Gədəbəy
start götürür
Dövlət Proqramının
icrasında yeni mərhələ başlanıb
Müstəqil Azərbaycan həyatın hər sahəsində uğurla irəliləyir. Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bu barədə ətraflı danışıb və qarşıya konkret vəzifələr qoyub. Konfransın mübariz ruhu dağlar diyarı Gədəbəydə də geniş əks-səda doğurmuşdur.
Soyuq qış ayları arxada qalır. Havalar get-gedə mülayimləşir, vadilərin, çöllərin qarı əriyir. Gədəbəy qışın sərt sınağından uğurla çıxır. İndi hamını yeni ilin vəzifələri, qayğıları düşündürür. Sahibkar yavaş-yavaş sahələrə çıxır. İcra orqanlarının işləri getdikcə çoxalır. Gərək hər yerdə qışın fəsadları tam aradan qaldırılsın, yeni ilin bol məhsulunun etibarlı bünövrəsi qoyulsun. Konfransda qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün rayonda təcrübəli mütəxəssislərdən, ağsaqqallardan ibarət İşçi Qrupu yaradılıb və onun ilk toplantısı keçirilib.
Tədbiri açan ağsaqqal Kərəm Məmmədovun sözləri hamının ürəyindən xəbər verdi: "Elə başlayaq ki, birinci gündən peşman olmayaq sonuncu gündə". Çıxış edən digər natiqlər də dedilər ki, ilk öncə gərək ötən illərin təcrübəsi davam etdirilsin.
Dövlət Proqramının icrası ilə əlaqədar olaraq üç ildə görülən işlər barədə isə rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə ətraflı məlumat verdi. Qeyd olundu ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin çoxu uğurla yerinə yetirilir. Ötən il rayon üzrə sahələrdən 975,8 ton taxıl, 201 min ton kartof götürülüb. İl ərzində 288 min manat ümumdaxili məhsul istehsal olunub ki, bu da 2003-cü ildə olduğundan 4,1 dəfə çoxdur. 2003-cü ildə adambaşına düşən məhsulun həcmi 773 manat təşkil edirdisə, 2011-ci ildə bu rəqəm 3049 manata çatmışdır.
Konfransdakı yekun nitqində Prezident İlham Əliyev demişdir: "Biz keçmişdə özümüzü heç vaxt ərzaq məhsulları ilə təmin etməmişdik. Sovet dövründə ümumxalq təsərrüfatı kompleksi var idi və bütün əsas ərzaq məhsulları başqa respublikalardan gəlirdi. Biz qısa müddət ərzində ciddi dönüş yarada bilmişik".
Fərəli haldır ki, indi Gədəbəy
nəinki özü-özünü ərzaqla təmin edir, həm
də müntəzəm surətdə bazarlara xeyli məhsul
göndərir. Təkcə
keçən il Bakı yarmarkalarına 433 ton kartof, 77,2 ton
kök, 192,6 ton kələm,
22,4 ton pendir, 10,1 ton bal, 8,7 ton armud, 13,2 ton alma, 24,8 ton çuğundur yola salınıb. Bir zaman çox kasıb sayılan Gədəbəy
bu gün respublikamızda ən iri kənd təsərrüfatı
məhsulları istehsalçılarından biri kimi
tanınır.
Digər sahələrdə də rayonun uğurları
diqqəti cəlb edir. Xüsusən abadlıq və quruculuq sahəsində
çox işlər görülür. Prezident İlham Əliyev
bu yerlərə səfəri zamanı göstəriş
vermişdi ki, Gədəbəy-Şəmkir magistral yolu əsaslı
təmir olunsun, sərhəd bölgəsindəki kəndlərə
təbii qaz xətti çəkilsin. Dövlət
başçısının tapşırıqları
uğurla yerinə yetirilir. Gədəbəy-Şəmkir
yolunda əsaslı təmir işləri çoxdan başa
çatıb. Qaradağ-Novosaratovka,
Novosaratovka-Şınıx istiqamətinin xeyli hissəsində
magistral qaz kəməri çəkilib. Böyük
Qaramurad və Şınıx bölgələrindəki kəndlərin
qazlaşdırılması işi davam edir.
Dövlət Proqramının icrası ilə əlaqədar
olaraq son üç ildə onlarca küçəyə asfalt
döşənib, səkilər düzəldilib, binalar təmir
edilib, istinad divarları tikilib. "Şəhidlər
xiyabanı", "Xatirə" kompleksi abadlaşdırılıb.
Nərimankənddə seysmoloji stansiya
üçün bina tikilib. Zəhmətkənddə
gündəlik istehsal gücü 100 ton olan "Mineral su"
fabriki işə salınıb. Təməli Prezident
İlham Əliyev tərəfindən qoyulan
"Aşıqlar evi"ndə, habelə Gədəbəy
Rayon Məhkəməsində, statistika idarəsinin inzibati
binasında, tutumu 10 min ton olan kartof emalı müəssisəsində
son tamamlama işləri görülür.
