Nahaq qan yerdə qalmaz

 

 Enli pillələrlə üçüncü mərtəbəyə qalxırıq. Qəhvəyi rəngli qapını nurani bir qadın açır. Mənə yol yoldaşlığı edən məcburi köçkün Rəhman İsmayılovu tanıyıb evə dəvət edir. İçəri keçirik, işıqlı, yaraşıqlı otaqlardır. Pəncərənin tül pərdələri astaca tərpənir. Hər tərəfdə səliqə-sahman hökm sürür. Stolun üstündə bir dəstə gül qoyulub. Rəhman astaca qolumu sıxır:

- Qənirə xanım on bir nəfər can-ciyərini itirib - deyir. - Bu güllər yaz-qış stolun üstündə olur.

Qənirə Hüseynova əvvəlcə özünü toxtaq aparır. O müdhiş gecədən söz düşəndə kövrəlir, gözü yaşarır.

- Neçə gündü səksəkədə idik - deyir.  Yuxumuz ərşə çəkilmişdi. Bir axşam oğlum Elnur postda idi. Gecənin bir vaxtı başı alovlu gəlib dedi ki, ermənilər şəhərə od vururlar. Tələm-tələsik küçəyə axışdıq. Soyuq qılınc kimi kəsir. Qar göz açmağa qoymur. Hamı çaş-baş halda vurnuxur. Qışqıran kim, ağlayan, qarğıyan kim... Tanklar uğuldayır, güllə yağış kimi yağır. Aləm bir-birinə qarışmışdı. Heç bilmədim beş uşaqdan, qardaş-bacıdan, qohum-əqrəbadan kim gəlir, kim qalıb.

Kol-kosu yara-yara Çəkil dağına tərəf qalxırdıq. Azacıq özümə gələndə gördüm ki, Rəsmiyyə ilə Emin yoxdur. Rəsmiyyənin 21, Eminin 17 yaşı var idi. Elə o gedən oldular. Qarlı-palçıqlı dağları aşaraq Şelli kəndinə gəldik. Dedilər ki, qardaşım Hüseyn şəhid olub. O biri qardaşım Zərif də yoxdur. Əmim qızı Maral rəhmətə gedib. Milli Qəhrəman Tofiq Hüseynov və yoldaşı Məxmər itib, tapılmır. Zərifə ana qucağında on iki yaşlı Səxavətin meyitini gətirəndə hamımız sarsıldıq. Beləcə böyük bir nəsil pərən-pərən düşdük. Qohumlu-qaralı on bir nəfər itirdik.

Qənirə xanım çoxlu şəkilləri, albomları göstərir. Vərəqləyirik. Ölüb-itənlər haqqında yana-yana danışır.

- Bir müddət Bərdənin Xan Ərəb kəndində yaşadıq - deyir. - Sonra isə Naftalana gəldik. Bir sınıq-salxaq otağa sığındıq. Ürəyimiz qüssəli, yerimiz narahat... Bir xeyli beləcə yaşadıq.  Möhtərəm Prezident İlham Əliyev sağ olsun. Bizim üçün belə gözəl binalar tikilib, mənzillər verilib. Yoldaşımla birgə burada yaşayırıq. Oğlum Habilinöz ev-eşiyi var.

Söhbətə ara verdi. Fikrini dağıtmaq istəmirik:

- Anaların ahı yerdə qalmaz - dedi. - Namərd düşmən öz payını almalıdır. Torpaqlarımız azad olunmalıdır.

Başqa bir ailəyə baş çəkirik. Razim Mustafayevböyük bir nəslin yeganə yadigarıdır. Bacılarını, qardaşlarını, neçə-neçə yaxın-uzaq qohumunu - Bahaduru, Fəxrəddini, Mikayılı, Tofiqi və qeyrilərini itirib. Şəhid bacısı Aidanın əri Araz Səlimov ölümündən sonra Milli Qəhrəman adını alıb. Razim dözümlüdür, nikbin danışır. "Məni bir şey yandırır ki, dünyanın gözü kor, qulağı kardır. O boyda faciəmizi saya almırlar. Amma atalar demişkən, haqq nazilər, üzülməz. Geci-tezi Xocalı soyqırımının siyasi, hüquqi qiyməti veriləcək. Doğma torpaqlarımıza qayıdacayıq. Kül-külfət yenə çoxalıb. İndi yeddi nəvəm var. Onlardan ən böyüyü Rinad artıq əsgərlikdə xidmət edir.

