İndi qüvvəmiz də var, qüdrətimiz də

 

Xalqımıza qarşı erməni vəhşiliyinin tarixi 200 ildən də əvvələ gedib çıxır. Bu müddət ərzində ermənilər azərbaycanlılara qarşı dəfələrlə soyqırımı törətmiş, şəhərlərimizi, kəndlərimizi xarabalığa çevirmişlər. Qarşılarına çıxan azərbaycanlıları qanına qəltan edən, uşaqlara, yaşlılara belə rəhm etmədən ağlasığmaz işgəncələr verən erməni faşistləri vəhşicəsinə öldürdükləri insanların meyitlərini təhqir etməkdən, azyaşlı uşaqları və körpələri diri-diri tonqallara atmaqdan, torpağa basdırmaqdan belə çəkinməmişlər.

Təəssüflər olsun ki, bu insan qatillərinin bənzəri olmayan vəhşilikləri obyektivya subyektiv səbəblərdən zaman-zaman "unutdurulmuş", tarixi məqamlar təhrif olunmuşdur. Bu məsələyə böyük ürək ağrısı, vətəndaş yanğısı ilə yanaşan ümummilli lider Heydər Əliyev deyirdi: "Bu hadisələri, onların dərslərini unutmağa bizim haqqımız yoxdur. Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir".

İyirmi il əvvəl törədilən Xocalı faciəsi tarixdə bənzəri olmayan bir soyqırımıdır. Uşağa, südəmər körpəyə, yaşlıya, xəstəyə, əlsiz-ayaqsıza silah qaldırmaq, onları qan içində boğmaq analoqu olmayan vəhşilikdir, cinayətdir. Ta qədimdən aman diləyənə toxunulmayıb, yaralılara tibbi yardım edilib, mülki əhaliyə imkan yaradılıb ki, döyüş meydanından çıxarılsın. Ancaq erməni qaniçənləri, erməni vandalları bu qanunlara  heç vaxt əməl etməyiblər.

Son illərdə Xocalı soyqırımının dünyaya tanıdılması üçün çox böyük işlər görülüb. Bununla bağlı təkcə bu il fevralın 26-da Bakıda, Türkiyədə, ABŞ-da, dünyanın digər ölkələrində Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirləri yada salmaq kifayətdir.

Başqa bir misal. 2004-cü ilin mart ayında İnterpol ilk dəfə soyqırımı, hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərlə bağlı problemlərə həsr olunmuş beynəlxalq konfrans keçirib. Sonralar da bir neçə dəfə belə konfranslar olubxüsusi işçi ekspert qrupu yaradılıb. Beynəlxalq tribunalların, qeyri-hökumət təşkilatlarının, nüfuzlu institutların, iştirakçı ölkələrin nümayəndələrinin dəvət aldığı həmin tədbirlərdə Azərbaycan da fəal iştirak edib, işğal olunmuş ərazilərimizdə beynəlxalq cinayətlərin törədildiyini sübut edən sanballı materiallar təqdim edib, eyni zamanda bu cür cinayətlərin araşdırılmasında İnterpolun əlaqələndirici rolu barədə təşəbbüslə çıxış edib. İnterpol Azərbaycan tərəfdən irəli sürülmüş ittihamlarla razılaşıb və beynəlxalq cinayətlər törətmiş şəxslərin saxlanılması məqsədilə Azərbaycan Respublikasının təqdim etdiyi sənədləri qəbul edərək dünyanın 184 ölkəsinə göndərib.

Şübhəsiz, gec-tez haqq-ədalət öz yerini tutacaq, xalqımıza qarşı cinayət törətmiş hər bir işğalçı, cani, terrorçu layiq olduğu cəzanı alacaq. Odur ki, başımıza gətirilən müsibətləri, faciələri bütün mahiyyəti ilə gələcək nəsillərə çatdırmaq çox vacibdir.