Gədəbəy dağlı, dərəli təbiətə
malikdir, burada körpü, yol təsərrüfatı
böyük rol oynayır. Dövlət
Proqramına uyğun olaraq İnəkboğan-Qasımlı,
Çobankənd-Arabaçı kəndlərində
körpü-keçidlər quraşdırılıb.
Şahdağ, Söyüdlü, Novosaratovka, Daryurd,
Çalburun, Qoşabulaq, Ərtəpə, Kərimli, Köhnəqışlaq,
Arabaçı, Dəyəqarabulaq və sair kənd yollarında təmir-bərpa
işləri aparılıb. 50 kəndi birləşdirən
strateji əhəmiyyətli "Fındıqlı"
körpüsü yaxın vaxtlarda istifadəyə veriləcək.
Hər yerdə yol təsərrüfatının
salınması üçün qarşıda daha
böyük vəzifələr durur. Prezident İlham Əliyev
konfransdakı yekun nitqində demişdir: "2012-ci və
2013-cü illərdə bu sahəyə daha da böyük məbləğdə
vəsait qoyulacaqdır. Kənd yollarının
tikintisi birbaşa yerli icra orqanlarına
tapşırılmışdır. Onlar bu
işi böyük səmərə ilə və böyük
keyfiyyətlə görməlidirlər. Bu,
böyük məsuliyyətdir, çünki əvvəlki
dövrdə bu işlərlə mərkəzi icra orqanları
məşğul idi. Ancaq mərkəzi
icra orqanlarının digər layihələri vardır.
Onlar əsas diqqəti magistral, şəhərlərarası
yollara yönəltməlidirlər. O ki qaldı kənd
yollarına, yerli icra orqanları bu işləri daha
yaxşı bilir".
Dövlət Proqramında sosial problemlərin həllinə
xüsusi yer ayrılmışdır. Bununla bağlı rayonda xeyli iş
görülmüşdür.
Son 30 ildə mərkəzi rayon poçtamtından
başqa bir poçt binası tikilməmişdi. Əksər
obyektlər yararsız otaqlarda yerləşirdi. Rayonun səkkiz kəndində poçt şöbələri
üçün yeni binalar inşa edilib. 20
yerdə elektron ATS istifadəyə verilib. Hazırda
Gədəbəy-Şəmkir arası FO-20 tipli kabel çəkilir.
Məktəb binalarının inşası sahəsində
Gədəbəy öndə gedir. Son səkkiz ildə rayonda 30 yeni məktəb
binası istifadəyə verilib, 49 məktəb binası əsaslı
təmir edilib, 84-dən artıq əlavə sinif otaqları
tikilib.
Keçən
il Səbətkeçməz kənd tam orta məktəbi və
uşaq gənclər idman məktəbi üçün yeni
binalar inşa olunub, 2 saylı şəhər və Moruxlu kənd
tam orta məktəbləri əsaslı təmir edilib,
Qoşabulaq, Novosaratovka, Slavyanka kənd tam orta məktəbləri
üçün müasir binalar tikilir.
Binalar təzədir, bəs təhsilin keyfiyyəti necə? Toplantıda
bu məsələlər barədə geniş söhbət
getdi. Qeyd olundu ki, hazırda rayonun ümumtəhsil məktəblərində
161 nəfər müxtəlif ixtisasdan olan müəllimlərə
ciddi ehtiyac duyulur. Ən çox da coğrafiya,
xarici dil, riyaziyyat-informatika, kimya-biologiya müəllimləri
çatışmır. Səhiyyə
sistemində də 40 nəfər həkimə ciddi ehtiyac var.
Dövlət Proqramına uyğun olaraq rayonda mədəniyyət
müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi
sahəsində müəyyən işlər
görülüb. Son bir neçə ildə 17 mədəniyyət müəssisəsində
təmir-bərpa işləri aparılıb, Gədəbəy
şəhərində və Novosaratovka kəndlərində
salınmış ulu öndər Heydər Əliyev adına mədəniyyət və istirahət
parkları ziyarətgaha çevrilib.
Konfransın mübariz ruhuna uyğun olaraq toplantıda əsas
diqqət həlli vacib problemlərə yönəldildi. Prezident İlham Əliyev
Nazirlər Kabinetinin yanvarın 16-da keçirilən
iclasında demişdi: "2012-ci il başlayır. 2012-ci ili də uğurla başa vurmaq
üçün biz fəal işləməliyik. Bütün proqramlar vaxtında icra edilməlidir.
Bizim bütün işlərimiz sistemli şəkildə,
proqramlar əsasında aparılır. İlk
növbədə strateji istiqamətlər müəyyən
edilmişdir, düzgün müəyyən edilmişdir.
