyük zaman kəsiyini əhatə etməyən, lakin bununla belə sosial-iqtisadi inkişaf tempinə görə nümunəvi dövlətlərdən biri qismində çıxış edən Azərbaycanın da adı yer alır.

Dövrün tələblərindən irəli gələrək dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın bu sahədə qazandığı müvəffəqiyyətləri şərtləndirən mühüm cəhətlərdən biri məhz qloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırılması, onların milli maraqların təmininə yönəlmiş  uğurlu vəhdətinin yaradılmasına nail olunmasıdır. Sosial-iqtisadi inkişafın özünəməxsus cəhətləri ilə seçilən modelini yaratmaq kimi möhtəşəm bir uğura da imza atan Azərbaycan üçün əsas xarakterik xüsusiyyətlərdən biri sözügedən sferada yaşanan  tərəqqinin dinamik və davamlı xarakter daşıması, kifayət qədər möhkəm özüllər üzərində qurulmasıdır. Elə bu da qarşıdakı dövr ərzində Azərbaycanın geridə qoyacağı inkişaf yolunun yenə böyük uğurlarla müşayiət olunacağını, ölkəmizin daha böyük nailiyyətlərə imza atacağını şərtləndirməkdədir.

Digər tərəfdən, bununla ən böyük hakim olan zaman əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, onun böyük və zəngin irsinin layiqli davamçısı olan Prezident İlham Əliyevin zamanın çağırışlarına adekvat olan yeni qiymətli əlavələrlə zənginləşdirdiyi, Azərbaycanı liderlər cərgəsinə yüksəldən inkişaf strategiyasının möhtəşəm təntənəsinin daha bir real təzahürü kimi çıxış edir.

Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan sosial-iqtisadi siyasət çoxşaxəli milli iqtisadiyyatın formalaşdırılmasını, onun dünya təsərrüfat sisteminə uğurlu inteqrasiyasını təmin edərək ölkəmizə qibtəediləcək müvəffəqiyyətlər qazandırıb. Bunun bariz nümunəsi isə son on il ərzində Azərbaycanın əsas makroiqtisadi göstəricilərdən olan ümumi daxili məhsulun orta artım tempinə görə hələ də dünya ölkələrinin reytinq cədvəlində lider dövlət statusunu qoruyub saxlamasıdır. Bu xüsusda Prezident İlham Əliyevin aşağıdakı fikirləri xüsusi diqqət cəlb edir: "İqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider dövlətdir. Son illər ərzində dünya miqyasında heç bir başqa ölkədə Azərbaycandakı qədər görülən işlər və əldə edilmiş nailiyyətlər olmamışdır".

Sosial-iqtisadi intibahında Azərbaycanın inkişaf yolunun nümunəviliyini və yüksək səmərəliliyini dünya miqyasında isbata yetirən ən mühüm hadisələrdən biri qlobal maliyyə böhranı oldu. Böhran dövründə Azərbaycan nəinki ümumi daxili məhsulun yüksək nisbətdə artımına nail oldu, həm də iqtisadi sahədə keçid dövrünü başa vurmaq kimi böyük bir uğurun müəllifinə çevrildi. İqtisadi sahədə keçid dövrünün sona yetməsi kontekstində isə günümüzdə Azərbaycanın qarşısında duran əm ümdə məqsəd və vəzifələrdən biri iqtisadi inkişaf statusunu dəyişərək, artıq inkişaf etmiş dövlətlər cərgəsnə daxil olmaqdır. Mövcud inkişaf tempi Azərbaycanın yaxın tezlikdə buna nail olacağına heç bir şübhə yeri qoymur.

İqtisadi sahədə qazanılan nailiyyətlər isə öz növbəsində Azərbaycanın digər uğurlarını şərtləndirən, onun beynəlxalq hüququn müstəqil subyekti olaraq dünya miqyasında mövqelərini davamlı olaraq gücləndirən ölkə kimi çıxış etməsinə rəvac verib. Ulu öndər Heydər Əliyevin dediyi kimi, "iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" formulunun tam reallığı əks etdirməsi müasir Azərbaycanın timsalında özünü tamamilə doğruldur.

Bunun nəticəsidir ki, dövlətimizin mövqe və maraqları regional xarakterli proseslərin inkişaf axarında mütləq nəzərə alınır və Azərbaycanla razılaşdırılır. Bu gün Cənubi Qafqazda həyata keçirilən və gələcəkdə keçirilməsi nəzərdə tutulan istənilən transmilli layihənin ölkəmizin iştirak və razılığı  olmadan reallaşdırılması mümkün deyil. Lakin ölkəmizin müəllifi olduğu uğurlar onun təkcə regional hüdudlarda deyil, həm də qlobal miqyasda mühüm oyunçulardan birinə çevrilməsini səbəbləndirmişdir. Elə ötən ilin yekunları da az söz demir.