Əslən Xocalıdan olan Emin ali təhsil aldıqdan sonra ordu sıralarında xidmət edirdi. Onunla söhbətimizin bəzi məqamlarını indi də yaxşı xatırlayıram: fevralın 25-dən 26-na keçən gecə dörd yaşlı Emingilin ailəsi Xocalıdan çıxanda dayısı şəhid olub, atası ağır yaralanıb. Böyük müsibətlərdən, çətinliklərdən sonra Ağdamın Çəlik kəndinə pənah gətiriblər. Sonralar o kənd də işğal olunub. Yenə yollar, ayrılıqlar. Bu dəfə Şəkinin Oxud kəndində dayanmalı olublar. İki il Oxudda yaşayandan sonra Bərdənin Vəliuşaqlı kəndində məskunlaşıblar. Eminin ən böyük arzusu Azərbaycanın Milli Qəhrəmanları Əlif Hacıyevin, Tofiq Hüseynovun döyüş yolunu davam etdirmək, qalib Azərbaycan əsgəri kimi Xocalıya daxil olmaqdır.

Əslən Şamaxıdan olan Mail Alıcanov tarix elmləri namizədidir, on iki il Qarabağda yaşayıb. On il Xankəndidə Pedaqoji İnstitutda müəllim, tarix kafedrasının müdiri vəzifələrində çalışıb. 1989-1991-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Şuşa filialına rəhbərlik edib. Xocalıya get-gəli çox olub:

- Çalışdığım illər ərzində ermənilərin hər üzünə bələd oldum: məkrli, hiyləgər, arxadan zərbə vurmağa fürsət gözləyən namərd kimi tanıdım onları. Xankəndidə dislokasiya olunmuş sovetlərdən qalma 366-cı motoatıcı alayı olmasaydı, Xocalı faciəsi baş verməzdi. Çünki həmin ərəfədə ermənilər vahimə içində yaşayırdılar... Bir dəfə Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevlə Xankəndidən Xocalıya gedirdik. Yolda Əlif dedi ki, bunlar bu gün-sabahlıqdır, çıxıb gedəcəklər buralardan. Biz Xocalı aeroportuna çatanda əlləri çamadanlı çoxlu erməni gördük. Əlif Hacıyev aeroportun rəisi idi, dedi ki, görürsüz, çıxıb gedirlər... Ancaq sonralar əfsuslar olsun ki, həm daxili xəyanət nəticəsində, həm də 366-cı alayın birbaşa iştirakı ilə Xocalı qana boyandı...

...1994-cü ilin 26 fevral günü idi. Müdafiə Nazirliyinin Sənədli Filmlər Kinotelestudiyasının çəkiliş qrupu tərkibində döyüş bölgəsində idik. Səhərdən yağış yağırdı. Gün ərzində vacib bir yüksəklik uğrunda döyüş olmalı idi. Məxfilik öz yerində, bizə işarə vermişdilər - çəkiliş üçün. Bir divarın dibinə daldalanıb gözləyirdik. Yağış kəsmək üzrə idi. Başımı qaldırıb yuxarı baxdım. Divarına söykəndiyimiz binanın eyvanından asılmış bayrağımızdan yağış damcılayırdı. Mənzərəni operatorumuz Seyidağa Mövsümlüyə göstərdim. Kameranı bayrağa tərəf çevirib sakitcə pıçıldadı: "Xocalımız üçün bayrağımız da göz yaşı tökür..."

Həmin gün ağlayan bayrağımız döyüşçülərimizin ələ keçirdikləri yüksəklikdə dalğalandı... Düşməndən azad olunan yüksəklikdə bayrağımız dalğalandıqca hamımız sevinirdik.

Gün gələcək, özü tezliklə bizim qələbə bayrağımız Xocalıda, Ağdamda, Şuşada, Laçında, ermənilərin işğal etdikləri digər rayonlarda dalğalanacaq. İndi buna bizim qüvvəmiz çatır, qüdrətimiz .

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2012.- 4 mart.- S. 5.