Bu strateji hədəflərə çatmaq
üçün konkret icra mexanizmləri də vardır -
maliyyə resursları, icra mexanizmləri və əlbəttə
ki, peşəkarlıq. Bu amillər istənilən
məsələnin həlli üçün bizə imkan verəcəkdir".
Dövlət başçısının
tapşırıqları yerlərdə fəaliyyət
proqramına çevrilib. Qışın sərt
günlərində yerlərdə səyyar qəbul
keçirilib. İcra hakimiyyətində və
digər idarə və müəssisələrdə mindən
artıq sakinin müraciəti dinlənilib, qəsəbə və
kəndlərdə icra nümayəndələri ilə, bələdiyyələrlə
görüşlər olub. Vətəndaşlar
tərəfindən yüzlərlə təklif irəli
sürülüb. Bir sıra məsələlər
yerində həll edilib. İşçi
qrupu bütün təklifləri bir daha nəzərdən
keçirərək qaldırılan problemlərin həlli
üçün geniş tədbirlər planı
hazırlanıb.
Bəs şikayət nədər yaranır? Obyektiv səbəblər
çoxdur. Ötən əsrin altmışıncı
illərində çəkilən və istismar müddəti
çoxdan keçən elektrik xətləri və
dayaqlar tez-tez xarab olur, uyğunlaşdırılmış
binalarda yerləşən bəzi xidmət obyektləri
günün tələblərinə cavab vermir. Dərələrdən, təpələrdən
keçən yolları daim yaxşı saxlamaq heç də
asan olmur. Şıdırğı
yağışlar başlanan kimi problemlər yaranır.
Bütün bunların həllinə respublika təşkilatlarının
müdaxiləsi vacibdir. Şikayətlər
isə əsasən rayonun icra orqanlarına ünvanlanır.
İşçi qrupu aid təşkilatların
köməyi ilə bütün bu məsələlərin
vaxtında nizamlanmasına, xüsusən qəzalı vəziyyətdə
olan binaların, xidmət xətlərinin, yolların,
körpü və keçidlərin sahmanlanmasına
çalışır.
İqtisadi məsələlər, abadlıq-quruculuq
işləri isə həmişə olduğu kimi, yenə də
ön plandadır. Gədəbəy yeni ildə yeni start
götürüb. Kamran Rzazadə deyir ki, cari
ildə də Dövlət Proqramına uyğun olaraq rayonun
sosial-iqtisadi inkişafı daha sürətlə davam etdiriləcəkdir.
Havalar açılan kimi, şəhərdaxili küçələr
asfaltlaşdırılacaq, kənd yollarına
çınqıl döşənəcək, "Dərə
Qumlu" yaşayış massivindəki "keçilməz
yol"da körpü-keçid inşa ediləcək. 57 kilometr uzunluğunda olan Gədəbəy-Qaravəlilər
yolu əsaslı şəkildə təmir olunacaq.
Tədbirlər planında digər zəruri məsələlər
də çoxdur. İl ərzində Heydər Əliyev
prospektinin abadlaşdırılması, ulu öndərin
adını daşıyan parkın yenidən qurulması, Heydər
Əliyev Mərkəzinin əsasının qoyulması nəzərdə
tutulub.
Hamının
gözlədiyi xoş işlərdən biri də budur ki,
rayonun mərkəzində Dövlət Bayrağı
meydanı tikiləcək, Prezident İlham Əliyevin iştirakı
ilə təməli qoyulan "Aşıqlar məktəbi"
binası istifadəyə veriləcəkdir.
Qarşıda
həlli vacib olan sosial məsələlər də az deyil. Sərhəd bölgələrindəki
kəndlərin təbii qazla təmin edilməsi işi davam
etdiriləcək. Elektrik enerjisi və təbii
qaz sistemlərinin sayğaclaşdırılması başa
çatdırılacaq.
Məktəb binalarının tikintisi yenə də
ön plandadır. İşçi qrupunun növbəti
toplantısının təhsil şöbəsində
keçirilməsi nəzərdə tutulub. Cari ildə Qoşabulaq, Novosaratovka, Slavyanka və
Samanlıq kənd tam orta məktəblərinin inşası
başa çatdırılacaq və bir sıra digər
işlər görüləcəkdir.
Bəli, dağlar diyarı Gədəbəyin daha
xoş günləri hələ öndədir. Dövlət
başçısı İlham Əliyevin dediyi kimi: "Bizim
yolumuz ədalət yoludur. Yolumuz haqq yoludur,
inkişaf yoludur, tərəqqi yoludur. Biz
bu yolla uğurla gedirik və gedəcəyik".
Əhməd İSAYEV
Azərbaycan.- 2012.- 4 mart.- S. 4.