Yola saldığımız ildə Azərbaycan dünyanın ən mötəbər mahnı müsabiqələrindən biri sayılan "Eurovision"un qalibi oldu. Ölkəmiz barədə məlumatı olmayanlar belə həmin günlər Azərbaycanla sıx maraqlandılar, haqqımızda bilmədiklərini öyrəndilər. May ayında həmin möhtəşəm musiqi bayramına Bakı ev sahibliyi edəcək və əminik ki, bu tədbirə qatılan hər bir qonaq burada gördüklərindən vəcdə gələcək və geriyə dönərkən qəlbində ən xoş təəssüratlarla yanaşı, mütləq bir parça da Azərbaycan sevgisi aparacaq. "Eurovision-2012" ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun daha bir təsdiqinə çevriləcəkdir. 

Azərbaycanın keçən il dünyanın ən böyüknüfuzlu bir təşkilatının əsas qurumunun üzvü seçilməsi də əldə edilmiş uğurların beynəlxalq etirafının bariz göstəricisidir. Söhbət Azərbaycanın yeni tarixinin ən parlaq səhifələrindən birini təşkil edən və məqsədyönlü şəkildə həyata keçirilən diplomatiya siyasətinin böyük uğurunun nəticəsi kimi ölkəmizin BMT Təhlükəsizlik Şurasının iki il müddətinə qeyri-daimi üzvü seçilməsindən gedir. Bu, həm də onun təsdiqidir ki, sosial-iqtisadi tərəqqi sahəsində mühüm nailiyyətlərin sahibi olan Azərbaycan siyasi müstəvidə də əldə etdiyi uğurlara görə dünyada kifayət qədər yaxşı tanınır, beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə dəstəklənir. Təhlükəsizlik Şurasına seçkilər zamanı 155 ölkənin Azərbaycanın lehinə səs verməsi artıq bu mötəbər qurumda respublikamızı Şərqi Avropa dövlətlərinin əsas təmsilçisinə çevirib. Hər bir azərbaycanlının qürur duyduğu bu hadisənin Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasının 20-ci ildönümünə təsadüf etməsi, eyni zamanda, qeyd edilən müddət ərzində həyata keçirilən xarici siyasət strategiyasının məqsədyönlülüyündən, böyük hədəflərə daha tez çatılması üçün rəvan cığır açdığından xəbər verir. Bu strategiya ona gətirib çıxarıb ki, ölkəmiz artıq BMT Təhlükəsizlik Şurasının üzvü kimi beynəlxalq sülhsabitliyin qorunması, ölkələrin davamlı inkişafı, mədəniyyətlərarası anlaşmanın artırılması, ətraf mühitin qorunması və digər bu kimi vacib məsələlərin həyata keçirilməsində dünyanın əsas söz sahibi olan dövlətlərindən birinə çevriləcəkdir. Xatırlatmaq yerinə düşərdi ki, BMT Nizamnaməsinin 23-cü maddəsinə görə, Təhlükəsizlik Şurasının üzvləri üçün prioritet məqamlar ilk növbədə, beynəlxalq sülhün və təhlükəsizliyin saxlanması və təşkilatın bu qəbildən olan digər məqsədlərinə nail olunmasıdır.

Azərbaycanın artıq dünyanın siyasiiqtisadi nizamının müəyyən olunmasında əsas söz sahibləri sırasında olmasının  labüdlüyünün beynəlxalq miqyasda da qəbul edildyini göstərən digər önəmli faktor ölkəmizin tarixində ilk dəfə olaraq "Böyük iyirmilik" dövlətlərinin (G-20) xarici işlər nazirlərinin sammitinə qatılmasıdır. Fevralın 18-20-də Meksikanın Los-Kabos şəhərində baş tutan sammitdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib. Heç şübhəsiz ki, sözügedən sammitdə iştirak ölkəmizin artan nüfuzundan xəbər verir, Azərbaycanın mövcud olduğu regionda lider dövlətdən qlobal oyunçuya çevrildiyini göstərir. Bu fakt həm də belə bir həqiqətin göstəricisidir ki, qlobal iqtisadiyyatın vacib problemlərinin həllində dünya üçün artıq Azərbaycanın da  mövqeyi olduqca əhəmiyyətlidir. Onu da qeyd etmək yerinə düşərdi ki, "Böyük iyirmilik" 1999-cu ildə inkişaf etmişinkişaf etməkdə olan ölkələrlə qlobal iqtisadiyyat məsələlərinin birgə müzakirəsi məqsədilə yaradılmışdır. "İyirmilik qrupu" 19 ölkənin maliyyə nazirlərindən və mərkəzi bank sədrlərindən, həmçinin Avropa İttifaqının nümayəndəsindən ibarətdir.

