Malayziyanın keçmiş Baş nazirinin xanımı Sehirli ilmələr qalereyasında olmuşdur

 

 Azərbaycanda səfərdə olan Malayziyanın keçmiş Baş naziri Mahathir Mohamadın xanımı Sit Hasmah martın 3-də "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehirli ilmələr" qalereyasında olmuşdur.

Qonağa Azərbaycan xalqının qədim sənətlərindən biri olan xalçaçılıq haqqında geniş məlumat verilmişdir.

Xalça sexi ilə tanış olan qonaq toxuma prosesi ilə maraqlanmışdır.

Burada toxunan xalı-xalça yüksək keyfiyyəti, zəngin çeşidləri ilə fərqlənir. Azərbaycan xalçaları hər zaman dünya muzeylərinin ən nadir eksponatlarından sayılmışdır. Şirvan, Təbriz, Qarabağ, Qazax, Gəncə, Quba xalçalarının hələ orta əsrlərdə Böyük İpək yolu üstündəki bütün ölkələrdə məşhur olduğu, dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayıldığı vurğulanmışdır.

Malayziyalı xanım buradakı boyama sexi ilə tanış olmuşdur. Naxışların incəliyi və yüksək sıxlığı, tərtibatın orijinallığı ilə seçilən xalçaların istehsal prosesi bütün beynəlxalq standartlara cavab verir. İplər təbii rənglərlə boyanır, eskizlər milli naxış və çeşidlərdən götürülür.

Bildirilmişdir ki, "Azərilmə"də toxunan xalçalar beynəlxalq ictimaiyyət tərəfindən də layiqli qiymətini almışdır. "Azərilmə" Avropanın Biznes Assambleyasının "United Europe" və "XXI əsrin liderləri" beynəlxalq imic proqramının "European Quality" (Avropa keyfiyyəti) nüfuzlu mükafatına layiq görülmüşdür.

Burada gördüklərinə valeh olduğunu bildirən Malayziyanın keçmiş Baş nazirinin xanımı Azərbaycan xalçaçılıq sənətinin maraqlı və zəngin tarixi olduğunu söyləmişdir.

Qonağın şərəfinə çay süfrəsi təşkil olunmuşdur.

Xanım Sit Hasmah ölkəmizdə qədim el sənətinə məhəbbətlə yanaşılmasından məmnun qalmışdır.

 

 

Azərbaycan.- 2012.- 4 mart.- S. 3.