Başımıza xeyli adam yığışıb. Hər biri neçə-neçə adamın adını çəkir: Məlahət getdi, Arif şəhid olub, Tapdığı da itirdik... Söhbət etmək çox ağırdır. İtkin düşənlər haqqında danışanda "öldü", "rəhmətə getdi" sözlərini dillərinə gətirə bilmirlər. Aradan iyirmi il keçsə də ümidləri üzülmür.

Bu fədakar insanlarda bir qəribə həmrəyliyi də hiss etdim. Kiminlə danışırsansa, öz dərdini söyləməkdən savayı qonşusunu, qohumunu yada salır. Daha böyük cəfakeşlərin, daha çox itki verən nəsillərin adlarının qeyd olunmasını istəyirlər.

Mən bu qəsəbəyə maraqla, həvəslə gəlmişdim. Xocalının məcburi köçkünlərinə göstərilən qayğı və diqqətə bələd idim. Son vaxtlarda həyat şəraitləri xeyli yaxşılaşıb. Amma ürəklərinin niskili, qayğısı, kədəri sovuşmur ki, sovuşmur. Əksinə, görürəm, qəlbləri göynədən acı-ağrı kül altında qalan köz kimi getdikcə alışır, daha gur alovlanır.

Goranboy rayonunun səfalı guşəsində salınmış Yeni qəsəbənin küçələrini gəzirəm. Bir-birindən yaraşıqlı beşmərtəbəli on üç bina inşa olunub. Kəlbəcərin, Ağdamın və Şuşanın məcburi köçkünləri ilə yanaşı, Naftalan şəhərində məskunlaşan xocalılılara da xeyli mənzil verilib. Orta məktəb, uşaq bağçası, inzibati mərkəz, musiqi məktəbi üçün müasir  binalar tikilib, stadion, oyun meydançaları düzəldilib. Küçələrə asfalt döşənib. İşıq, qaz, su problemi həll olunub. Bütün bunlara görə xocalılılar dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. Kiminlə söhbət edirsənsə sözünün əvvəli də, axırı da bu olur.

- Prezidentimiz sağ olsun, min yaşasın bizə hər şərait yaradılıb, amma yenə də gözümüz yolda, qulağımız səsdədir, doğma yurd-yuva üçün burnumuzun ucu göynəyir.

Məcburi köçkünlər dövlət başçısının bu yerlərə səfəri zamanı dediyi sözləri ehtiramla xatırlayırlar. 525 məcburi köçkün ailəsi üçün salınmış məhəllənin açılışı zamanı dövlət başçısı İlham Əliyev böyük inamla dedi ki, "Məndə zərrə qədər şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Ancaq hələ ki, bu mümkün deyildir. Sizin üçün belə gözəl evlər tikilir. Bir daha demək istəyirəm ki, bu, müvəqqəti yaşayış yeridir. Yaxşı yerdir, ancaq müvəqqətidir. Bundan daha gözəl evlər tikiləcəkdir".

Xocalılılar nikbindirlər. Son vaxtlarda bu misilsiz soyqırımının bir sıra sivil ölkələr tərəfindən etiraf edilməsi ürəklərə toxtaqlıq gətirir. Hamı inanır ki, Prezident İlham Əliyevin yeritdiyi müdrik siyasət sayəsində dünya miqyasında Xocalı soyqırımı etiraf ediləcək, torpaqlarımız işğaldan azad olunacaq.

O qanlı gecədə on bir nəfər qohum-əqrəbasını itirmiş Qənirə Hüseynova ilə bir də anım günü Goranboyda təzə salınmış Yeni qəsəbənin mərkəzindəki Xocalı abidəsinin önündə görüşdük. Hər yandan minlərlə adam axışıb gəlmişdi. Qənirə xanım qucağında gül dəstəsi nəvəsinin əlindən tutaraq hüznlə, ehtiramla abidəyə yaxınlaşır.

- Dövlət başçısının müdrik siyasəti sayəsində Xocalı soyqırımının bütün dünyada etiraf edilməsi üçün görülən tədbirlər ürəyimizi dağa döndərir - dedi. - Möhtərəm İlham Əliyevin "Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti"ni həyəcanla oxudum. Bakıda, Türkiyədə, dünyanın bir sıra sivil ölkələrində keçirilən tədbirlərə maraqla, ürək çırpıntısı ilə baxdım. Müdhiş faciənin 20-ci ildönümünün dünya miqyasında bu cür geniş şəkildə qeyd olunması ümidimizi, inamımızı birə min qat artırır. Bir daha yəqin elədim ki, nahaq qan yerdə qalmaz, Xocalı öz doğru-dəqiq qiymətini alacaq, çox keçməz ki, hamımız dədə-baba yurdumuza qayıda biləcəyik.

 

 

 Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 4 mart.- S. 5.