Malayziyanın
sabiq Baş nazirinin xanımı AQUPDK-də olmuşdur
Martın 3-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Azərbaycanda səfərdə olan Malayziyanın sabiq Baş nazirinin xanımı Sit Hasmah Mohamad Ali ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdə komitənin sədri H. Hüseynova Azərbaycanda qadın hərəkatının tarixi və bugünkü vəziyyəti, qurumun fəaliyyəti barədə qonağa ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, AQUPDK fəaliyyətə başladığı dövrdən gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması, uşaq və yeniyetmələrin milli- mənəvi ruhda tərbiyə edilməsi, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində mütəmadi olaraq genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirir. Xalqımızın milli mentalitetinə görə ailə müqəddəs hesab edilir və ailə dəyərlərinin qorunub saxlanılması da əsas məqsədlərimizdən biridir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verən AQUPDK-in sədri torpaqlarımızın bir hissəsinin təcavüzkar erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini, ev-eşiyini itirən bir milyondan çox qaçqın və məcburi köçkünün Azərbaycanda ailə, qadın və uşaq problemlərini yaradan əsas amil olduğunu diqqətə çatdırmışdır.
Xanım Sit Hasmah Mohamad Ali Azərbaycana səfərdən məmnun olduğunu bildirərək, AQUPDK-in fəaliyyətini və ölkəmizdə ailə, qadın və uşaq problemlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirmişdir.
Görüşdə qonağa AQUPDK-in
xüsusi medalı təqdim edilmişdir.
Azərbaycan.- 2012.- 4 mart.- S. 3.