Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin idarə heyəti hesabat verir

 

Martın 3-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə heyətinin hesabat iclası keçirilmişdir.

İdarə heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qurumun 2011-ci ildə gördüyü işlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağın azərbaycanlı icmasına göstərdiyi qayğı və diqqət qarşıda duran vəzifələrin həyata keçirilməsi işinə stimul vermişdir. Bunun sayəsində ictimai birlik öz fəaliyyətini daha da genişləndirmişdir. Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq, təcavüzkarı ifşa etmək məqsədi ilə Azərbaycanda fəaliyyət göstərən səfirliklərin və beynəlxalq qurumların nümayəndələri ilə müntəzəm görüşlər keçirilmişdir.

Beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, dünya ictimaiyyətinə müraciətlər ünvanlanmışdır. Bu müraciətlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün ardıcıl səy göstərilməsi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən məcburi köçkün düşmüş azərbaycanlıların taleyinə biganə qalmamaq tələb edilmişdir. Müxtəlif beynəlxalq qurumların Azərbaycanda səfərdə olan nümayəndələri ilə görüşlər keçirilmişdir. Görüşlərdə idarə heyətinin üzvləri Azərbaycan dövlətinin Dağlıq Qarabağın inkişafı üçün orada yaşayacaq hər iki icmanın xeyrinə lazımi tədbirləri görməyə hazır olduğunu qeyd etmiş, bu mərhələyə keçmək üçün, ilk növbədə, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulmasının vacibliyini diqqətə çatdırmışlar. Faciələrimizin ildönümünün işğal altında olan rayonların sakinlərinin iştirakı ilə qeyd olunması, hərbi hissələrdə əsgərlərlə görüşlər, Qarabağ mövzusunda yazılmış kitabların təqdimat mərasimləri ənənə halını almışdır. Bu tədbirlərdə Milli Məclisin deputatları, respublikanın tanınmış ziyalıları iştirak etmişlər.

Regiondadünyada baş verən hadisələrə münasibət bildirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Məsələn, ABŞ Konqresinin Dağlıq Qarabağdakı işğalçı rejimə 2 milyon dollar məbləğində vəsait ayırmasına etiraz bildirilmişdir. Bununla yanaşı, "Qarabağa qayıdacağıq" kitab-albomu Azərbaycan, ingilisrus dillərində nəşr edilmişdir. İdarə heyətinin ayrı-ayrı üzvləri - Elman Məmmədov, Rövşən Rzayev, Fərhad Bədəlbəyli, Kamal Abdulla və başqaları xarici ölkələrdə olmuş, müxtəlif forumlarda Azərbaycan həqiqətlərindən söz açmış, icmanın fəaliyyəti barədə məlumat vermişlər. Ötən ilin martından ictimai birliyin Azərbaycan, ingilis və erməni dillərində "Karabakh.az." saytı fəaliyyət göstərir. İnformasiya texnologiyalarının geniş yayıldığı indiki dövrdə bu saytın yaradılması çox faydalıdır və Azərbaycan Prezidentinin qarşıya qoyduğu "Biz informasiya müharibəsində qalib gəlməliyik" vəzifəsinin yerinə yetirilməsi sahəsində sanballı addımdır. Sayt təkcə icma barədə yox, həm də Qarabağ, onun mədəniyyəti, coğrafiyası, tarixi haqqında məlumat almaq istəyənlər üçün zəngin mənbə rolunu oynayır. Şuşa, Xocalı, Xocavənd rayon icra hakimiyyətlərinin veb-saytları da təqdim olunmuş, işğal altındakı olan rayonlara dair Azərbaycan, rusingilis dillərində bukletlər nəşr edilib yayılmışdır.

Natiq diqqətə çatdırmışdır ki, Çexiyada Xocalı küçəsinin açılışına cavab olaraq ötən ilin iyulunda xocalılıların məskunlaşdıqları Aşağı Ağcakənd qəsəbəsindəki küçələrdən birinə bu ölkənin  sakinləri 1942-ci ildə faşistlər tərəfindən qətlə yetirilmiş Liditse şəhərinin adı verilmişdir. Mərasimdə Çexiyadan gəlmiş qonaqlar da iştirak etmişlər. Xocavənd rayonunun işğaldan azad edilmiş Nərgiztəpə ərazisində Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının xatirəsinə abidə kompleksi yaradılmışdır.

İcma rəhbəri vurğulamışdır ki, icmanın fəaliyyətinin daha da canlandırılması məqsədi ilə təşkilatlanma işləri sürətləndirilməli, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyası genişləndirilməli və Ermənistanın beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq üçün bütün qüvvələr səfərbərliyə alınmalıdır.

Müzakirələrdə Kamal Abdulla, Fərhad Bədəlbəyli, Elman Məmmədov, Eyvaz Hüseynov, Cavid Əliyev, Mehdi Mehdiyev, Şaban Qurbanov, Mehdi Abdullayev  çıxış etmişlər. Natiqlər görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələrdən də danışmışlar. Onlar icmanın maliyyə vəziyyətinə, icma üzvlərinin məlumatlandırılması məsələsinə də toxunmuş, təkliflər irəli sürmüşlər.

İctimai birliyin 2012-ci il üçün fəaliyyət planı təsdiq edilmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 4 mart.- S. 3.