Azərbaycanın bu sammitə dəvətini şərtləndirən əsas səbəblərdən biri mövcud olduğu regionun lider dövləti olaraq sosial-iqtisadi inkişafında nail olduğu uğurlarla bilavasitə bağlıdır. Sözügedən kontekstdə təkcə bir faktı qeyd etmək kifayətdir ki, inkişaf göstəriciləri ilə Azərbaycan bu gün hətta Avratlantik məkanın bir çox ölkələri üçün nümunəyə çevrilib. "Standard and Poor's", "Moody's" kimi beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrindən də bunu aydın görmək olar. Həmin agentliklər Avropa ölkələrinin reytinq göstəricilərinin aşağı düşdüyü bir məqamda Azərbaycanda  əks proseslərin yaşandığından xəbər verir. Belə ki, "Standard and Poor's" özünün son qiymətləndirməsində Fransa, İtaliya, İspaniyaAvstriya da daxil olmaqla 17 avrozona ölkəsindən 9-nun kredit reytinqini aşağı salıb. Avropa İttifaqının ən iri iqtisadi qüvvələrindən sayılan Fransanın reytinqi də ən ali pillə olan "AAA" pilləsindən "AA+" pilləsinə endirilibbu, "mənfi proqnoz"la müşayiət edilib. İtaliyanın borc reytinqi "A" pilləsindən "BBB+" pilləsinə, İspaniyanın reytinqi isə "AA" pilləsindən "A" pilləsinə endirilib.

"Moody's" agentliyiAvropa İttifaqının daha 6 ölkəsinin suveren kredit reytinqlərini azaldıb. Avropanın iqtisadi göstəricilərinin pisləşməsi fonunda "Standard and Poor's" Azərbaycanın kredit reytinqlərinin müsbət olduğunu bildirir. Özünün sonuncu qiymətləndirməsində "Standard and Poor's" agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini "BB+/B" səviyyəsindən qaldıraraq müsbət proqnozlu "BBB-/A-3" səviyyəsinə çatdırıb. Beləliklə, Azərbaycan reytinq üzrə MDB lideri olan Rusiyanın sabit proqnozlu "BBB" reytinqinə tam yaxınlaşıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin buraxdığı avrobondlara isə "Moody's" tərəfindən "BA1" (sabit proqnoz) reytinq dərəcəsi verilməsi ölkəmizə yüksək etimadın mühüm göstəricilərindəndir.

Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində Azərbaycanın Prezidenti İlham Əliyev belə bir beynəlxalq səviyyəli nüfuz və etibarın kökündə ölkədə uğurla həyata keçirilən iqtisadi islahatların, səmərəli idarəçilik metodlarının durduğunu söyləmişdir: "...Mən bir daha demək istəyirəm ki, uğurlarımızın təməlində düşünülmüş iqtisadi siyasətdir, iqtisadi islahatlardır. Bu islahatlar dünya birliyi tərəfindən qiymətləndirilir. Dünyanın aparıcı iqtisadi qurumları Azərbaycanda gedən prosesləri dəstəkləyir, qiymətləndirir və bəzi hallarda bizdə gedən prosesləri heyranlıqla müşahidə edir. Böyük reytinq agentlikləri inkişaf etmiş ölkələrin kredit reytinqlərini aşağı salırlar. Azərbaycanın kredit reytinqlərini qaldırırlar. Böhranlı illərdə ən aparıcı beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən islahatları yüksək qiymətləndirirlər. ...Görəndə ki, uğurlarımız mötəbər beynəlxalq qurumlar tərəfindən qeyd edilir, əlbəttə ki, bu, bizi daha da sevindirir".

Şübhəsiz ki, Azərbaycanın iqtisadi uğurları onun ən müxtəlif agentliklər tərəfindən reytinq göstəricisinin yüksəlməsinə səbəb olub. Lakin təkcə reytinq agentlikləri yox, digər nüfuzlu beynəlxalq qurumlar da ölkəmizdə böyük iqtisadi inkişafın və bunun üçün müvafiq şəraitin formalaşdırılmasının Azərbaycanın nüfuzuna müsbət istiqamətdə böyük təsir göstərdiyini vurğulayırlar. Məsələn, Dünya İqtisadi Forumu tərəfindən dərc edilən dünya ölkələrinin rəqabət qabiliyyətliliyi səviyyəsini xarakterizə edən "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatlarında Azərbaycan 142 ölkə arasında 55-ci yerə layiq görülmüş və beləliklə də son 7 hesabat ərzində ölkəmizin mövqeyi 14 pillə yuxarı qalxmışdır. Yenə də həmin göstəriciyə görə artıq son 3 hesabatdır ki,  ölkəmiz MDB ölkələri arasında 1-ci yerdədir.

"Dünya Rəqabət Qabiliyyəti İndeksi 2011-2012" hesabatında Azərbaycan bir sıra alt göstəricilər üzrə də yüksək nəticələr əldə edib. Dünya Bankı tərəfindən hazırlanan "Doing Business" hesabatında Azərbaycan biznesin təşkili və aparılması istiqamətində əlverişli şəraitin yaradılması və inkişafı üçün tədbirlər həyata keçirən ölkə kimi dəyərləndirilir. "Doing Business - 2009" hesabatının nəticələrinə əsasən Azərbaycan "top islahatçı" ölkə kimi qiymətləndirilib, 97-ci pillədən 33-cü pilləyə yüksəlməklə öz mövqeyini 64 pillə yaxşılaşdırıb. "Doing Business" hesabatlarının tarixi ərzində bu ən yüksək irəliləyiş olub və hələ ki, təkrar olunmaz nəticə kimi qalmaqdadır. Dünya Bankının "Doing Business - 2011" hesabatında ölkəmiz 183 milli iqtisadiyyat arasında 54-cü və MDB məkanında 1-ci olub.

Bu müstəvidə "Fitch Ratings" agentliyi tərəfindən ilk dəfə olaraq ölkəmizə investisiya reytinqi verilib. Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatları arasında investisiya reytinqi almış ilk və indiyədək yeganə iqtisadiyyat olaraq qalmaqdadır. Bir daha xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın kredit reytinqinin yaxşılaşması Avropanın bəzi inkişaf etmiş ölkələrinin suveren reytinqlərinin aşağı salınması fonunda baş verir. Qeyd edilənlər kontekstində Azərbaycanın "Böyük iyirmilik" dövlətlərinin sammitinə dəvət alması, əslində, təbii sayılmalıdır. Digər tərəfdən, belə bir mötəbər tədbirdə iştirak etməklə Azərbaycan daha bir beynəlxalq səviyyəli yüksək kürsüdən öz mövqeyini dünyaya çatdırmaq imkanı qazanır. Xatırlatmaq yerinə düşərdi ki, xarici işlər naziri Elmar Məmmədyarov "Böyük iyirmilik" dövlətlərinin nazirlər toplantısının "Cari qlobal çağırışların effektiv həll olunması" mövzusunda keçirilmiş ikinci sessiyasında aparıcı spiker kimi iştirak edib. Burada o, ölkəmizlə bağlı bir çox vacib reallıqları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Belə ki, nazir öz çıxışında davamlı inkişafyoxsulluğun aradan qaldırılması məsələlərinə toxunaraq Azərbaycanın 20 illik müstəqillik dönəmində bu sahədə müsbət nəticələr əldə etdiyini vurğulayıb. Azərbaycan torpaqlarının əhəmiyyətli bir hissəsinin hələ də işğal altında olduğunu bildirən cənab Məmmədyarov Azərbaycanın davamlı şəkildə öz müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi üzərində çalışdığını qeyd edib. O, Azərbaycanda təhsil sahəsinə böyük investisiyalar yatırıldığını qeyd edərək, bununla da gələcək nəsillərin güclü iqtisadiyyatasosial siyasətə malik olan qüdrətli dövlət qurmalarının mümkün olacağını diqqətə çatdırıb.

Təhlükəsizlik məsələlərinə toxunan Elmar Məmmədyarov bu sahədə qəbul edilən qərarların tətbiq edilmə mexanizminin də yaradılmasının vacibliyini qeyd edərək, BMT TŞ-nin Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, həmin sənədlərin praktiki şəkildə təsirsiz qaldığını ifadə edib. Belə bir icra intizamının bərqərar edilməsinin nazir qlobalregional təhlükəsizliyin qorunması nöqteyi-nəzərindən də vacib olduğunu vurğulayıb.

Qeyd edilənlər Azərbaycanın beynəlxalq arenada yüksələn nüfuzunun növbəti ifadəsi olmaqla yanaşı, ölkəmizin artıq qlobal miqyasda əsas söz sahiblərindən biri qismində çıxış etdiyini də təsdiq edir. Digər tərəfdən, belə bir fakt da birmənalı qəbul edilməlidir ki, qazanılan uğurlar dövlət başçısı İlham Əliyevin genişmiqyaslı fəaliyyətinin və titanik zəhmətinin məntiqi nəticəsidir.

İstisnasız olaraq inkişafın hər bir istiqaməti üzrə möhkəm özüllər üzərində qərar tutmuş Azərbaycanın bundan sonra da özündə dinamik və sabitqədəm tərəqqini ehtiva edən milli sosial-iqtisadi inkişaf proqramı əsasında irəliləyəcəyi nə opponentlərində, nə də ölkə vətəndaşlarında şübhə doğurur.

 

 

 Xalid NİYAZOV

 

Azərbaycan.- 2012.- 4 mart.- S. 3.